Məhkəmə qərarları › İş №2(074)-492/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-492/2024

31.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-492/2024 31.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Atakişiyev Baba Babaş oğlu, iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı yüksək təzyiqli qaz xəttinin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı yüksək təzyiqli qaz xəttinin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, Dədə Qorqud küçəsində yerləşən, onlara məxsus evlərin yaxınlığından keçirilmiş 315 mm-lik qaz xəttinin həmin ərazidən çıxarılaraq, sxemdə göstərilən qaydada çəkilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, onlara Şamaxı Bələdiyyəsinin qərarları ilə Şamaxı şəhəri, Dədə Qorqud küçəsində fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi satılmış və onlar da, həmin torpaq sahəsində ev tikmişdirlər. 2012-ci ildə onların evlərinin yanından 315 mm-lik boru ilə qaz xətti çəkilərkən, evləri mövcud olmuşdur. Həmin qaz xətti çəkilərkən, narazılıqlarını bildirdikdə, onlara narahatçılığa heç bir əsas olmadığı deyilmişdir. Lakin, son illərdə Cavabdeh İB özü problem yaradır. Belə ki, qaz xətti çəkilərkən, onların evləri həmin yerdə olduğu halda, cavabdeh hazırda iddia edir ki, qaz xəttinin olduğu mühafizə zolağında ev tikmişdirlər. Halbuki, bu xətt çəkilənə kimi, həmin yerdə heç bir qaz borusu olmamışdır. Əldə etdikləri sxemə əsasən, qaz xətti ümumiyyətlə həmin yerdən deyil, başqa ərazidən keçirilməli idi. Yəni, podratçı təşkilat qaz xəttini lahiyədə göstərilən ərazidən deyil, başqa ərazidən keçirmiş və nəticədə onların evlərinin yerləşdiyi ərazilərə düşmüşdür. Digər tərəfdən, onlar İcra Hakimiyyətinin 2010- 2012-ci ildə verdiyi sərəncamlarla maraqlandıqda, qaz xəttinin onların sahəsindən keçirilməsi ilə bağlı heç bir sərəncam aşkar olunmamışdır. Hesab edirlər ki, qaz xətti onların evlərinin yaxınlığından qanunsuz olaraq çəkilmişdir. Odur ki, xəttlər çıxarılmalı və xəritədə göstərilən sxem üzrə çəkilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Atakişiyev Baba Babaş oğlu və iddiaçılar İddiaçı2, İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Cavabdeh nümayəndəsi X1 iddia tələbini əsassız hesab edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-85/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq, cavabdehin vəsaiti hesabına sökülməsi tələbi”nə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-116/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh İddiaçı1 tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində Cavabdeh balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 mərtəbəli fərdi yaşayış evinin (inşa olunan tikili) cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, mühafizə zonasından çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, mübahisəsi gedən yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alınmamış, həmçinin, tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur və cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi təqdim edə bilməmiş, tikilinin yaxınlığından qaz xəttinin keçməsini inkar etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməklə, qaz xəttinin istismarından sonra inşa edilməsinə diqqət yetirməmiş, həmin tikilinin mühafizə zonasında tikilməsinə dair verilmiş ekspertiza rəyi ilə razılaşmamasının səbəbini əsaslandırmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2865/2023 saylı qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 89/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı3 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq, cavabdehin vəsaiti hesabına sökülməsi tələbi”nə dair iddiası təmin edilərək, ünvan 1ndə yerləşən torpaq sahəsində cavabdeh İddiaçı3 tərəfindən inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin boşaldılması, ünvan 1ndə yerləşən torpaq sahəsində cavabdeh İddiaçı3 tərəfindən inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin İddiaçı3 öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı Cavabdeh balansında və istismarında olan 315 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-547/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı3 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 90/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq, cavabdehin vəsaiti hesabına sökülməsi tələbi”nə dair iddiası təmin edilərək, ünvan 1ndə yerləşən torpaq sahəsində cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılması, ünvan 1ndə yerləşən torpaq sahəsində cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin İddiaçı2 öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı Cavabdeh balansında və istismarında olan 315 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-461/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-112/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, ünvan 1ndə yerləşən diametri 315 mm-lik polietilen orta təzyiqli dairəvi qaz kəməri 2009cu ildə Cavabdeh İB-nın layihə smeta sənədi əsasında çəkilmiş, 2010-cu ildə istismara verilmiş və hazırda da istismardadır. Göründüyü kimi, hazırda iddiaçılar Şamaxı şəhəri, Dədə Qorqud küçəsində yerləşən, onlara məxsus evlərin yaxınlığından keçirilmiş 315 mm-lik qaz xəttinin həmin ərazidən çıxarılaraq, sxemdə göstərilən qaydada çəkilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin, həmin tikililərə və onun yerləşdiyi torpaq sahələrinə dair hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçıların istifadəsində olan tikintilərin aparılmasına əsas ola biləcək zəruri razılıqların olmaması, həmin tikililərə və onların yerləşdiyi torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərin olmaması və tikililərin yaxınlığından qaz xəttinin keçməsi müəyyən edildiyindən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı yüksək təzyiqli qaz xəttinin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı yüksək təzyiqli qaz xəttinin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar