Məhkəmə qərarları › İş №2(074)-648/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-648/2023

07.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-648/2023 07.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 7872 manat pulun və ödədiyi 99 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “LG” markalı, 50 diaqonallı plazma televizorlarının satışı ilə məşğul olur. Həmin televizorları o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tanışı Cavabdeh hər ay hissə-hissə ödəniş etmək şərtilə razılaşıb satmışdır. Cavabdehə televizorların satışı nəticəsində aşağıdakı vəziyyət yaranıb: xx.xx.2022-ci il tarixdə satdığı televizorun dəyəri 1300 manat olub, alıcı Cavabdeh 700 manat ödəyib, 600 manat borcu qalıb; xx.xx.2022-ci il tarixdə Cavabdeh hər birinin dəyəri 1400 manat olan iki ədəd televizor satmış, bunlardan ona verəcəyi borc qalığı 2009 manatdır; xx.xx.2022-ci il tarixdə dəyəri 1450 manat olan bir ədəd televizoru da Cavabdeh hissə-hissə ödəniş etmək şərtilə satmış, sonuncu 370 manatı ödəsə də, 1080 manat borcu qalıb; xx.xx.2022-ci il tarixdə o, hər birinin dəyəri 1450 manat olmaqla, iki ədəd televizoru Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə satmış, sonuncu bunlardan 800 manat pulu versə də, 2100 manat borcu qalmışdır; xx.xx.2022-ci il tarixdə hər birinin dəyəri 1500 manat olmaqla, Cavabdeh iki ədəd televizor satmış, sonuncu bunlardan cəmi 500 manat pul versə də, 2500 manat borcu qalmışdır; sonuncu dəfə dəyəri 1500 manat olan daha bir ədəd televizoru Cavabdeh hər ay hissə-hissə ödəmək şərtilə satmış, sonuncu bundan 250 manat pulu versə də, ona 1250 manat borcu qalmışdır. Beləliklə, onun Cavabdeh satdığı televizorların ümumi dəyəri 12950 manatdır. Cavabdeh isə ona 3578 manat pul ödəmişdir. Daha sonra, isə xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hərəsində 500 manat olmaqla, Cavabdeh ümumi borcdan cəmi 1500 manat borcunu ona qaytarmışdır. Nəticədə Cavabdeh ondan aldığı doqquz ədəd televizorlar üçün ümumi dəyəri olan 12950 manat puldan ona 5078 manat ödəyib, lakin 7872 manat borcu qalıbdır. O, cavabdehdən ona olan 7872 manat pul borcunu istəyəndə, cavabdeh onun pulunu verməyəcəyini bildirmişdir. Dəfələrlə müraciətlərinə baxmayaraq, Cavabdeh ona olan borcunu qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərdi ki, iddia ərizəsində texniki səhv olaraq cavabdehdən alınmalı olan məbləğin 7872 manat qeyd olunmuş, əslində isə cavabdehin ona olan borcu 7754 manat təşkil edir. Odur ki, iddianın təmin olunaraq, Cavabdeh 7754 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, 2022-ci ilin iyun ayından başlayaraq o, İddiaçı ümumilikdə 12950 manat dəyərində doqquz ədəd “LG” markalı televizoru dəyərini hər ay hissə-hissə ödəmək şərtilə almış, sonrakı müddət ərzində, müxtəlif tarixlərdə cəmi 6750 manat pulu iddiaçıya ödəmişdir. Lakin, sonradan yaranmış maddi çətinliklə əlaqədar, ödənişləri dayandırmalı olmuşdur. Sonuncu ödənişi isə 2023-cü ilin fevral ayında etmiş və hazırda onun aldığı mallara görə 6200 manat borcu qalmaqdadır. Göstərilənlərə əsasən, iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, müxtəlif vaxtlarda, dəyərini hər ay hissə-hissə ödəmək şərtilə, ümumilikdə 12950 manat dəyərində malları nisyə olaraq Cavabdeh satmış, cavabdeh aldığı mallara görə müxtəlif tarixlərdə, hissə-hissə olmaqla, ümumilikdə 6750 manat pulu iddiaçıya ödəmiş və hazırda cavabdeh iddiaçıya 6200 manat borcunun qalmasını etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, göründüyü kimi, cavabdeh iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda malların dəyərini hissə-hissə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malların nisyə almasına dair hüququndan istifadə etmiş, malların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən yaranmış borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı nisyə satılmış mallara görə cavabdehin qalıq borcunun məbləğinin 7754 manat olmasını bildirib, həmin məbləğin cavabdehdən alınmasını tələb etsə də, bununla bağlı hər hansı mötəbər və təkzibolunmaz sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, cavabdeh iddia tələbinin 6200 manat hissəsini etiraf etdiyindən, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 6200 manat pul və ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6200 (altı min iki yüz) manat pul və ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar