Məhkəmə qərarları › İş №2(074)-60/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-60/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-60/2023 23.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: "xxxx" ASC-nin Şamaxı filialı ilə X5 arasında bağlanmış BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 41 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1560 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair arvadı Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin vətəndaş Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməmişdir. "xxxx" ASC tərəfindən X1 vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair xx.xx.2021-ci il tarixli bildirişlə müraciət edilərək, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 (beş) gün müddətində tam ödəməsi xahiş olunmuş, əks təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. X1 vərəsəsi Cavabdeh "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödəyəcəyini öz öhdəsinə götürdüyünü bildirmişdir. "xxxx" ASC-nin Şamaxı filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 620,62 manat, faiz borcu 0,01 manat olmaqla, cəmi borc məbləği 620,63 manat təşkil edir. İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 620,62 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 620,63 (altı yüz iyirmi manat altmış üç qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şamaxı” filialı ilə X5 arasında bağlanmış BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 41 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1560 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2/1014 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik işi arvadı Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 vəfat etdiyi tarixə Banka 620,62 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 620,63 manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərək, xx.xx.2019-cu ildə vəfat etmiş əri X3 qalmış mirası əldə etmək üçün vərəsəlik açdırmışdır. Lakin, vərəsəlik açdırdığına baxmayaraq, heç bir əmlaka sahib deyildir. Övladları yoxdur, tək qadındır. Mərhum ərinin qohumları onu yaşadığı evdən qovublar və o, hazırda kirayədə yaşayır. Vərəsəliklə bağlı notariusa müraciət etdiyi zaman, "xxxx" ASC mərhum ərinin kredit borcunun ödənilməsi ilə bağlı ona bildiriş göndərmişdir. Vərəsəlik açılmamışdan öncə, hər ay müəyyən miqdarda ödənişlər etmişdir. Lakin, bir halda ki, mərhum ərindən qalmış hər hansı bir əmlaka sahib deyil, kredit borcu üzrə ödəniş etməsini əsassız hesab edir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Həmin Qərarda qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Həmin Qərarda qeyd olunur ki, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, qanunvericilikdə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması bir şərt olaraq nəzərdə tutulmuşdur. Digər tərəfdən, müqavilə üzrə borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşımaları qanunvericilikdə nəzərdə tutulmuşdur. Həmçinin, qanunda miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması, onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etməməsi qeyd olunmuşdur. Yuxarıda göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarındakı mövqeyini rəhbər tutaraq, məhkəmə qeyd edir ki, öhdəliyin əmələ gəlməsi üçün Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında müqavilə mövcud olmamış, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit götürmüş X4 ölümündən sonra, vərəsə olan Cavabdeh vəfat etmiş Qəzənfər Xəlilovun hər hansı bir əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamış, bununla bağlı iddiaçı tərəfdən hər hansı bir mötəbər sübut təqdim olunmamış və ümumiyyətlə X4 ölümündən sonra ondan qalmış miras əmlakın dairəsi müəyyən olunmamışdır. Bununla da, X4 ölümündən sonra mirası qəbul etməmiş vərəsə - Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməklə, iddiaçı "xxxx" ASC haqlı olmamışdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin Cavabdeh tələb edilməsi üçün heç bir hüquqi əsas müəyyən olunmadığından, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı BPM**********66 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 620,62 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 620,63 (altı yüz iyirmi manat altmış üç qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar