Məhkəmə qərarları › İş №2(074)-654/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-654/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-654/2021 14.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində borcun, 110 manat vəkil xərcinin və dövlət rüsumu kimi ödədiyi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12.07.2019-cu il tarixdə cavabdehə ilə Gəncə şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlayaraq ona (qısa müddətə) 30.09.2019-cu il tarixinədək qaytarmaq şərti ilə (notariat depoziti vasitəsi ilə) 8000 (səkkiz min) manat borc vermiş, həmin müqaviləyə əsasən cavabdeh həmin borcu 30 sentyabr 2019-cu il tarixinədək qaytaracağı barədə öhdəlik götürsə də bugünədək həmin borcu ödəməkdən yayınmışdır. Hətta o, dəfələrlə cavabdehdən borcunu qaytarmağı tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək kredit müqviləsi üzrə ona olan 8000 manat borcunu qısa müddətdə qaytaracağına söz versə də həmin borcu qaytarmaqdan yayınmaqda davam edir. Son vaxtlar telefonu belə açmır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh müqaviləyə əsasən götürdüyü öhdəliyə görə 30.09.2019-cu il tarixədən iddiaçıya olan 8000 manat məbləğində olan borcunu qaytarmalı idi. Lakin o, öhdəliyin icrasından yayınmışdır. Həmçinin hal-hazırda 110 manat əlavə olaraq hüquqi yardım üçün xərc və 30 manat dövlət rüsumu ödənilmişdir. Buna görə də nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, müqavilə notariusda bağlanmış, lakin atasının xəstəliyi səbəbindən maddi imkanı olmamış və borcunu ödəyə bilməmişdir. İddiaçıdan hissə-hissə ödəməyi xahiş etsə də, iddiaçı buna razı olmamışdır. Borcundan ayda 300 manat olmaqla ödəyə bilər. Buna görə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 8000 manat məbləğində pulu faizsiz olaraq Cavabdeh 30.09.2019-cu il tarixədək qaytarmaq şərtilə vermişdir. İş materiallarında olan hüquqi yardımın gösrətilməsi haqqında 22.04.2021-ci il tarixli № 231 saylı müqavilədən görünür ki, İddiaçı ilə Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında ona Şamaxı rayon Məhkəməsində hüquqi yardımın göstərilməsi ilə bağlı razılıq əldə edilmiş, razılığa əsasən hüquqi yardımın məbləği 100 manat, order marka pulu 10 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan 22.04.2021-ci il tarixli № 25892 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 15 saylı Vəkil Bürosunun hesabına 110 manat ödəmişdir. İş materiallarında olan 30.04.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, müəyyən edilmiş müddətdə kredit məbləğini ödəməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və hüquqi xidmət xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 110 manat məbləğində hüquqi xidmət xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8000 manat məbləğində borc, 110 manat hüquqi yardım üçün ödənilmiş pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8000 manat məbləğində borc, 110 manat hüquqi yardım üçün ödənilmiş pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar