Məhkəmə qərarları › İş №2(074)-582/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-582/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-582/2025 20.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək göstərmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 86 manat aliment hazırda uşağın saxlanılması üçün çox az bir məbləğdir. Çünki, ərzaq mallarının və geyim əşyalarının qiymətləri çox qalxmışdır. Uşağın təhsil xərcləri də, ona əlavə maddi çətinlik yaradır. Göründüyü kimi, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il, 15 nömrəli qərarının 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinə əsasən, icra icraatı qaydasında alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinə əsasən, icra icraatı qaydasında alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar