Məhkəmə qərarları › İş №2(074)-747/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-747/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-747/2021 23.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 556.10 manat əsas və 122,52 manat faiz olmaqla, cəmi 678,62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli 9/6071 saylı ekspert rəyindən görünür ki, 12.04.2019-cu il tarixli 2555sSTB2/19 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" KB ASC-yə olan borcu tam ödənildiyi və 82.80 manat məbləğində artıq ödəniş müəyyən olunmuşdur. Daha sonra iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ödənişlər edildiyini görə dəyişiklik olduğunu, cavabdeh borcunu tam ödədiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 24.05.2021-ci il tarixdə olmuşdur. Hazırki iddia ərizəsi isə 08.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, daha sonra isə iddiaçı məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə ərizə daxil olmuşdur. Qeyd olunanları nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 100 manat da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İddiaçı "xxxx" KB ASC-dən 100 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar