Məhkəmə qərarları › İş №2(074)-489/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-489/2024

30.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-489/2024 30.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9361 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus “BMC” markalı, “**-BZ-***” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə rayonlara taxıl daşımaqla məşğul olur və cavadeh Cavabdeh oğlu X13 verdiyi etibarnamə əsasında yük avtomobilində sürücü kimi işləmişdir. xx.xx.2018-ci il tarixdə İlkin ilə əlaqə saxlayaraq "xxxx" MMC-dən 28 ton həcmində yükü maşına yükləyərək Biləcəri qəsəbəsində yerləşən taxılın saxlanc yerinə boşaldıb oradan 9280 manat malın pulunu və 81 manat çatdırma pulu olmaqla, cəmi 9361 manat pulu götürüb "xxxx" MMC-yə çatdırmalı idi. O, "xxxx" MMC-nin Hökməli qəsəbəsində yerləşən ambarından 28 ton çəkidə qarğıdalını götürərək DSK yolunda tərəzilərin yanında boşaldaraq oranın işçisi F.Abdullayevdən 9361 manat pulu almışdır. Bu barədə F.Abdullayev ona zəng edərək məlumat vermişdir. O, İlkinə zəng etsə də zəng çatmamışdır. İlkin pulu iddiaçıya çatdırmamış, avtomobili də götürərək getmişdir. xx.xx.2018-ci il tarixdə avtomobili ot bazarının yanında tapıb. Lakin, İlkinin harada olduğu məlum olmamışdır. Pulu da götürərək qaçıb gizlənmişdir. O, bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edib və araşdırma aparılmıışdır. 07 aprel 2018-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Araşdırma aparılarkən İlkinin atası X4 izahatı alınmışdır və həmin vaxt Murad Muradov pulu özünün iddiaçıya qaytaracığı barədə şifahi öhdəlik götürmüşdür. X13 və atası X8 vəfat etmişdir. X9 bir övladı X14 babası X4 himayəsində olmuşdur. X8 əmək pensiyaçısı olduğundan hal-hazırda həmin pensiya ailə başçısının itirlməsi ilə bağlı yetkinlik yaşına çatmayan uşağa ödənilir və onda olan məlumata görə pensiyanın miqdarı 2500 manatdır. Uşaq hal-hazırda nənəsi Cavabdeh himayəsindədir və təyin edilmiş pensiya məbləğini də cavabdeh alır. Göründüyü kimi cavabdeh, X4 vərəsəsidir. Həmçinin ailə başçısının itirilməsi ilə bağlı verilən pensiya məbləği cavabdehin himayəsində olan uşağa təyin edilmişdir. Ona görə də iddiaçıya verilməli olan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yük maşını İlqar Quliyevə məxsus olmuş, İlqar isə ona etibarnamə vermişdir. O, isə öz işçilərinə etibarnamə vermişdir. İlkin Muradova verdiyi etibarnaməni notariusdan əldə edə bilməmişdir. Malın pulunun İlkin Muradova verilməsi barədə hər hansı qəbz olmamış, onlar hamısı bir-birlərini tanıdıqlarından pul verərəkən qəbzə ehtiyac olmamışdır. İlkinin anası Murad pulu qaytaracağına dair şifahi vəd verdiyindən o, bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahat verərək bildirdi ki, Samiri tanıyır. O, 2017-2020ci il tarixlərdə sürücüsü olub. Yük maşını ilə taxıl daşıyırdılar. Onda olan məlumata görə Samirin başqa maşını olmayıb. Onun qolu sınandan sonra, Samir yük maşınını idarə etmək üçün İlkinə vermişdi. O işə gəlməyəndə yük maşınını İlkin idarə etməliydi. İlkinin “BC” kateqoriya sürüclük vəsiqəsi olub. O yük maşınını tək idarə edirdi. Yükləri müxtəlif yerlərdən yığıb anbara aparırdılar. Sonradan eşitmişdir ki, İlkin malın pulunu götürərək getmiş, maşını isə ot bazarının yanına atıb getmişdir. Samir ona bu barədə deyəndən sonra gedib maşını gətirib Samirə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahat verərək bildirdi ki, o, Muradın tanışıdır. Dəfələrlə Samiri görüb. Samir, 2018-2019-cu il tarixlərdə Muradın yanına pulu qaytarması üçün gəlirdi. Muradın tanışı olduğunu deyirdi. Aralarında 10.000 manat pul söhbəti olub. Muradın oğlu İlkinin sürücülük vəsiqəsinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Amma nəqliyyat vasitəsi idarə edən zaman onu görüb. Məhkəmə iclasında iştirak edən şahid X2 izahat verərək bildirdi ki, Samiri tanıyır. Samir, yük daşıyırdı. Malı təhvil verməyə İlkin adlı sürücüsü gəlirdi. Beykəs adında başqa sürücüsü də vardı. Beykəsin qolu sınan zaman yük maşınını İlkin idarə edirdi. Onlar, Samir ilə əlaqə qurandan sonra ödənişi nağd şəkildə sürücüyə ödəyirdilər. Sürücü də, ödənişi Samirə təhvil verirdi. O, həmin vaxtda ümumilikdə 9361 manat pulu İlkinə vermiş. Lakin bu barədə İlkinə qəbz imzalatmamışdır. Samir dediyi üçün o, pulu İlkinə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 izahat verərək bildirdi ki, Samir onun müdiri olub. 2018-ci il tarixdə İlqar ilə işləyirdi. Samir, idarə etmək üçün “**-BZ-***” dövlət qeydiyyat nişanlı yük maşınını ona vermişdi. O, İlkinin sürücülük vəsiqəsinin olduğunu görüb. Maşını axdarmağa o özü də gedib. Samir ona hadisəni danşıb, amma nə qədər puldan söhbət getdiyini bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X11 07 aprel 2018-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməsi, qərarın surətini İddiaçı göndərilməklə ona prokurorluğa və ya məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X4 izahatında oğlu İlkinin Samir adlı şəxsin “BMC” markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində sürücü kömkçisi işlədiyini, xx.xx.2018-ci il tarixdə Samirin ona zəng edərək oğlu İlkinin 9361 manat pulu götürərək çıxıb getdiyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Samir yenidən zəng edərək avtomobili ot bazarının yanında tapdığını bildirmişdir. İlkinin həmin avtomobili idarə etmək hüququ yoxmuş, həmin gün nə səbəbdən İlkinin Samirə məxsus avtomobili sürməsindən məlumatı və hal-hazırda İlkinin harda olduğundan xəbəri yoxdur. İş materiallarında olan diskə baxış keçirilmiş, baxış zamanı İddiaçı televiziya kanalına İlkin Muradovun 10000 manata yaxın pulu və avtomobili qaçırması, 2 gündən sonra avtomobilin tapıldığı İlkin Muradovun isə tapılmadığı barədə müsahibə verdiyi əks olunur. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X16 “BMC YÜK” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə etmək üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı və X3 etibarnamə vermişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X16 “BMC YÜK” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsi ilə bağlı İddiaçı etibarnamə vermişdir. Etibarnamə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şamaxı rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, X9 ölüm akt qeydi Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində qeydə alındığı üçün aidiyyatı üzrə müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində cavabdehin oğlu İlkin Muradovun ona məxsus 9361 manat pulu qaytarmadığını, İlkinin oğlu Murad Muradovun babasının himayəsində olmasını və babası öldüyündən onun pensiyasının hazırda Cavabdeh tərəfindən alındığını əsas gətirərək və İlkin ona verməli olduğu 9361 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı cavabdehin oğlunun ona məxsus 9361 manat pulu götürməsinə dair əsaslı sübutlarını (pulun İlkinə verilməsinaə dair qəbz, İlkinə verilmiş etibarnamə və s.) iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar