Məhkəmə qərarları › İş №2(074)-758/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-758/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-758/2021 23.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1002,82 manat əsas borc olmaqla, cəmi 1002,82 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Şamaxı” filialı ilə Həsənov Ağasəf İbad oğlu arasında bağlanmış 30.01.2018-ci il tarixli, 5-30.01.2018-002818 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit verilmişdir. X3 İbad oğlu 25.07.2018-ci il tarixdə vəfat etmişdir. Şamaxı regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 16.03.2021-ci il tarixli 1/550 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Həsənov Ağasəf İbad oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 27.11.2019-ci il tarixli, 2V-501 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışa əsasən, Həsənov Ağasəf İbad oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 1002,82 manat əsas borc olmaqla, cəmi 1002,82 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum Həsənov Ağasəf İbad oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.01.2018-ci il tarixli 5-30.01.2018-002818 saylı kredit müqaviləsindən görünür ki, Həsənov Ağasəf İbad oğlu "xxxx" ASC-dən 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan AZ-İ № 946359 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Ağasəf İbad oğlu 25.07.2018-ci ildə “beyin insultu” nəticəsində Şamaxı rayonu, Sabir qəsəbəsində ölmüşdür. İş materiallarında olan 238 vərəsəlik işi nömrəli 27.11.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25.07.2018-ci ildə ölmüş Həsənov Ağasəf İbad oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 1,1438 ha olan torpaq sahəsi üzrə Həsənov Ağasəf İbad oğluna məxsus olan hissədən ibarətdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Həsənov Ağasəf İbad oğlunun 30.01.2018-ci il tarixli 5-30.01.2018-002818 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 29.04.2021-ci il tarixə 1002,82 manat borcu vardır. İş materiallarında olan 02.06.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC hazırki iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Həsənov Ağasəf İbad oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini Həsənov Ağasəf İbad oğluna vermiş, lakin Həsənov Ağasəf İbad oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Həsənov Ağasəf İbad oğlu 25.07.2018-ci ildə ölmüşdür. Həsənov Ağasəf İbad oğlu öldükdən sonra onun arvadı, oğlu və qızı – hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras qoyanın vərəsələri kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum Həsənov Ağasəf İbad oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı – Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən ümumi sahəsi 1,1438 ha olan torpaq sahəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakların dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (1002,82 manat) yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Həsənov Ağasəf İbad oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Odur ki, 1002,82 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və xidmət haqqı cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 "xxxx" ASC ilə Həsənov Ağasəf İbad oğlu arasında bağlanmış 30.01.2018-ci il tarixli 5-30.01.2018-002818 nömrəli kredit müqaviləsinə əsasən 1002,82 manat məbləğində borc, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar