Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-478/2023 14.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq özündə saxladığı ona məxsus olan 12000 manat pulunun və iddia ərizəsi üçün ödədiyi 126 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin mart ayında həyat yoldaşını itirmiş və iki azyaşlı uşağı ilə birlikdə Şamaxı şəhərinə köçüb, bacısının evində yaşamağa başlamışdır. Onun 10000 manat pulu olub, lakin həm yaşamağa ev, həm də, dolanışıq üçün pul lazım idi. Ünvanlı sosial yardım almaq üçün, sənədlərinin elektron qaydada göndərilməsi üçün Şamaxı şəhəri Gənclər küçəsində fəaliyyət göstərən Vahid İsmayılovun ofisinə gedib, kömək üçün müraciət etmişdir. Əlavə olaraq, ev almaq üçün də, mərkəzi orqanlara oradan müraciət etmişdir. Bir neçə vaxt gözləmiş, amma evdən bir xəbər olmamışdır. Yenə də, Vahid İsmayılovun yanına getmiş və Vahid ona demişdir ki, “yaxınlıqda bir ev var, onu satmaq istəyirlər, danışaraq həmin qiymətə sizin üçün alaram”. Daha sonra, ev sahibi evi həmin qiymətə satmağa razı olduğunu bildirmişdir. O, bacısı ilə gedib evə baxmış, ev Şamaxı şəhərində “Yolkalıq” adlanan ərazidə yerləşirdir. Həmin evin təmirinə nə qədər vəsait lazım olduğunu Vahiddən soruşduqda, sonuncu təxminən 2000 manat tələb olunduğunu bildirmişdir. Həmin pulu da, bacısı toplayıb, ona vermişdir. Həmin pulu da, Vahid İsmayılova özü aparıb vermişdir. Bundan sonra, onlar tələb etdilər ki, Rəna evi sənədləşdirsin. Lakin, Rəna müxtəlif bəhanələrlə evi sənədləşdirməkdən boyun qaçırmışdır. Sonradan məlum oldu ki, həmin ərazidəki evlərin heç bir sənədi yoxdur. Belə olan halda, o, Vahiddən pulunu geri tələb etmiş, sonuncu isə pulu ev sahibinə verdiyini və alıb qaytaracağını demişdir. Xeyli müddət keçməsinə baxmayaraq, Rəna onun pulunu qaytarmamışdır. Bundan sonra, bacısı polisə müraciət etmiş və polisdə aparılan araşdırma zamanı, Vahid də, Rəna da ondan pul aldıqlarını etiraf etmişdirlər. Rəna onun pulunun 8000 manatını Vahiddən aldığını etiraf etmiş, lakin bu belə deyildir. Rəna 12000 manat pulunun hamısını Vahiddən götürmüşdür. Polis şöbəsində şikayətinin mülki xarakterli olduğunu əsas gətirilərək, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etməli olmuşdur. O, pulunun hamısını - 12000 manatı bütövlükdə Cavabdeh tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Şamaxı Rayon Polis X7 müstəntiqi X5 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şamaxı şəhər sakini X2 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək, 2022-ci ilin iyul ayında bacısı İddiaçı torpaq lazım olduğu üçün, Şamaxı şəhər sakini Vahid İsmayılova müraciət etməsini, X12 şəhərində Cavabdeh adına hazır ev olduğunu, həmin evi 12000 manat müqabilində onlara satacağını, Vahid İsmayılovun iş otağında oğlunun və bacısı İddiaçı iştirakı ilə Vahidə 12000 manat pul verməsini, lakin hal-hazıradək Vahidin onlara nə evi verməsini, nə də ki, pulu qaytarmasını göstərmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, X11 onun qohumudur, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. X3 və İddiaçı tanımır, həmin şəxslərlə aralarında münasibət, ədavət olmamışdır. Şamaxı şəhəri, “Yolkalıq” adlanan massivdə 5 sot torpaq sahəsində iki otaqlı evi olmuşdur. Bir neçə il öncə Vahiddən həmin evi almaq istəyən olsa, ona xəbər verməsini xahiş etmişdir. Bir gün Vahid ona zəng edib demişdir ki, “Yolkalıq” adlanan massivdəki evini almaq istəyən var, evi satır, ya yox. O, Vahidə evi satmaq istədiyini, lakin 15000 manata satacağını demiş, Vahid isə evi almaq istəyən Nazəndə və Səmayənin 8000 manat pullarının olduğunu, evə əlavə təmir də lazım olduğunu demişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün, həmin evi 8000 manata satmağa razılıq vermiş və 8000 manat pulu Vahid İsmayılovun iş yerinə gedib götürmüşdür. xx.xx.2023-cü il tarixdə Nazəndə ilə Səmayənin Vahid barəsində Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmələrindən məlumatı olmuşdur. O, Vahidə qeyd olunan evi 8000 manata satmağa razılıq vermiş, Vahid həmin evi 10000 manata satıbsa da, o, dediyi məbləği Vahiddən almış və evi Vahidin hansı qiymətə satmasından maraqlanmamışdır. Beləliklə, araşdırma zamanı, Vahid X1 ilə İddiaçı aldadaraq, 12000 manat pulunu ələ keçirməsi öz təsdiqini tapmamış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisənin məhkəmə müstəvisində həll olunması X4 izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında evin alqı-satqısı barədə razılıq əldə olunaraq, İddiaçı evə görə Vahid İsmayılov adlı şəxsin vasitəsilə Cavabdeh razılaşdırılmış məbləği, yəni 8000 manat pul vermiş, lakin evin sənədləri olmadığından, iddiaçı verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə qanuni əsas olmadan, aldığı pulu qaytarmaqdan imtina etmişdir. Eyni zamanda, müəyyən olundu ki, iddiaçı özünə məxsus olan 12000 manat pulun əsassız olaraq cavabdehdə saxlanıldığı göstərərək, həmin məbləğin cavabdehdən alınmasını tələb etsə də, bu hal nə polis şöbəsində araşdırma zamanı, nədə ki, məhkəmə iclasında öz təsdiqini tapmamış və bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehdə saxlanılan əmlakını tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, cavabdeh iddia tələbinin 8000 manat hissəsini etiraf etdiyindən, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 8000 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-478/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-478/2023
14.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver