Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-727/2023 05.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Cavabdeh iştirakı ilə ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və 80 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 6020 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 avqust 2022-ci il tarixində Şamaxı rayonu, Gənclər küçəsində yeləşən mediasiya idarəsində ona qarşı zorakılıq hərəkətləri etməklə sağlanmlığına qəsdən xəsarət yetirmişdir. Belə ki, o ona qarşı qəsdən yumruq və təpiklər vurmaqla bədəninin mextəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq ona sol təpə, ənsə, sağ dirsək, sol said, sağ diz, sol baldır nahiyələrinin qançırları, sağ əlin beşinci barmağının iç səthinin sıyrığı ilə baş beyin silkələnməsi, sol gicgah və göz orbitasının hematomaları ilə nəticələnən sağlanlığın qısa müddətə pozulmasına, sol almacıq və əng sümüklərinin sınıqları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirmişdir. Bundan sonra Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin cinayət işi üzrə Şamaxı rayon Məhkəməsi 1(074)- 11/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökm çıxarmışdır. Hökmə əsasən Azərbaycan respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Şamaxı rayon Məhkəməsinin həmin hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin hadisə vaxtı o, yuxarıda qeyd olunan müxtəlif bədən xəsarətləri alıb. Həmin xəsarətlərlə bağlı ekspertiza keçirilmiş və Ekspert rəyinə əsasən xəsarətlərin dərəcəsi az ağır olmuşdur. Bu xəsarətlərin müayinə və müalicə edilməsi üçün dəfələrlə həkimə müraciət edib, müxtəlif müalicələr alıb, üzündən əməliyyat keçirib. Çənə sümümyünə Almaniyadan gətirilmiş iki implant protez qoyulmuşdur. Bütün bu müalicələrə 6000 ( altı min) manat xərc çəkib. Beləliklə Cavabdeh cinayət əməli nəticəsində ona 6000 ( altı min) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı onun tərəfindən yetirilmiş xəsarətlərlə bağlı müalicəsinə çəkdiyi xərclərə dair sübutlarını təqdim etsə həmin pulu ona ödəyər. Hazırda isə iddiaçı heç bir sübut təqdim etməyib. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(074)-11/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 9 (doqquz) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(105)-230/2023 saylı qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 1(074)-11/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah nahiyyəsinin epidemiral hematoması, sol almacıq, əng sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X3” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müayinə və müalicə xərcləri İcbari Tibbi Sığortanın xidmətlər zərfinə uyğun xidmət göstərilmiş və heç bir məbləğ vətəndaş tərəfindən xəstəxanaya ödənilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Rezonans klinikasında baş-beyin KT müayinəsində olmuş, həmin müayinə üçün 90 azn ödəmişdir. Əlavə olaraq heç bir müalicə ödənişi olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-12.1-ci maddəsinəəsasən tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. 15-12.2-ci maddəsinə əsaəsn ilkin tibbi-sanitariya yardımı, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya yetirilmiş bədən xəsarəti ilə bağlı müalicə xərcləri İcbari Tibbi Sığortanın xidmətlər zərfinə uyğun ödənilmiş, iddiaçı Bədəlov X1 baş-beyin KT müayinəsində olmuş, yalnız həmin müayinə üçün 90 azn onun tərəfindən ödənilmişdir. Buna görə də məhkmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 90 manat pul tutularaq İddiaçı ödənilməli iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 90 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 120 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-727/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-727/2023
05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver