Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-634/2023 05.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin 7/10 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110 mənzilli binanın 8 saylı mənzilinin 7/10 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində həmin ev yararsız, qəzalı vəziyyətə düşmüş evlərin siyahısına alınmış, bunun əvəzində isə M.Hadi küçəsi 110 mənzilli binanın 8-ci mənzili tikilərək onlara verilmişdir. Lakin, həmin evdə yaşayan cavabdeh heç bir əsas olmadan, evi bütövlükdə öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, şərikli mülkiyyətdə olan qəzalı evin əvəzinə tikilən mənzil sahəsi də, paylara uyğun bölünməli və onların mülkiyyətinə verilməlidir. Yəni, yeni tikilmiş mənzilin 7/10 hissəsi onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçının qardaşı X5 ilə xx.xx.1994-cü ildə ailə həyatı qurmuşdur. Həmin evlilikdən iki övladı vardır. Ailə qurduğu vaxtdan ünvan 1 ünvanında yaşamışlar. xx.xx.2015-ci ildə həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşı vəfat edənədək, evinin bütün kommunal xərcləri mərhum həyat yoldaşı Şakir Məmmədovun adına olub və hamısını vaxtında ödəmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra, evin kommunal ödənişləri onun adına keçmiş və ondan sonra həmin kommunal haqqlarını o, ödəmişdir. Otuz ilə yaxın müddətdə özünü mülkiyyətçi hesab edən iddiaçı hal-hazıradək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamayıb və həmin evdə qeydiyyatda da olmamışdır. ünvan 1 ünvanındakı fərdi yaşayış evinin heç bir sənədi yoxdur. 05 fevral 2019-cu il tarixdə Şamaxıda baş vermiş güclü zəlzələ nəticəsində, övladları və o, həmin evdə olmuşlar. Həmin vaxt ona çox maddi və mənəvi ziyan dəymişdir. Belə ki, evin içərisindəki mebeli və digər qab-qacağının çoxusu sınaraq, yararsız vəziyyətə düşmüşdür. Zəlzələ vaxtı evin özü də yararsız vəziyyətə düşdüyündən və həm də, qorxudan bir neçə ay qohum-əqrabanın evinə sığınmışdırlar. Zəlzələnin baş verdiyi günün səhərisindən etibarən, bir neçə dövlət qurumları sözügedən evə baxış keçirmiş və evin təmirə ehtiyacı olması barədə rəy vermişlər. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə cənab Prezidentin Şamaxıya səfər edərək, əhali ilə görüşən zaman, o, məktub təqdim edib, köməklik istəmişdir. Həmin məktubda ailə başçısını itirdiyini, uzun illərdir ağır poliartrit xəstəliyindən əziyyət çəkdiyini, oğlunun 11-ci sinifdə oxuyarkən, ağır xəstəlik keçirdiyini və həkimlərin ona ağır işlə məşğul olmaq qadağasına baxmayaraq, ailəni dolandırmaq və onun dərmanlarını almaq üçün oğlunun ağır işlərdə çalışmaq məcburiyyətində olmasını yazmışdır. Həmin məktubun yekununda ağır bir xəstənin necə şəraitdə yaşamasını və yaşadığı evə zəlzələdən ciddi ziyan dəyməsini nəzərə alaraq, köməklik göstərilməsini xahiş etmişdir. Həmin günün səhərisi X10 tərəfindən nümayəndə heyəti gəlib, onların vəziyyəti, şəraiti ilə yaxından tanış olub, məktubda yazdıqlarından da, qat-qat çətin və ağır şəraitdə yaşadıqlarına özləri şahid olmuşdurlar. Bunu nəzərə alaraq, X6 və onu Bakı şəhərindəki xəstəxanaların birində bütün müayinə və müalicələrini təmin etmiş, lazımi dərman preparatlarını vermişlər. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin nümayəndələri gələrək, zəlzələdən ziyan çəkmiş evlərinə baxış keçirmişlər və evə ciddi ziyan dəyməsi səbəbindən orada yaşamalarının təhlükəli olduğunu bildirmişlər. Bundan sonra, xx.xx.2019-cu il tarixdə məktubla ona bildirilmişdir ki, X10 tərəfindən onun yeni evlə təmin olunması qərara alınmışdır. Həmin qərar verildikdən sonra, Fond tərəfindən nümayəndələr yenidən gələrək, yeni evlə təmin olunmaları barədə hazırlıq işlərinə başladıqlarını və ondan öz adına torpaq sahəsinin olub-olmamasını soruşmuşdurlar. O, öz adına ayrıca torpaq sahəsinin olmamasını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Şamaxı şəhəri, M.Hadi küçəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlara 110 mənzilli bina tikilir və oradan onlara da ev veriləcəkdir. Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, Şamaxı şəhəri, M.Hadi küçəsində inşa edilmiş 110 mənzilli binanın 8-ci mənzili püşkatma yolu ilə ona verilmişdir. Hazırda həmin mənzil onun xüsusi mülkiyyətindədir. Zəlzələdən zərərçəkmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində o, övladları və mərhum qaynı Məmməd Məmmədovun övladları - Turqut və Tural Mamedovlar qeydiyyatda idilər. Qaynının övladları - Turqut və Tural Mamedovlar notarial qaydada verdikləri ərizələrində dövlət tərəfindən ona verilmiş yeni mənzilə dair heç bir iddialarının olmamasını göstərmişdirlər. Eyni zamanda, İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsində ona yeni tikili binadan mənzil verilməsinə etiraz etmədiyini göstərmişdir. Odur ki, X10 tərəfindən ona verilmiş və xüsusi mülkiyyətində olan Şamaxı şəhəri, M.Hadi küçəsində inşa edilmiş 110 mənzilli binanın 8-ci mənzilində iddiaçının yaşamaq, istifadə etmək və həmin mənzildən pay almaq hüququ yoxdur. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsi xüsusi mülkiyyət növü üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Cəfər Məmmədova ünvanlanmış məktubda göstərilir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş ünvan 1 saylı evə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və ev qəzalı evlər siyahısına daxil edilmişdir. Həmin evin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni inşa olunmuş 110 mənzilli binanın 8 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən, qardaşınızın arvadı Cavabdeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilir ki, xx.xx.2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evinizə ziyan dəyməsi nəzərə alınaraq, X10 tərəfindən Sizə yeni evin tikintisiə qərar verilmişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təbii fəlakət nəticəsində evə ziyan dəyməsi nəzərə alınaraq, Cavabdeh yeni tikili binadan mənzil verilməsinə etiraz etmir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhəri, 8 Noyabr küçəsi, ev 16-18, 20- 22, mənzil 8, (yeni qaydalarla Şamaxı şəhəri, 8 Noyabr küçəsi 16, M 2, mənzil 4 üvnanında yerləşən ümumi sahəsi 83,40 kv.metr olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət növü üzrə Cavabdeh adına qeydə alınmışdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Cavabdeh iddiaçının mərhum qardaşının arvadıdır. Cavabdeh 2019-cu ilin fevral ayının 5-dək övladları ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. xx.xx.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində, evə ziyan dəyilməsi nəzərə alınaraq, qəzalı evin əvəzinə Cavabdeh yeni inşa edilmiş binadan mənzil verilmiş və mənzil xüsusi mülkiyyət növü üzrə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Hazırda cavabdeh öz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində mübahisə predmeti olan evə ziyan dəyməsi nəzərə alınaraq, X10 tərəfindən Cavabdeh yeni inşa edilmiş binadan mənzil verilmiş və həmin mənzil cavabdehin xüsusi mülkiyyətində olduğundan, iddiaçının hazırda həmin mənzilə mülkiyyət hüququnun tanınması üçün əsaslar müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququna malikdir. Məhkəmə hazırkı işlə əlaqədar İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsi və bununla bağlı Avropa Məhkəməsi presendentlərinə istinad etməyi də zəruri hesab edir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, Beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 2 saylı qərarında Azərbaycan Respublikasının 2002-ci il aprelin 15-dən Avropa Konvensiyası və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin yurikdiksiyasının məcburiliyini tanıması göstərilmiş, məhkəmələrə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı Milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyə olunmuşdur. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Avropa Məhkəməsi bu maddənin şərhi ilə bağlı konkret presedentlərdə daşınar və daşınmaz əmlaklara faktiki mülkiyyət hüququnu da bu maddənin müdafiə dairəsinə daxil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110 mənzilli binanın 8 saylı mənzilinin 7/10 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110 mənzilli binanın 8 saylı mənzilinin 7/10 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-634/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-634/2023
05.09.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver