Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-615/2023 08.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8727 manat maddi ziyan və dövlət rüsumu kimi ödədiyi 117,2 manat olmaqla, ümumillikdə 8844,2 manat məbləğində vəsaitin Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh yol-nəqliyyat hadisə törədərək, idarə etdiyi “Kamaz” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhərində “20 yanvar” dairəsində onun mülkiyyətində olan “Hyundai Elantra” markalı, **- SV-*** dövlət qeydiyyat nişanlı avtomobilini arxadan vurmuş və nəticədə ona 8727 manat maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Kamaz” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Bakı şəhərində, “20 yanvar” dairəsində hərəkətdə olarkən, avtomaşını saxlaya bilməyib, qarşısında olan “Hyundai Elantra” markalı avtomaşınla toqquşmuşdur. Qəza nəticəsində xəsarət alan olmasa da, toqquşduğu avtomaşının bəzi hissələri əzilmişdir. Lakin, maddi vəziyyəti ilə əlaqədar, “Hyundai Elantra” markalı avtomaşının sahibinin tələb etdiyi 8727 manat pulu ödəyə bilməmiş və hazırda da həmin məbləği ödəməyə imkanı yoxdur. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan yol-nəqliyyat hadisəsi barədə toplanmış materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Kamaz 65115 yük” markalı, **-HL-*** və “Hyundai Elantra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə Bakı şəhəri 20 Yanvar dairəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “Kamaz 65115 yük” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan “Start Servis” Mərkəzinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, həmin tarixdə “Hyundai Elantra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzində texniki baxış keçirilmiş və ehtiyyat hissələrinin dəyişdirilməsinə və işçilik xərclərinə görə ümümilkdə 8727 manat məbləğində vəsaitin tələb olunduğu göstərilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 117,20 manat məbləğində dövlət rüsumu ödəmiş və hazırda iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə iddia ərizəsinin verilməsinə görə 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. İş materiallarından göründüyü kimi, iddia qiyməti 8727 manat təşkil edir və iddiaçı dövlət rüsumu olaraq cavabdehdən 107,27 (30+77,27) manat tələb etməli olduğu halda, 117,20 manat pulun ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərə görə 8727 manat və dövlət rüsumu olaraq ödənilmiş 107,27 manat pulun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Vurulmuş zərərə görə 8727 (səkkiz min yeddi yüz iyirmi yeddi) manat və dövlət rüsumu olaraq ödənilmiş 107,27 (bir yüz yeddi manat iyirmi yeddi qəpik) manat pulun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-615/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-615/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver