Məhkəmə qərarları › İş №2(074)-513/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-513/2023

19.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-513/2023 19.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı Şamaxı şəhər Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Şamaxı şəhər Bələdiyyəsinin Cavabdeh qarşı “rezervasiya olunmuş qəbir yerlərinin və dəmir məhəccərlərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şamaxı şəhər Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən özbaşına rezervasiya olunmuş 11 ədəd qəbir yerlərinin və dəmir məhəccərlərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Şamaxı şəhər Bələdiyyəsinin nümayəndəsi X2 iddia ərizəsini müadafiə edərək izahat verib bildirdi ki, Şamaxı şəhərinin cənub hissəsində yerləşən qəbiristanlığın ərazisində tarixi abidə hesab olunan "Şah Xəndan” türbəsinin ətrafında Heydər Əliyev fondunun dəstəyi Avstriyadan dəvət olunmuş beynəlxalq ekspertlərin nəzarəti altında abadlıq, bərpa və konservasiya işləri aparılmış və 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti və Birinci Vitse- Prezidenti tərəfindən görülmüş bərpa və konservasiya işlərinə baxış keçirilməklə tarixi abidə ziyarət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 dekabr tarixli, 522 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların idarə olunması və salınması” qaydalarına əsasən qəbiristanlıqlar bələdiyyələrə təhvil verilmişdir. 2022-ci ilin sonlarında "Şah Xəndan” qəbiristanlığına baxış keçirən zaman müəyyən edilmişdir ki, Cavabdeh anası X3 xx.xx.2002-ci il tarixdə Şamaxı şəhərinin "Şah Xəndan" qəbiristanlığında dəfn etmiş və qəbiristanlıqda özbaşına torpaq sahəsini zəbt edərək 11 (on bir) ədəd qəbir yerlərini rezervasiya etməklə dəmir məhəccərlər quraşdırmışdır. Qeyd olunan rezervasiya işləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında xx.xx.2018-ci il tarixli 522 saylı qərarına zidd olaraq həyata keçirilmişdir. Bu barədə Cavabdeh xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən işin müsbət həlli ilə əlaqədar hər hansı bir tədbir görülmədiyi üçün, xx.xx.2022-ci il tarixdə 169 saylı məktubla Şamaxı rayon Prokurorluğuna müraciət ünvanlanmış və rayon prokurorluğu tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı Şamaxı şəhər Bələdiyyəsinə xx.xx.2022-ci il tarixli 736xid-22 saylı məktubla rəsmi cavab verilmişdir. Qanunsuz olaraq özbaşına zəbt edilmiş 11 (on bir) ədəd rezervasiya edilmiş qəbir yerləri və dəmir məhəccərlər qanuna zidd olduğu üçün Cavabdeh öz vəsaiti hesabına sökülməlidir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə tələb şəxsi qərəzlikdən doğan subyektiv münasibətdir. İlk öncə Şamaxı şəhər Bələdiyyəsinin hazırki iddianı qaldırılmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa həmin qəbiristanlıqda bütün qəbirlərdə demək olar ki, dəmir məhəccərlər mövcuddur. Bu isə abadlıq və qəbirləri qorumaq üçün edilmişdir. Bundan başqa həmin 11 ədəd boş sahə gül-çiçək əkilməsi üçün nəzərdə tutlmuşdur. "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarında da qəbiristanlıqların abadlığını nəzərədə tutan xeyli sayda norma var. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən Cavabdeh verib bildirmişdir ki, qaldırılmış iddia tələbinin heç bir əsası yoxdur və şəxsi qərəzlikdən doğan subyektiv münasibətin nəticəsidir. Belə ki, Şamaxı şəhərinin cənubunda yerləşən şəhər qəbiristanlığında anası Həqiqət Abdulrazaqova 2021-ci ildə dəfn edilmiş və tərəfindən digər məzarlarda olduğu kimi anasının məzarı da dəmir məhəccərlə əhatəyə alınmışdır. Hələ anasının sağlığında yəni 2017-ci ildən oranı çəpərləyib abadlıq işləri görməyə başlamışdır. Həmin dəmir məhəccərin mövcudluğu qəbirüstü abidədən hər hansı oğurluğun qarşısının alınması, həmçinin heyvanların girişinin qarşısının alınması ilə yanaşı eyni zamanda görülmüş abadlıq işlərinin məhv olmaması və görünüşün daha səliqəli olması üçün edilmişdir. Dəmir məhəccərlər qəbiristanlığın və orada yerləşən tarixi abidə olan“ Şah Xəndan”-ın ümumi görünüşünə, giriş-çıxışına heç bir maneə yaratmır və tam əksinə olaraq həmin qəbiristanlığın və tarixi abidənin görünüşünü bir qədərdə yaxşılaşdırır. Bu günə kimi heç bir şəxs bu abadlıq və quruculuq işindən hər hansı formada narazılıq etməmişdir. Həmin dəmir məhəccərlər tarixi abidə olan “Şah Xəndan”-a gedən yolu zəbt etməmişdir. Qaldırılmış bu iddia tələbi tam olaraq qərəzli və şəxsi qərəzlikdən doğan subyektiv münasibətdir. Qəbiristanlıqda demək olar ki, bütün qəbirlərin dəmir məhəccərləri mövcuddur və bu bir növ abadlıq və qoruma anlamı daşıyır. İddia ərizəsində göstərilən 11 qəbrin rezerv olunması barədə qeyd edilənlər isə absurd və heç bir əsası yoxdur, orada göstərilən ot örtüyü ilə daş döşəmənin eksteryeridir və həmin hissələr gül-çiçək əkilməsi üçün nəzərdə tutulmuşdur. “Qəbiristanlıqların salınması və idarə olunması. Qaydalan”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarında da qəbiristanlığın abadlığını nəzərdə tutulan xeyli sayda norma mövcuddur. Tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişaf və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Şəbinə Hacıyevaya bu barədə müraciət edilmiş, tarixi və mədəni abidə olan “Şah Xəndan” türbəsinə hər hansı formada təsirinin olub-olmaması, ona xələl gətirib- gətirməməsi barədə sorğu da verilmişdir. Bundan başqa həmin qərarda göstərilmişdir ki, bu qərar qanuni qüvvəyə minənə qədər olan hallara şamil edilmir. Göründüyü kimi cavabdeh tərəfindən orada abadlıq və çəpərləmə işləri bu qərar qüvvəyə minməmişdən öncə həyata keçirilmişdir və bu halı Bələdiyyənin nümayəndəsi də təsdiq etmişdir. Bundan başqa həmin qərarda Yerli icra hakimiyyəti orqanları bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmələri göstərilmişdir. Lakin həmin qəbiristanlıqların təhvil verilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir və bu bir daha onu göstərir ki, qəbiristanlıq bələdiyyələrə təhvil verilmədiyi üçün Bələdiyyənin hazırkı vəziyyətdə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Bələdiyyəsinin 31 mart 2023-cü 06 nömrəli protokolundan Çıxarışdan görünür ki, Şamaxı Bələdiyyəsinin iclasında qanunsuz olaraq özbaşına zəbt edilmiş 11 (on bir) ədəd rezervasiya edilmiş qəbir yerləri və dəmir məhəccərlər qanuna zidd olduğu üçün Cavabdeh öz vəsaiti hesabına sökülməsi üçün qərar çıxarılması barədə Şamaxı rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçının 07 dekabr 2022-ci il tarixli, Ş- 01-2040 saylı Şamaxı rayon Prokurorluğuna ünvanlanmış arayışdan görünür ki, Şamaxı şəhəri ərazisində “Qəriblər", "Şaxəndan", “Laləzar", “Yəhudi", “Rus”, “Kiçik Xınıslı” və “Böyük Xınıslı" kəndində mövcud olan qəbiristanliqlar Şamaxı bələdiyyəsinin balansındadır. İş materiallarında olan RİHB aparatının Huquq şöbəsinin müdiri Nəsuimi Mənəfov, RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahnəzər Qasımov, Şamaxı bələdiyyəsinin sədri Mürvət Zeynalov, RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçisi (mühəndis) Zaur Mikayılov, Şamaxı bələdiyyəsinin mühasibi Cüməbaba Etibarovun iştirakı ilə tərtib edilmiş 30 yanvar 2019-cu il tarixli aktın surətindən görünür ki, Şamaxı şəhəri ərazisində yerləşən “Yeddi Gümbəz”, “Şah Xəndan", "Böyük Xınıslı", "Kiçik Xınıslı", “Qəriblər”, "Laləzar”, “Yəhudi- Xristian” qəbiristanlıqları “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 nömrəli Qərarının 2-ci bəndinə əsasən Şamaxı bələdiyyəsinə təhvil verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 18 iyul 2023-cü il tarixli məktubundan görünür ki, “Şahəndan” qəbristanlığının və onun ətrafındakı sanitariya mühafizə zonası ərazilərinin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib-edilməməsi ilə bağlı müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi barədə məktubun cavablandırılması məqsədilə tərəfimizdən arxiv və elektron baza xəritə materiallarında araşdırma aparılmışdır. Araşdırma nəticəsində Şamaxı şəhəri yaxınlığında yerləşən “Şahəndan“ qəbristanlığının sanitariya zonası kimi nəzərdə tutulmuş ərazi barədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinin Mədəniyyət Nazirliyi yanında X7, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin Cavabdeh ünvanlanmış 21 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Şeyx Xəndan türbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi (320 inventar nömrəli) kimi dövlət mühafizəsinə götürülmüşdür. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən abidələrin mühafizə zonası abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonasıdır. Hazırda Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən daşınmaz tarix-mədəniyyət abidələrinin, o cümlədən Şeyx Xəndan türbəsinin mühafizə zonalarının hazırlanması istiqamətində müvafiq işlər aparılır. Qeyd olunanları nəzərə alaraq, dəmir məhəccərlərin türbəyə təsirinə abidənin mühafizə zonası hazırlandıqdan sonra münasibət bildirilə bilər. İşin aradılmış hallarından görünür ki, cavabdehin anası Həqiqət Abdulrazaqova 2021-ci ildə Şamaxı şəhərinin cənubunda yerləşən “Şah Xəndan” qəbiristanlığında dəfn edilmiş və cavabdeh tərəfindən 11 ədəd qəbir yeri rezervasiya olunmuş və həmin yerlərin ətrafı dəmir məhəccərlə əhatəyə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasın qəbiristanlıqlar bələdiyyələrə təhvil verilmişdir. Həmin Qaydaların 17.2-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Həmin Qaydaların 18.1-ci bəndinə əsasən qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir. Qeyd edilən Qaydaların 18.2-ci bəndinə əsasən qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydaların 4.6.4-cü yarımbəndi, 5-10-cu hissələri (10.1-ci bənd istisna olmaqla), 19.1-ci və 22.2-ci bəndləri bu Qaydalar qüvvəyə minənədək mövcud olan qəbiristanlıqlara şamil edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin 1-ci hissəsinə əsasən tarixmədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Şamaxı şəhərinin "Şah Xəndan" qəbiristanlığında özbaşına rezervasiya olunmuş 11 (on bir) ədəd qəbir yerləri və dəmir məhəccərlər sökülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Şamaxı şəhərinin "Şah Xəndan" qəbiristanlığında özbaşına rezervasiya olunmuş 11 (on bir) ədəd qəbir yerləri və dəmir məhəccərlər sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar