Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-670/2024 13.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsininin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Buna görə də, aliment tələbinə dair iddia ərisəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)-2574/2017 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınıb, ona verilməsi qət edilmişdir. Hal-hazırda X6 böyümüş, təlabatları artmış, özü uşağın tələbatlarını təkbaşına qarşılamaq qabiliyyətində deyil və Şamaxı Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin məbləği uşağın heç bir təlabatlarının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimum da, dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə, vaxtlı-vaxtında ödəmir. Buna görə də, alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh Azərbycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su ehtiyatları Dövlət Agentliyinin "xxxx" MMC-də Ceyranbatan su anbarı ərazilərinin yaşıllaşdırma idarəsində meşə fəhləsi vəzifəsində işləyir, hazırda əmək haqqısı 800 manat ətrafındadır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddiaçı ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi - Vəkil iddia tələbinə etiraz edərək göstərdi ki, Cavabdeh digər şəxslə yenidən nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü bir övladı anadan olmuşdur. Bununla da, cavabdehin maddi vəziyyətində heç bir yaxşılaşma olmamışdır. Belə ki, o, Azərbycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su ehtiyatları Dövlət Agentliyinin "xxxx" MMC-də Ceyranbatan su anbarı ərazilərinin yaşıllaşdırma idarəsində meşə fəhləsi vəzifəsində işləyir və aylıq əmək haqqısı 460 manat təşkil edir. Şamaxı Rayon Məhkəməsinin qətnaməsi ilə 2017-ci ildə aliment müəyyən ediləndə də, cavabdehin əmək haqqısı 460 manat olmuşdur. Həmçinin, cavabdehin əmək qabiliyyəti olmayan pensiyaçı valideynləri onun himayəsindədir və İ Qarabağ müharibəsinin iştirakçısı olmuş atasının sağlamlığında yaranmış göz xəstəliklərindən müalicə olunması da, əlavə xərclərin çəkiməsinə səbəb olur. Aldığı əmək haqqından hər ay Aytacın saxlanılması üçün 115 manat aliment mühasibatlıq xətti ilə tutulur. Gəlir vergisi və aliment pulu tutulduqdan sonra, ailəsinin istifadəsində hər ay 283.30 manat əmək haqqı qalır. Əmək haqqından qalmış vəsaitdən isə iddiaçının tələb etdiyi alimentin ödənilməsi mümkün deyildir. İkinci övladının da, eyni qaydada saxlanılması uşaq hüquqlarının bərabərliyi baxımından nəzərə alınmalıdır. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)- 2574/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Nəbiyeva (Həsənova) Vəfa Eldar qızı arasında Abşeron rayonu Ceyranbatan qəsəbə İcra Nümayəndəliyində 23 iyul 2011-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 iyul 2011-ci ildə 20 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 19 may 2012ci ildə doğulmuş X1 anası X4 yanında qalması və Cavabdeh 15 dekabr 2017-ci il tarixdən başlayaraq, 19 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınıb, X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. BMT-nin “Uşaq hüquqları Bəyannaməsi”nin 2 saylı prinsipinə əsasən, “uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir”. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hər ay uşağa görə 235 manat məbləğində alimentin cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə, ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən, bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsini təmin etmək baxımından iddiaçının tələbi qismən təmin edilməklə, məhkəmə qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılmalı və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)-2547/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 19 may 2012-ci il təvəllüdlü X1 yetkinlik çatana kimi saxlanılması üçün, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq, dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı aliment alınması tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, cavabdehdən 41,60 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)-2547/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 41,60 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-670/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-670/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver