Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-481/2020 07.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi x1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 036R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 417,45 ABŞ Dolları məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi x1 iddianı müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 10.04.2015-ci il tarixli 036L**********47 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 03.11.2015-ci il tarixli 036R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29.01.2016-cı il tarixli 036R**********S saylı, 29.02.2016-cı il tarixli 036R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.05.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 2082,55 ABŞ Dolları ödəmiş, onun 417,45 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30.03.2020-ci il tarixə 697 gün üçün hesablanmış faiz borcu 0 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 30.03.2020-ci il tarixə 697 gün üçün hesablanmış cərimə 0 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək izahat verib bildirdi ki, həqiqətən də onun iddiaçıya 417,45 ABŞ Dolları məbləğində kredit borcu vardır. Borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 10.04.2015-ci il tarixli 036L**********47 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 03.11.2015-ci il tarixli 036R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 İddiaçı QSC-dən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 ABŞ Dolları məbləğində kredit almışdır. İş materiallarında olan 29.01.2016-cı il tarixli 036R**********S saylı, 29.02.2016-cı il tarixli 036R**********SA saylı sazişlərdən görünür ki, həmin sazişlərlə 10.04.2015-ci il tarixli 036L**********47 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 03.11.2015-ci il tarixli 036R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan 10.04.2015-ci il tarixli № 036S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 10.04.2015-ci il tarixli 036L**********47 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 24.04.2020-ci il tarixli 6968 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 03.11.2015-ci il tarixli 036R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 30.03.2020-ci il tarixə 417,45 ABŞ dolları əsas borcu vardır. İş materiallarında olan 09.03.2018-ci il tarixli 311 və 312 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 30.04.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh2 kredit müqaviləsi bağlayaraq İddiaçı QSC-dən 2500 ABŞ Dolları məbləğində kredit götürmüş, lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq tam və vaxtında icra etməmişdir. Həmçinin müxtəlif vaxtlarda bağlanmış sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 isə iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi zamin olmuş və üzərinə məsuliyyət götürmüşdür. Öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh2 iddiaçıya 30.03.2020-ci il tarixə 417,45 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 417,45 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 417,45 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-481/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-481/2020
07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver