Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-728/2023 18.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 04 dekabr 2014-cü il tarixli 639 saylı “Birgə Borclularla” kredit müqaviləsi üzrə 1857,11 manat əsas borcun, 1024,25 manat faiz borcunun, cəmi 2881,36 (iki min səkkiz yüz səksən bir manat otuz altı qəpik) manat və 48,81 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 Ma ıir oğlu və Cavabdeh3 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 639 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27 %-lə, cəmi 5000,0 (beş min) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən cavabdehlər tərəfindən 24 ay müddətində 5000,0 manat əsas borc və ona hesablanmış 2523.36 manat faiz borcu ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmiş, əsas borcdan 3142,89 manat, faiz borcundan 1499,11 manat ödəniş olmuşdur. Cavabdehlərin “Birgə Borclularla” kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu 1857,11 manat, faiz borcu 1024,25 manat, cəmi 2881,36 (iki min səkkiz yüz səksən bir manat otuz altı qəpik) manat borc təşkil edir. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclular tərəfindən 04 dekabr 2014-cü il tarixli 639 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03 sentyabr 2019-cu il tarixdə olmuş, ondan sonra heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasından iştirak edən Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, qeyd edilən kredit müqaviləsi üzrə iddia müddəti bitmiş, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, kreditin müqaviləsinin müddətinin bitməsindən 3 ildən artıq müddət keçməsi nəzərə alınaraq, iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddianın rədd edilməsini xahiş edi. Məhkəmə iclasından iştirak edən Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, qeyd edilən kredit müqaviləsi üzrə iddia müddəti bitmiş, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, kreditin müqaviləsinin müddətinin bitməsindən 3 ildən artıq müddət keçməsi nəzərə alınaraq, iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddianın rədd edilməsini xahiş edi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 639 saylı kredit müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə, illik 27 faizlə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə “Aqrarkredit SKT” Şamaxı filialına 100 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarına əlavə edilən cavabdehlərin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdehlər iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2016-cı il tarixdən başlanmışdır. Birgə borclular tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 100 manat ödəniş edilsə də iddiaçının mövcud iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 48,81 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 48,81 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-728/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-728/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver