Məhkəmə qərarları › İş №2(074)-779/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-779/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-779/2021 02.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 217,77 manat əsas borc, 1,17 manat faiz borcu və 4,39 manat cərimə və kredit müqaviləsi üzrə 02.10.2020-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 4,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 228,18 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 27 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 21 ay müddətinə 890 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 585 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 06 may 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 25-dək Cavabdeh banka 27 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 217,77 manat əsas borc, 1,17 manat faiz borcu, 4,39 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 223,33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 25 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 27 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 217,77 manat əsas borc, 1,17 manat faiz borcu, 4,39 manat cərimə və kredit müqaviləsi üzrə 02.10.2020-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 228,18 manat borcu vardır. 27 aprel 2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27.04.2019-cu il tarixli № 396-0419-000007 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh “FİNtrend” Bank olmayan Kredit Təşkilatından illik 35 faizlə 21 ay müddətinə 890 manat kredit götürmüşdür. İş materiallarında olan tələbetmə hüquqlarının güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli 0004 saylı müqavilədən görünür ki, “FİNtrend” BOKT ilə "xxxx" İKB ASC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə imzalanmışdır. İş materiallarında olan tələbetmə hüquqlarının güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli 0004 saylı müqaviləyə hüquqların ötürülməsi barədə 06 may 2019-cu il tarixli 585 saylı sazişdən görünür ki, Cavabdeh “FİNtrend” BOKT qarşısında öhdəliklərinin tələbetmə hüququ "xxxx" İKB ASC-yə güzəşt edilmişdir. İş materiallarında olan 22.11.2019-cu il tarixli № **********986800 saylı çıxarışın surətindən görünür ki, qurumun əvvəlki adı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti olmuş, hazırki adı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarında olan 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.04.2019-cu il tarixli № 396-0419-000007 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 217,77 manat əsas, 1,17 manat faiz və 4,39 manat cərimə və 4,85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 228,18 manat borcu vardır. İş materiallarında olan 17.04.2021-ci il tarixli PAİOHTD-6610 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 27.04.2019-cu il tarixli № 396- 0419-000007 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh “FİNtrend” BOKT-dan illik 35 faizlə 21 ay müddətinə 890 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə "xxxx" İKB ASC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə imzalanmışdır. "xxxx" İKB ASC adını dəyişərək İddiaçı ASC olmuşdur. “FİNtrend” BOKT ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 194, 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Odur ki, kredit müqaviləsi üzrə tələb hüququ iddiaçıya güzəşt edildiyindən, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, müqavilə üzrə dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə 4,39 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 217,77 manat əsas, 1,17 manat faiz və 1 manat cərimə, 02.10.2020-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 4,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 224,79 manat borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 217,77 manat əsas, 1,17 manat faiz və 1 manat cərimə, 02.10.2020-ci il tarixdən 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 4,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 224,79 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar