Məhkəmə qərarları › İş №2(074)-64/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-64/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-64/2025 11.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ağacların evindən uzaqlaşdırılması və sanitar qovşağının köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş 3000 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fundamentinin və divarlarının dağılmasına səbəb olan çoxillik ağacların evindən 3 metr məsafəyə uzaqlaşdırılması, evinin yaxınlığında inşa edilmiş sanitar qovşağının sökülərək, köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 68 yaşlı, şəkər xəstəsi olan həyat yoldaşı X1 ilə yaşayır. Özünün də, 70 yaşı var və 2-ci qrup əlildir. Cavabdeh Şamaxı rayonu, Mədrəsə qəsəbəsində Koroğlu küçəsi 9 saylı fərdi yaşayış evində onunla qonşu olaraq yaşayır. Cavabdeh onun fərdi yaşayış evinin arxa və yan divarlarından 50 sm məsafədə iri kök buraxan ağaclar əkmiş, nəticədə həmin ağacların kökləri evinin fundamentini və divarını dağıdaraq, yararsız hala salmışdır. Həmin ağacların yarpaqlarının evinin damına tökülməsi nəticəsində evinin damında çürüntü yaratmış, dam örtüyü xeyli yerdən deşərək və çürüdərək, yağış sularını evinin içərisinə axıdaraq, ev əşyalarını yararsız hala salmış, ona ziyan vurmuşdur. Eyni zamanda, Cavabdeh sanitar və qonşuluqda birgə yaşayış qaydalarına zidd olaraq, evinin yay mətbəxinin sağ yan divarının təxminən 2-3 metr yaxınlığında tualet quyusu qazaraq, iki ildir ki, tualet kimi istifadə edib, iki yaşlı və xəstə, əlil insanı üfunət iyinə qərq etmişdir. Bu səbəbdən, evdə və həyətdə yaşamaq mümkünsüzdür. Bu halın bir çox xəstəliklərə səbəb olacağı labüddür. Dəfələrlə Mədrəsə qəsəbəsi üzrə ərazi dairəsi nümayəndəsinə və Bələdiyyə sədrinə yuxarıda sadalanan qanunsuzluqlar barədə müraciət etmiş və ona bu qanunsuzluqlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı onun qonşusudur. İddiaçı polis şöbəsinə şikayət edərək, həyətindəki ağacların onun evini yararsız hala saldığını göstərdiyi üçün, məcbur olub, ağacları budaqlarını kəsmişdir. Yalnız 1 ədəd fındıq ağacı qalmışdır. Həyətində olan sanitar qovşağı isə cavabdehin yaşayış sahəsinə hər hansı zərər vermir. Həmin sanitar qovşağı cavabdehin evindən 2 metr məsafədə yerləşir. Lakin, bununla belə, fındıq ağacının çıxarılmasına və sanitar qovşağının sökülməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Koroğlu küçəsində yerləşən, ümumi sahəsi 48,4 kv.m. olan 1 mərtəbəli, 11 nömrəli fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqları xx.xx.1999-cu ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 74,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət növündə xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Şamaxı Rayon "xxxx" Müəssisəsi MMC-nin 11 mart 2025-ci il tarixli, 5-75-50/2-48/2025 saylı məktubunda göstərilir ki, ünvan 3 ünvanında olan ağaclara baxış keçirilmişdir. İddiaçı evinin arxasında 4 ədəd ağacın kəsildiyi aşkar edilmişdir. Həyətdə qalan 1 ədəd fındıq kolunun (saçaqlı köklü) evə çox yaxın məsafədə əkildiyi qənaətinə gəlinmişdir. İddiaçı evinə zərər verə bilər. Həmin kolun evdən kənarlaşdırlmasını məsqədəuyğun hesab edilir. Cavabdeh onlarla razılaşmış, həmin kolun evdən kənarlaşdırılmasına etiraz etməmişdir. İş materiallarında olan X4 Sistemlərinin İstismarı İdarəsinin 07 mart 2025-ci il tarixli, 63 saylı məktubunda göstərilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan sanitar qovşağı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarındn 3 metr məsafədə yerləşir və iddiaçıya məxsus fərdi yaşayış evinə hər hansı ziyan vurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Dövlət şəhərsalma norma və qaydalarının, Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1-in 6.12-ci bəndində göstərilir ki, bina, obyekt və qurğulardan ağacın gövdəsinə qədər olan məsafə 5 metr təyin edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sanitar qovşağı inşa edilmiş və ağaclar əkilmişdir. İddiaçı evinə zərər vurulmasını əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin fundamentinin və divarlarının dağılmasına səbəb olan cavabdehə məxsus çoxillik ağacların evindən 3 metr məsafəyə uzaqlaşdırılması, evinin yaxınlığında inşa edilmiş sanitar qovşağının sökülərək, köçürülməsini xahiş etmişdir. Ağacların çox hissəsinin cavabdeh tərəfindən kəsildiyi, yalnız 1 ədəd fındıq ağacının qaldığı və cavabdehin həyətində olan sanitar qovşağının iddiaçının evinə zərər vurmadığı müəyyən edilmişdir. Lakin, hazırda cavabdeh həmin hissədə iddianı qəbul edərək, fərdi yaşayış evinin həyətində olan sanitar qovşağının sökülməsinə və iddiaçının evinə yaxın məsafədə əkilmiş 1 ədəd fındıq ağacının çıxarılaraq, uzaqlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 1 ədəd fındıq ağacının çıxarılmasını və sanitar qovşağının sökülməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan sanitar qovşağı cavabdeh tərəfindən sökülərək, köçürülməli və həmin həyətdə İddiaçı məxsus ünvan 1 ünvanına yaxın məsafədə əkilmiş 1 ədəd fındıq ağacı çıxarılaraq, uzaqlaşdırılmalıdır. Eyni zamanda, iddiaçı tələbində fərdi yaşayış evinin fundamentinin və divarlarının dağılmasına səbəb olan cavabdehə məxsus sahədə çoxillik ağacların olmasını göstərsə də, məhkəmə araşdırması zamanı, yaxın məsafədə olan yalnız 1 ədəd fındıq ağacının iddiaçının evinə zərər verilməsinin mümkünlüyü müəyyən edildiyindən, həmin hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan sanitar qovşağı cavabdeh tərəfindən sökülərək, köçürülsün. Həmin həyətdə İddiaçı məxsus ünvan 1 ünvanına yaxın məsafədə əkilmiş 1 ədəd fındıq ağacı çıxarılaraq, uzaqlaşdırılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar