Məhkəmə qərarları › İş №2(074)-544/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-544/2024

13.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-544/2024 13.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin verilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı əmlak və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yeni “Niva” markalı avtomobilin və ya onun dəyəri olan 25000 manat pulun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ona məxsus 5 hektar torpaq sahəsini 50.000 ABŞ dolları və bir yeni “Niva” markalı avtomobilə satmaq barədə razılaşmışlar. Lakin, 48.200 ABŞ dolları vermiş, qalan pulu və avtomobili vermədiyindən, 2 hektar torpaq sahəsinin satılmasına razılıq verməmişdir. 07 iyun 2021-ci il tarixdə cavabdehin təkidi ilə qalan 2 hektar torpaq sahəsini Sərvan İsmayılova satılmasına dair etibarnamə vermişdir. Durasan bildirmişdir ki, qısa vaxt ərzində pulu və “Niva” markalı avtomaşını verəcəkdir. Lakin, buna baxmayaraq, o razılaşmaya əsasən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verib göstərdi ki, İddiaçı əvvəllər də, ona qarşı “Niva” markalı avtomobilin verilməsi tələbinə dair iddia qaldırmışdır. Həmin qərarlarda bu məsələyə baxılmış və bu məsələlərə qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarının 40-cı bəndində bildirilmişdir ki, “Niva” markalı avtomobil müqavilində alqı-satqı barədə Durasan ilə deyil, yəni iddiaçı ilə deyil, Yolçu Qəhrəmanov adlı şəxslə razılaşdığını bütün məhkəmə instansiyalarında bildirmişdir. Belə olan halda, iş üzrə cavab verməli şəxs yəni cavabdeh o, deyildir. Belə olan halda, araşdırılıb qiymət verilmiş məsələlər üzrə onun cavabdeh qoyulmağı, ona qarşı tələb irəli sürülməsi tamamilə cəfəng və əsassızdır. Odur ki, iddia tələbinin ona aid hissəsinə xitam verilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, İddiaçı onlara məxsus torpaq sahəsinə görə 50.000 ABŞ dollarının ödənilməsi ilə bərabər, yeni “Niva” markalı avtomobilin verilməsi barədə cavabdehlə aralarında razılaşma olduğunu göstərsə də, istinad etdiyi hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən yeni “Niva” markalı avtomobilin və ya onun dəyəri olan 25000 manat pulun alınıb, ona verilməsi barədə iddia ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən yeni “Niva” markalı avtomobilin və ya onun dəyəri olan 25000 manat pulun alınıb, ona verilməsi barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar