Məhkəmə qərarları › İş №2(074)-47/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-47/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-47/2022 21.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 189,42 ABŞ dolları əsas, 1159,60 ABŞ dolları faiz, 2707,61 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,75 ABŞ dolları faiz borcu, ümumilikdə 4087,38 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 7600 ABŞ dolları məbləğində kredit verilmişdir. 27.05.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6210,50 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 27.05.2018ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 kredit verilərkən Sədaqət Sədrətdin qızı ilə Bank arasında 23 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********730 saylı 17.02.2021ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmışlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, bankdan götürdüyü kredit üzrə borcunu tam ödəyib. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 23.07.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 25 faizlə 36 ay müddətində 7600 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 23.07.2014-cü il tarixli 340005176/ZM saylı saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 23.07.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüş və zamin olmuşdur. İş materiallarında olan 23.07.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 7,600 ABŞ dollarını təhvil almışdır. İş materiallarında olan 27.05.2015-ci il tarixli 23.07.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əlavə sazışdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6210,50 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 36 ay, kreditin illik faiz dərəcəsi isə 25 % təyin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 27.12.2017-ci il tarixli 2- 1(103)3194/17 saylı qərarının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 23.07.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC-yə 17.03.2021-ci il tarixə 189,42 ABŞ dolları əsas, 1159,60 ABŞ dolları faiz və 2707,61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4087,38 ABŞ dolları borcu vardır. İş materiallarında olan 17.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 16.12.2021-ci il tarixli 9/7344 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin rəyindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 27 may 2018-ci il tarixə (kredit müqaviləsinin müddəti bitdiyi tarixə) 5257,61 ABŞ dolları əsas, 3165,52 ABŞ dolları faiz, 17 mart 2021-ci il tarixə (maliyyə arayışı tarixə) 434,30 ABŞ dolları əsas, 3442,15 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2707,61 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunduğunu nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 100 manat pul cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 189,42 ABŞ dolları əsas, 1159,60 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 30,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1389,77 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar