Məhkəmə qərarları › İş №2(074)-572/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-572/2024

07.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-572/2024 07.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 3100 manat məbləğində pulun və 51 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə qonşuluqda yaşayır. Uzun illərdir ki, bir-birlərini tanıyırlar, yoldaşlıq edirlər. Son illərdə bir yerdə balıq alveri etmişlər. Cavabdeh balıq almış, onun maşını ilə aparıb satmışlar. 2020-ci ildə bir az alver zəifləmişdir. Cavabdeh demişdir ki, “pulum yoxdur bir az borc ver mal alaq sataq, borcunu da, qaytararam, xeyirin də olar”. Birinci dəfə 1200 manat, sonra 900 manat, daha sonra 300 manat, sonra da, 550 manat nağd şəkildə pul vermiş və 265 manat da, yol pulu hesablamışlar. Cəmi ona 3100 manat pul verməlidir. Söz vermişdir ki, 2023-cü ilin iyul ayına kimi borcunun hamısını qaytaracaqdır. Amma qaytarmamışdır. Dəfələrlə zəng etmiş, telefonunu açmamışdır. Evinə getmiş, cavab vermişlər ki, evdə yoxdur, evə gəlmir. Məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh 3100 manat borcunun və ödədiyi 51 manat dövlət rüsumunun alınıb, ona verilməsi brədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəli məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, müxtəlif vaxtlarda iddiaçıdan borc almışdır. Toplam olaraq iddiaçıdan aldığı pulun məbləği 2800 manat təşkil edir. Lakin, hissə-hissə olaraq borcunun bir hissəsini qaytarmış və hazırda borcunun məbləği 1250 manat təşkil edir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında sübuta yetirilmişdir ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan borc alaraq, aldığı pulun cəmi məbləği 2800 manat təşkil etmiş və halhazıradək borcunu qaytarmamışdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 3100 manat borc olaraq pul verdiyini göstərsə də, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Eyni zamanda, cavabdeh iddiaçıdan aldığı pulun məbləğinin cəmi 2800 manat olduğunu etiraf etmişdir. Göründüyü kimi, cavabdeh pul vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla da, məhkəmə baxışında iddiaçının cavabdehə 3100 manat məbləğində borc verməsi və həmçinin, cavabdehin iddiaçıya borcunu qaytarması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və bu hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehdə saxlanılan əmlakını tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2800 manat məbləğində pul və ödənilmiş 48 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2800 manat məbləğində pul və ödənilmiş 48 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar