Məhkəmə qərarları › İş №2(074)-790/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-790/2022

15.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-790/2022 15.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız saxlanılmış pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız olaraq özündə saxladığı ona məxsus olan 820 manat pulun və iddia üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində qeydiyyatda olsa da faktiki olaraq Şamaxı şəhərində yaşayır. Yaşadığı ev atasına məxsusdur. Bu ilin aprel ayının ortalarında avtomaşınla gedərkən yolun kənarında qaynaq işləri ilə məşğul olan sex görüb maşını saxlamış, orada cavabdehlə tanış olmuşdur. Dəmir məhəccər düzəltdirmək istədiyini bildirmiş, cavabdeh razılaşaraq onların həyətinə gəlmiş, ölçü işləri aparmış, 10 günə düzəldib verəcəyini demişdir. Ümumilikdə 1120 manata razılaşmışlar. 820 manatını əvvəldən ödəmiş amma Natiq dediyi vaxtda məhəccəri düzəltməmişdir. Müxtəlif bəhanələr gətirmişdir. Belə olan halda o pulunu istəmiş, amma ala bilməmişdir. Məcbur olub polisə şikayət vermiş, cavabdeh polisdə ondan 820 manat pul aldığını və onun təqsiri ucbatından məhəccəri düzəldə bilmədiyini bildirmişdir. Amma az vaxtda düzəldib verəcəyini desə də bu günə kimi nə məhəccəri düzəlməmiş nə də pulunu qaytarmamışdır. O, artıq ona inanmır və verdiyi 820 manat pulu ondan geri tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmisinin səbəbi barədə məkməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma ünvan 1 ünvanda yaşayan Cavabdeh izahatı alınmış, sonuncu izahatında İddiaçı onun barəsində RPŞ-nə yazmış olduğu ərizəsi ilə tanış olmasını, Şamaxı şəhərində qaynaqçı sexi götürərək işlətməyə başlamasını, İddiaçı təxminən dəqiq xatırlamadığı 20 gün əvvəl işlədiyi sexə gələrək ona dəmir məhəccər lazım olduğunu bildirdikdə sonuncu ilə razılaşıb bir yerdə onunla Şamaxı şəhərində yerləşən evinə getmələrini, məhəccər düzüləcəyi yeri İddiaçı ilə birlikdə ölçərək sexə gəlməsini, ilk əvvəl İddiaçı 820 manat nağd şəkildə pul almasını, lakin İddiaçı dediyi vaxt müddətində onun məhəccərini düzəldib başa çatdıra bilmədiyini, İddiaçı ona məhəccər düzəldikdən sonra ümumilikdə 1120 manat pul verəcəyini, sonuncu dəfələrlə ona zəng vurub məhəccəri düzəlməsi barədə soruşduqda İddiaçı materialın olmaması səbəbindən gecikdiyini bildirməsini, lakin vaxtında düzəltməsinin günahının onda olmasını, yaxın vaxtlarda məhəccəri hazır edib İddiaçı verəcəyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 4790.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh iddiaçının yaşadığı ünvana məhəccər düzəldilməsi barədə razılığa gəlmişlər və iddiaçı bunun üçün cavabdehə ilkin olaraq 820 manat məbləğində pul vermişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək məhəccəri düzəltməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 820 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 820 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar