Məhkəmə qərarları › İş №2(074)-544/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-544/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-544/2022 16.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 8000 (səkkiz min) manat, mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat, cəmi 18000 (on səkkiz min) manat məbləğində vəsaitin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllıəsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 2 il 1 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış olan Cavabdeh ona anadan olduğu Ağdam rayon sakini, ev təmiri ustası kimi təqdim etmişlər. Bu səbəbdən aralarında olan razılaşmaya görə Cavabdeh 2020-ci ilin may ayından ona məxsus, Şamaxı şəhəri H.Cavid küçəsi 19 nömrəli evin 2 saylı mənzilində təmir işləri aparıb, gündəlik işləri yerinə yetirirdi. Bir müddət sonra bilmişdir ki, Cavabdeh 2020-ci ilin iyun ayının əvvəllərindən həmin ilin avqust ayının 13-nə kimi olan aralıqda evindən 14 çeşiddə qızıl-zinət əşyalarını oğurlamışdır. Onun şikayəti üzrə cinayət işi başlanılmış, Cavabdeh məhkum olunmuşdur. Həmin hökmlə tam sübuta yetirilmişdir ki, Cavabdeh qızıl-zinət əşyalarını oğurlamaqla ona xeyli miqdarda ziyan vurmaqla evindən oğurluq cinayəti törətmişdir. Cinayət əməli ilə Cavabdeh ona 11000 (on bir min) manat məbləğində maddi ziyan vurmuşdur. Cinayət işi üzrə ibtidai araşdırma dövründə Cavabdeh tərəfindən ona 3000 (üç min) manat ödəniş edilmişdir. Məhkəməyə verdiyi iddia ərizəsinin Cavabdeh həm özü, həm də valideyni tərəfindən verilmiş vədlər görə baxılmamış saxlanılması barədə ərizə vermiş olmasına baxmayaraq Cavabdeh verdiyi vədlərə əməl etməmiş, vurmuş olduğu ziyana görə ona borclu qaldığı 8000 (səkkiz min) manat məbləği ödəməkdən yayınmışdır. Ona dəymiş maddi ziyanın ödənilməsi barədə Cavabdeh dəfələrlə etdiyi müraciətlər və tələblər nəticəsiz qalmışdır. Ona ziyan yetirilməsi faktı cinayət işinin materialları ilə təsdiq edilmişdir. Cavabdeh ona yetirilmiş olduğu ziyanı bu günədək ödəmədiyi və ödəməkdən yayındığı üçün o ölkə qanunvericiliyinin ona vermiş olduğu hüquqlardan istifadə edərək, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində özünün sağlamlığında fəsadların kəskinləşməsi, xeyli miqdarda maddi vəsaiti itirməyi onu və yaxınlarını sarsıtmış, onda məyusluq hissləri doğurmuş, mənəvi iztirablar, stress hisslər keçirmiş və bu hissləri hələ də keçirir. Bu hadisənin nəticələri onun, yaxınlarının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiya yaratmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Ruslanın əslində ona 8000 (səkkiz min) manat ödənişi qalmış, lakin Ruslan və atasının həmin pulu qısa müddətdə ödəyəcəkləri barədə vədlərə inanaraq onlara 1000 (min) manatı da güzəşt etmişdir. Lakin Ruslan pulu ödəmədiyindən hazırda bütün pulunu tələb edir. Ruslan ona cəmi 300 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, vaxt İddiaçı evindən götürdüyü qızılların bir qismini ona qaytarmış və ümumilkdə 7000 manat borcu qalmış, imkanı olmadığından həmin pulu indiyədək qaytarmamışdır. Həmin puldan 300 manat ödəmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(074)-43/2020 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il 6(altı)ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 avqust 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 14 gün müddət 4 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmış və Cavabdeh üzərində qəti olaraq 2 il 1 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş. Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə zalından həbsdən azad edilmiş. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, cəzasının əvvəli Cavabdeh Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh maddi ziyandan 7000 manat ödənişi qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi Cavabdeh İddiaçı məxsus mənzildən qızıl zinət əşyalarını gizli olaraq talayıb ona maddi ziyan vurmaqla oğurluq etməsi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(074)-43/2020 saylı hökmü sübuta yetirilmiş və Cavabdeh bu əməli nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona müvafiq cəza verilmişdir. Məhkəmə qeyd edir ki, hökmdən də görünür ki, həmin cinayət nəticəsində İddiaçı vurulmuş maddi ziyanın 7000 manatı ödənilməmiş, lakin o. iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən ona 300 manat pul ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, vurulmuş maddi ziyana görə Cavabdeh 6700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi xakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mənəvi sarsıntı keçirməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməmlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6700 (altı min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar