Məhkəmə qərarları › İş №2(074)-738/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-738/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-738/2021 22.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04 iyun 2004-cü il tarixdə doğulmuş X4 və 07 aprel 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhkəməsinin 13.12.2012ci ü tarixli 2(074)-788/2012 saylı qətnaməsinə əsasən onun cavabadeh Cavabdeh qarşı məhkəmə aktı ilə müəyyən edilmiş cəmi 150 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tələbimə dair ilk iddia ərizəsi və həmçinin Cavabdeh ona qarşı məhkəmə aktı ilə müəyyən edilmiş cəmi 150 manat sabit pul məbləğində alimentin azaldılaraq 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Daha sonra onun tərəfindən Şamaxı rayon məhkəməsinin 13.12.2012-ci il tarixli 2(074)-788/2012 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt apellyasiya məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)- 610/2013 saylı qətnaməsinə əsasən onun apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şamaxı rayon məhkəməsinin 13 dekabr 2012-ci il tarixli, 2(074)-788/2012 saylı qətnaməsi qismən, İddiaçı Cavabdeh qarşı məhkəmə aktı ilə müəyyən edilmiş cəmi 150 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq iki uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsinə aid hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia ərizəsi təmin edilmiş, 31 oktyabr 2012-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat sabit pul məbləğində alimentin tutulub 04 iyun 2004-cü il tarixdə doğulmuş X4 və 07 aprel 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, qalan hissədə ilk iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qalan hissədə İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Artıq Sumqayıt Apelyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)- 610/2013 saylı qətnaməsindən uzun müddət keçmişdir. Himayəsində olan övladları 04 iyun 2004-cü il tarixdə doğulmuş X4 və 07 aprel 2006-cı il tarixdə doğulmuş X3 artıq böyümüşlər və onlara xərclənən maddi tələbatlar da artmışdır. Belə ki, uşaqların geyimlərinə, dərs ləvazimatlarına xərclənən pul vəsaitini o, tək çatdıra bilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin tutduğu cəmi 174 manat aliment isə bu xərcləri ödəməyə yetmir. Bundan əlavə oğlu 04 iyun 2004-cü il tarixdə doğulmuş X4 uşaqlıqdan əlildir. Onun müalicəsinə də, çəkilən xərcləri tək başına yerinə yetirməkdə çətinlik çəkir. Bu səbəbdən də, məcbur olub hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, o, anasının yanında qalır. Anası isə onkoloji xəstədir. Cavabdeh Rusiya Federasiyasında usta işləyir. Məhkəmə qətnaməsi ilə tutulmuş 174 manat sabit pul məbləğində aliment uşaqların saxlanılması üçün kifayət etmir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şamaxı rayon Məhkəməsinin 13 dekabr 2012-ci il tarixli, 2(074)-788/2012 saylı qətnaməsi qismən-İddiaçı Cavabdeh qarşı məhkəmə aktı ilə müəyyən edilmiş cəmi 150 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq iki uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsinə aid hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia ərizəsi təmin edilmiş, 31 oktyabr 2012-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat sabit pul məbləğində aliment tutulub 04 iyun 2004-cü il tarixdə doğulmuş X4 və 07 aprel 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilmiş, qalan hissədə ilk iddia ərizəsi təmin edilməmiş, qətnamə qalan hissədə İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ № 083361 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 11.07.2006-cı il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Şirinov”, qadına “Şirinova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 493609 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04.06.2004-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 755441 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07.04.2006-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsi ilə Cavabdeh 04.06.2004-cü il təvəllüdlü X2 və 07.04.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda isə İddiaçı müəyyən olunmuş alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün kifayət etmədiyini əsas gətirərək müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (87 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 8 ildən artıq müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna yaxın məbləğdə, yəni hər ay hər uşağa 130 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin maddi imkanının yaxşı olmaması, işləməməsi və ya qazancının az olması onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay hər uşağına görə 130 manat aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, artıq mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə də uşaqların saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04.06.2004-cü il təvəllüdlü X2 və 07.04.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04.06.2004-cü il təvəllüdlü X2 və 07.04.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar