Məhkəmə qərarları › İş №2(074)-78/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-78/2025

24.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-78/2025 24.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 5600 manat borcunun və ödənilmiş 76 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə Cavabdeh sonuncuya məxsus 6 hektar torpaq sahəsini 10600 (on min altı yüz) manata ona satılmasına razılaşmışdırlar. Cavabdeh əvvəlcə ondan 5600 (beş min altı yüz) manat pul almış və demişdir ki, qalan 5000 (beş min) manat pulu da hissə-hissə verməyinə razıdır. Cavabdeh ona bildirmişdir ki, “torpaq sahəsi artıq sənindir, ək-becər”. O da, həmin torpaq sahəsini 2 il əkib-becərmiş və heç bir problemlə üzləşməmişdir. Verdiyi 5600 manat pulun müqabilində, cavabdeh adına olan sözügedən torpaq sahəsini onun adına keçirilməsinə dair müəyyən sənədləşmə işləri aparmalı idi. Lakin, cavabdeh torpağın onun adına sənədləşdirilməsinə dair heç bir iş görməmişdir. Ona görə də, hər dəfə cavabdehdən torpağın alqı-satqı yolu ilə rəsmi qaydada ona satılmasını və elə həmin anda qalan 5000 manat pulu da, dərhal ona verəcəyini bildirmişdir. Həmin ərəfələrdə cavabdeh ona demişdir ki, 500 (beş yüz) manat da, o vaxtlar Qobustan rayonunda notarius işləyən Tofiq adlı şəxsə verməlidir ki, torpağın onun adına keçirilməsi üçün lazımi sənədləşməni qaydaya salsın. Odur ki, o, 500 manatı da, Tofiq adlı şəxsə vermişdir. Lakin, yenə də, torpağın onun adına sənədləşdirilməsi işləri aparılmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh razılaşdıqları torpaq sahəsini başqasına satmışdır. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia qaldıraraq, ilk iddianın rədd olunması, cavabdehdən 900 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhər sakini mərhum X1 ilə ortaq olaraq Şamaxı rayonu Qızmeydan kəndində 26 ha təsərrüfat təyinatlı əkin sahələri var idi. O və mərhum X3 rayon Qızmeydan kənd sakini İddiaçı 2018-2019-cu illərdə Qızmeydan kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsindən 26 ha sahədən 6 ha sahəni hər hektarını 2 min manata satmışdırlar. Yolçu Qəhrəmanov 2020-ci ildə vəfat etmişdir. 2021-2022-ci illərdə İddiaçı onunla görüşüb demişdir ki, “Qızmeydan kəndi ərazisindəki 20 ha kənd təsərrüfat təyinatlı torpağını özün əkib becərməyəcəksən, ver mən əkim, sənin də, hörmətini edərəm”. O, da səhhəti yol vermədiyinə görə, həmin il əkin əkmək fikri yox idi. Odur ki, 20 ha təsərrüfat təyinatlı əkin sahəsini aralarındakı şifahi razılaşma əsasında iki illik əkmək üçün İddiaçı icarəyə vermişdir. Xəlillə razılaşmışdır ki, əkmək üçün verdiyi 20 ha əkin sahəsinin hər hektarı üçün hər il 150 manat ona pul ödəyəcəkdir. İddiaçı iki il həmin torpaq sahəsini əkib becərmiş və öz deməsinə görə, bu iki ildə 100 min manat xeyir götürmüşdür. Ona da iki ildə bir neçə dəfə cəmi 5100 (beş min yüz) manat pul vermişdir. İddiaçı bildirmişdir ki, iki il üçün razılaşdıqları kimi ona 6000 manat pul verməlidir, əlavə olaraq 900 (doqquz yüz) manat da verməlidir. Lakin, Xəlil müxtəlif bəhanələr gətirib, 900 manatı verməkdən yayınmışdır. İddiaçı ondan 5100 manatı pulu geri istədikdə, o, bildirmişdir ki, əksinə ona 900 manat pul verməlidir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddianı müdafiə edərək bildirdi ki, iddia ərizəsinin məzmununda yanlışlığa yol verərək, Cavabdeh 6 ha torpaq sahəsinin alqısatqısına görə 5600 manat pul verdiyini göstərmiş, əslində isə o, 5100 manat pulu cavabdehə, sənədləşmə işlərinə görə isə 500 manat pulu Tofiq adlı notariusa vermişdir. Lakin, o, cavabdehdən 20 ha torpaq sahəsini icarəyə götürməmiş və icarə haqqı olaraq iki il ərzində 6000 manat pulun ödənilməsi barədə cavabdehlə aralarında danışıqları olmamışdır. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, təmin olunmasını, ilk iddianın isə rədd edilməsini xahiş etdi. Cavabdeh əlavə olaraq bildirmişdir ki, başqa bir torpaq sahəsinin alqı-satqısına görə İddiaçı 5100 manat pul qəbul etmiş, lakin sənədləşmə işləri uzandığına görə, danışıqları baş tutmamış və İddiaçı ondan verdiyi 5100 manat pulu geri tələb etmişdir. O da, 20 ha torpaq sahəsinin icarəsinə görə, İddiaçı ona 6000 manat ödəməli olmasını əsas gətirərək, pulu qaytarmaqdan imtina etmiş və əksinə İddiaçı 900 manat qalıq borcunu tələb etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olmuş, İddiaçı ilkin olaraq torpaq sahəsinin alınması məqsədi ilə 5100 manat pulu Cavabdeh vermiş, qalan 5000 manat pulu isə torpaq sahəsinin sənədləşmə işləri bitdikdən sonra cavabdehə ödəməli idi. Lakin, sonradan danışıqları baş tutmadığından, iddiaçı pulunu geri tələb etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı 5100 manat pulu qəbul etdiyini bildirsə də, həmin məbləği başqa bir torpaq sahəsinin icarəsinə görə əvəzləşdirib, əksinə iddiaçının ona 900 manat borcunun qaldığını göstərmişdir. Məhkəmə hesab edir ki, işin xarakteri və tərəflər arasındakı qarşılıqlı münasibətlər nəzərə alınmaqla, mübahisənin maddi hüquqi əsası kimi alqı-satqı haqqında ümumi müddəalara istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı torpaq sahəsinə görə ödədiyi 5100 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından göründüyü kimi, ilk iddia üzrə İddiaçı torpaq sahəsinin sənədləşməsinə görə notariusa ödədiyi 500 manat pulun Cavabdeh ona qaytarılmalı olduğunu, eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ona 900 manat borcunun olmasını göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün və qanuni əsaslar müəyyən edilmədiyindən, qarşılıqlı iddia təmin edilə bilməz. Həmçinin, ilk iddia üzrə iddiaçı tələbinin 500 manat hissəsini sübuta yetirə bilmədiyi üçün, ilk iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 5100 manat məbləğində pul və ödənilmiş 71 manat dövlət rüsumunun əvəzi alınaraq, ilk iddia üzrə İddiaçı verilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 5100 manat məbləğində pul və ödənilmiş 71 manat dövlət rüsumunun əvəzi alınaraq, ilk iddia üzrə İddiaçı verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar