Məhkəmə qərarları › İş №2(074)-590/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-590/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-590/2025 13.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığına dəymiş 30.000 manat maddi ziyan, hərbi xidmətə yararsız olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq hərbi xidmətə göndərilməsi ilə əlaqədar, xəstəliyinin ağırlaşmasına və sağlamlığını itirməsinə görə, 10.000 manat sığorta pulu olmaqla, cəmi 40.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci ildə Şamaxı rayonu, Məlikçobanlı kəndində anadan olmuş, iki yaşından anadangəlmə nevroloji xəstə olmuş və 2007-ci ildən X1 “Ensefalopatiya qıcolma tutmaları (tez-tez təkrarlanan) diaqnozu” ilə ambulator və stasionar müalicələr almışdır. Eyni zamanda, xx.xx.2010-xx.xx.2010, xx.xx.2012-xx.xx.2012, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə X1 stasionar müalicələrdə olmuş, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində “Ensefalopatiya, asteno-nevrotik sindrom, qıcolma tutmaları (ayda 3-4 dəfə qıcolma tutmaları) diaqnozu” ilə stasionar müalicədə olmuşdur. xx.xx.2011-ci il tarixdən 18 yaşına kimi xəstəliyi ilə bağlı əlil olmuş və DSMF Şamaxı rayon şöbəsindən hər ay 74 manat müavinat almışdır. xx.xx.2017-ci ildə ilkin hərbi qeydiyyata alınmaq üçün tibbi komissiyadan keçərkən, “Müalicəyə ehtiyacı var” sayılmışdır. Ona Şamaxı rayon çağırış komissiyası tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Bu barədə məlumatları olmasına baxmayaraq, müvafiq xəstəlik və müalicə sənədlərini, “müalicə epikrizlərini cavabdeh Azərbaycan Respublikası SHXÇDX Şamaxı rayon şöbəsinə təqdim etsə də, hərbi komissiyasına çağırılmış və cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hərbi xidmətə yararlı hesab olunub, xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətə çağırılarkən, şikayətlərini bildirməsinə baxmayaraq, hansı maraqdansa, cavabdeh tərəfindən hərbi xidmətə yararlı bilinmiş və həmin hərbi hissəyə həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətə getdiyi müddətdən, dəfələrlə tibb məntəqəsinə müxtəlif ağrılarla, halsızlıq, dözülməz baş ağrıları, qızdırma, yüksək hərarət və ürək bulanması ilə daxil olmuşdur. Axırıncı dəfə Gəncə Hospitalına müxtəlif ağırlaşmalarla daxil olub və oradan da, xx.xx.2023-cü ildə Mərkəzi Hərbi Klinik Hospitala göndərilmişdir. Hərbi xidmət dövründə ondan asılı olmayan səbəblərdən, dərman preparatlarını qəbul etmədiyindən, onda qıcolma tutması olmuş, ixtisaslı müayinə məqsədi ilə, hərbi hissə komandirinin xx.xx.2023cü il tarixli göndərişi ilə Müdafiə Nazirliyinin BKH-na göndərilmişdir. Hərbi-həkim komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və sairə yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 21 b maddəsinin İİ qrafasına əsasən, Sülh dövründə hərbi xidməyə yararsız, müharibə dövründə məhdud yararlı” diaqnozu verilmiş, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə yararsız olması təsdiq olunmuşdur. Hərbi xidmət dövründə müalicəsiz qaldığı üçün, səhhətində ciddi ağırlaşmalar yaranmış və psixoloji travma almışdır. Ona qarşı olunan bu haqsızlığı qəbul edə bilmədiyi üçün, getdikcə daha da aqressivləşmiş və xəstəliyi artıb daha da şiddətlənmişdir. Hazırda kəskin baş ağrılarına dözə bilmir və yuxusu tam pozulubdur. O, cavabdehin təqsirindən, ağır xəstə olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq xx.xx.2023-cü ildə hərbi xidmətə göndərildiyi üçün, müalicə olunmamış, ona görə də, görmə qabiliyyətini də itirirmişdir. Hərbi xidmət dövründə müalicəsiz qaldığı üçün səhhətində ciddi ağırlaşmalar yaranmış və psixoloji travma almış, ona qarşı edilən haqsızlığı qəbul edə bilmir və getdikcə özündən asılı olmayan səbəblərdən aqressivləşir. Xəstəliyi artıb, həddindən artıq aqressiv olmuş, dərmanlarını qəbul etmək istəmir. Baş ağrılarına dözə bilmir, yuxusu pozulub, çox gərgin olmuşdur. Hərbi xidmətdə müalicə olunmadığı üçün və eynəkdən istifadə etmədiyi üçün, görmə qabiliyyəti getdikcə zəifləmiş və görmə qabiliyyətini itirmişdir. X4 adına Göz xəstəlikləri Klinikasının həkimləri gözlərinin təcili əməliyyat olunmasını məsləhət biliblər. Əks təqdirdə görmə qabiliyyətini tam itirəcəyini bildiriblər. Lakin, əməliyyat xərcini ödəməyə onun maddi imkanı yol vermir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin birinci müavini tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmət keçmiş əsgər İddiaçı hərbi hissədə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmət keçmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli 1095 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, “Genealizə idiopatik epilepsiya, nadir epileptik tutmalarla. Sağ gözün sadə hipermetropik, sol gözün qarşıq astiqmatizmi, refraksiya oxlarla sağ gözdə Em və M 0,75 D, sol gözdə Hm 0.5 D və 1,0 D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,8-ə qədər azalması, koreksiya ilə 1,0 (vahid) olmaqla, Sol əng cibinin refension kistası, Bilateral servikal zəncirin limfoadenopatiyası”, sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır hesab edilərək, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı Xidmətin Şamaxı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq rayon hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən, “Hərbi xidmətə yararlıdır. A-4” hesab edilmiş və xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmət dövründə səhhəti ilə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, vaxtından əvvəl ehtiyata buraxılmışdır. Xəstəliyin hərbi xidmətə səbəb əlaqəsi: “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunmuşdur. Barəsində müddətli həqiqi hərbi xidmətə yararlı qərarı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” əsasında qəbul edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 2023-cü ilin iyul çağırışına cəlb olunmuş, tibbi komissiyadan keçən zaman, müayinə üçün Akademik M.Ə.Mirqäsımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmişdir. Həmin xəstəxanadan daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktına əsasən, Diaqnoz: “Veqetativ damar distoniyası” (24 ç A 4) müəyyən edilərək, hərbi xidmətə yararlı hesab edilərək, xx.xx.2023cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə hərbi hissədən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 5 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, Diaqnoz: (G40.3) Generalizə idiopatik epilepsiya, nadir epileptik tutmalarla, müəyyən edilərək HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı “Xəstəliklər cədvəli”nin 21b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə”yə qoşma) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı verilərək, hərbi vəzifələrin ehtiyatına verilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının verdiyi 1095 nömrəli, xx.xx.2023-cü il tarixli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası SHXÇDX-nin Şamaxı rayon şöbəsinin öz işinə biganə, laqeyd və məsuliyyətsiz yanaşması nəticəsində, xəstəliyi daha da ağırlaşmış və səhhətinə ciddi dərəcədə ziyan dəymişdir. Eyni zamanda, Cavabdeh təqsirindən görmə qabiliyyətini tam itirmək təhlükəsi ilə də üzləşmişdir. Cavabdehin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün və öz işinə biganə, laqeyd və məsuliyyətsiz yanaşması nəticəsində, səhhətinə ciddi dərəcədə maddi zərər dəymişdir. Həmin maddi zərəri 30.000 (otuz min) manat məbləğində qiymətləndirir. Eyni zamanda, ona mənəvi ziyan da dəymişdir. Hesab edir ki, sağlamlığına dəymiş 30.000 (otuz min) manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası SHXÇDX Şamaxı Rayon Şöbəsindən məhkəmə qaydasında onun xeyrinə tutulmalıdır. Bu günə kimi cavabdeh tərəfindən onun sığorta pulu da, verilməmişdir. Hesab edir ki, 10.000 (on min) manat sığorta pulu da, cavabdehdən məhkəmə qaydaşında onun xeyrinə tutulmalıdır. Hesab edir ki, onun pozulmuş hüquqları Şamaxı Rayon Məhkəməsində təmin olunmalı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığına dəymiş 30.000 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası SHXÇDX Samaxı rayon şöbəsindən, xidmət müddətində aldığı xəstəliklərlə bağlı qanunsuz və əsassız olaraq hərbi xidmətə göndərilməsi ilə əlaqədar, xəstəliyinin ağırlaşması və sağlamlığının itirməsinə görə, 10.000 (on min) manat sığorta pulunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini əsassız hesab edərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı Xidmətin Şamaxı rayon şöbəsinin hərbi-həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, rayon hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən, “Hərbi xidmətə yararlıdır, A-4” hesab edilmiş və xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmət dövründə səhhəti ilə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, vaxtından əvvəl ehtiyata buraxılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi: “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunmuşdur. İddiaçı barəsində müddətli həqiqi hərbi xidmətə yararlı qərarı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”əsasında qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh iddia tələbinə etiraz ərizəsində göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 2023-cü ilin iyul çağırışına cəlb olunmuş, tibbi komissiyadan keçən zaman, halsızlıqdan, baş ağrısından şikayətini bildirmiş və bunun əsasında Xidmətin Şamaxı rayon şöbəsi tərəfindən 11 nömrəli göndərişlə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmişdir. Həmin xəstəxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3219 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktına əsasən, diaqnoz: “Veqetativ damar distoniyası” müəyyən edilmişdir. Həmin akt Xidmətin Şamaxı rayon şöbəsinin hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, “Xəstəliklər cədvəli”nin 24-cü maddəsinin İ qrafasının ç bəndinə əsasən (24 ç A 4), hərbi xidmətə yararlı hesab edilmiş (24 ç A 4) və xx.xx.2023-cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. Həmçinin, çağırışçılar hərbi hissələrə təhvil verilərkən, hərbi hissələr tərəfindən bir daha yoxlanılır. Cavabdeh öz üzərinə düşən vəzifəni tam yerinə yetirmiş və onların kompensasiya ödəmək kimi öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, İddiaçı müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunması haqqında qərarı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” əsasında qəbul edilmiş və məhkəmə araşdırması nəticəsində, Cavabdeh hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər dəyməsi barədə dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar