Məhkəmə qərarları › İş №2(074)-78/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-78/2024

09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-78/2024 09.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Vəkil, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması, ümumi mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi və payına uyğun çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması, ümumi mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi və payına uyğun çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması, ümumi mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi və onun payına aid hissədə çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini mərhum atası X5 1965-ci ildə tikdirmişdir. Atası 1972-ci ildə vəfat etmişdir. Atasının sağlığında evin yalnız 1-ci mərtəbəsi tikilmiş və atası 2-ci mərtəbəni tikməmiş vəfat etmişdir. Atasının vəfatından sonra, o, 1975-ci ildən başlayaraq, öz vəsaiti hesabına evin 2-ci mərtəbəsini tikdirib başa çatdırmış, həyətdə hamam, yardımçı tikililər tikdirmiş, həyətə hasar çəkdirmiş və darvaza qoydurmuşdur. Həmin zaman anası xəstə idi, ailədə işləyən ancaq qardaşı İmran və o, olmuşdur. İmranın qazancı ancaq uşaqların saxlanmasına çatırdır. Evin və həyətin tikintisi ilə o, məşğul olmuşdur. Bacı və qardaşları böyüyüb, ailə qurdular və evdən köçdülər, anası isə vəfat etdi. Evdə o və kiçik qardaşı Cavabdeh1 qalmışdırlar. Nəriman ailə qurduqdan sonra, onu evdən çıxarmağa çalışmış və bununla da, aralarında problemlər yaranmağa başlamışdır. Həmin zaman onlar miras əmlakdan onlara çatacaq payı müəyyənləşdirmək qərarına gəlmiş və bacı-qardaşları birlikdə o, vərəsəlik payının müəyyən olunması məqsədilə notariusa müraciət etmişdirlər. Ondan başqa bütün vərəsələr atasından qalan əmlakdan onlara çatası paydan imtina etmişdirlər. Ancaq o, öz payından imtina etməmişdir. Digər vərəsələr imtina ərizələrində onlara çatası paydan kimin xeyrinə imtina etdiklərini göstərməyiblər, yəni sadəcə mirasdan imtina ediblər. Belə olan halda, onların payları qalan vərəsələr arasında bərabər bölünməlidir. Yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qardaşı Nərimanla onun bərabər payları vardır. O, 2008-ci ildə bundan xəbərsiz olaraq “mənzilin bir hissəsinə mülkiyyət hüququnun tanınması və bu hissənin miras əmlaka daxil edilməsi iddiası ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən iddiası təmin olunmuşdur. Sonradan qardaşı Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətə baxılana qədər, qardaşı Nəriman onu Bakı şəhərində yerləşən 1 saylı Psixiatrik Xəstəxanaya yerləşdirmiş və bu vəziyyətdən istifadə edərək, apellyasiya məhkəməsində qətnamənin ləğv olunmasına nail olmuşdur. Hazırda o, Şamaxı Rayon Notariat Ofisindən yuxarıda qeyd etdiyi vərəsəlik işinin surətini almışdır. Həmin vərəsəlik işindən aydın görünür ki, miras əmlakda 1/2 payı var və o, həmin paya uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini əsassız hesab edərək bildirdi ki, atası X5 vəfat etdikdən sonra, atasından miras qalmış Şamaxı şəhəri, Sabir küçəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 6/7 hissəsinin üzərində vərəsəlik hüquqları tanınmış və notariat kontorunda bu barədə ona şəhadətnamə verilmişdir. Həmçinin, bacısı - iş üzrə İddiaçı həmin evin 1/7 hissəsinin üzərində vərəsəlik hüquqları tanınmışdır. 2013-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən, İddiaçı özünə məxsus fərdi yaşayış evinin 1/7 hissəsini ona bağışlamışdır. 2022-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən isə, o, bütövlükdə ona məxsus sözügedən fərdi yaşayış evini oğlu Vüqar Mustafayevə bağışlamış və hazırda həmin əmlak X2 mülkiyyətindədir. Göstərilənlərə əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X6 iddia tələbinə etiraz ərizəsini təqdim edərək göstərmişdir ki, X1 miras qalmış Şamaxı şəhəri, Sabir küçəsində 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 13 saylı fərdi yaşayış evinin 1/7 hissəsinin üzərində xx.xx.2005-ci il tarixdə Şamaxı rayon DNK-da təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı, 6/7 hissəsinin üzərində isə xx.xx.2013-cü il tarixdə Şamaxı rayon DNK-da təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 vərəsəlik hüquqları tanınmışdır. İddiaçı atasından miras qalmış fərdi yaşayış evinin 1/7 hissəsini xx.xx.2013-cü il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında qardaşı Cavabdeh1 bağışlamışdır. Həmin fərdi yaşayış evi bütövlükdə xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 qeyd olunan fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə oğlu Vüqar Mustafayevə bağışlamışdır. Həmin sənədlər notarial qaydada təsdiq olunduğu üçün, mübahisəli evin üzərində hüquqların qeydiyyatı qanunamüvafiq qaydada aparılmışdır. Ona görə də, iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə aid hissədə əsassız hesab edərək, həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təqdim edilmiş notariat sənədlərindən görünür ki, miras qoyan X5 xx.xx.1972-ci ildə ölmüşdür. X3 vəfatından sonra vərəsələri aşağıdakılardır: 1950-ci il təvəllüdlü oğlu İmran Mustafayev, 1954-cü il təvəllüdlü qızı İddiaçı, 1959-cu il təvəllüdlü qızı Elmira Mustafayeva, 1960-cı il təvəllüdlü oğlu İkram Mustafayev, 1962-ci il təvəllüdlü qızı Gülmirə Mustafayeva, 1964-cü il təvəllüdlü qızı Gülzadə Mustafayeva, 1966-cı il təvəllüdlü oğlu Cavabdeh1. Notariat kontoruna verilmiş ərizələrdən görünür ki, vərəsələr (Cavabdeh1 istisna olmaqla) ataları X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət olan əmlakı qəbul etmədiklərini və etmək fikrində olmadıqlarını bildirmiş, eyni zamanda, vərəsə İddiaçı həmin evin 6/7 hissəsindən əl çəkdiyini göstərmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, xx.xx.1972-ci ildə vəfat etmiş X3 vərəsəsi Cavabdeh1 miras əmlak olan ünvan 2 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,9 kv.m. fərdi yaşayış evindən payı 6/7 hissədən, vərəsəsi İddiaçı həmin evdən payı 1/7 hissədən ibarətdir. İş materiallarında olan notariat kontorunda reyestrdə 4Ə-98 nömrə ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli Yaşayış evinin bağışlanılmasına dair müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,9 kv.m. olan 3 otaqdan ibarət yaşayış evinin 1/7 hissəsini qardaşı Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan notariat kontorunda reyestrdə 4Ə-1245 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,9 kv.m. olan 3 otaqdan ibarət yaşayış evini oğlu X4 bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhəri, M.Ə.Sabir küçəsi 13 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128,9 kv.m. olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Beləliklə, işin araşdırırlmış hallarından müəyyən olunur ki, miras qoyan X3 vəfatından sonra, vərəsələr (Cavabdeh1 istisna olmaqla) notariat kontoruna verilmiş ərizələrdə ataları X1 miras qalmış əmlakı qəbul etmədiklərini və etmək fikrində olmadıqlarını bildirmiş, eyni zamanda, vərəsə İddiaçı həmin əmlakın 6/7 hissəsindən əl çəkdiyini göstərmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, X3 vərəsəsi Cavabdeh1 miras əmlakdan payı 6/7 hissədən, vərəsəsi İddiaçı həmin əmlakdan payı 1/7 hissədən ibarətdir. İddiaçı mübahisə predmeti olan ünvan 3 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,9 kv.m. olan 3 otaqdan ibarət yaşayış evinin 1/7 hissəsini qardaşı Cavabdeh1 bağışlamışdır. Həmçinin, Cavabdeh1 mülkiyyətində olan qeyd olunan daşınmaz əmlakı oğlu Vüqar Mustafayevə bağışlamış və hazırda həmin Şamaxı şəhəri, M.Ə.Sabir küçəsi 13 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,9 kv.m. olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. Göründüyü kimi, İddiaçı sərbəst şəkildə öz iradəsini ifadə edərək, notariat kontorunda verdiyi ərizəsində atası X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 6/7 hissəsindən əl çəkdiyini göstərmiş və həmçinin, xx.xx.2013-cü il tarixdə bağlanmış bağışlama müqaviləsi ilə qeyd olunan ünvanda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,9 kv.m. olan 3 otaqdan ibarət yaşayış evinin özünə məxsus 1/7 hissəsini Cavabdeh1 bağışlamışdır. Hazırda isə mübahisə predmeti olan daşınmaz əmlak iş üzrə tərəf olmayan, üçüncü şəxsin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusu nəzərə alınmaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması, ümumi mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi və payına uyğun çıxarışın verilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması, ümumi mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi və payına uyğun çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar