Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-859/2021 19.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan 18 oktyabr 2019-cu il tarixli, SMNPU-0242_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2153,69 manat, faiz borcuna görə 21,46 manat, dəbbə borcuna 0 manat, cəmi 2175,15 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, SMNPU-0242_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 2156,43 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 18 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Şamaxı filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 18 oktyabr 2019-cu il tarixli, SMNPU-0242_KMP kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 18 oktyabr 2019-cu il tarixli, SMNPU-0242_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Tərəflər arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, SMNPU-0242_KMP saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 18-dən gec olmayaraq hər ay 36,87 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 18 ktyabr 2019-cu il tarixli, SMNPU- 0242_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2153,69 manat, faiz borcuna görə 21,46 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 2175,15 manat təşkil edir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və cavabdehlər gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək 19.08.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 18.10.2019-cu il tarixli SMNPU-0242-KMP saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 2156,43 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18.10.2019-cu il tarixli № SMNPU-0242_KMP saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 18.10.2019-cu il tarixli SMNPU-0242-KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödənişləri və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.07.2021-ci il tarixli RB02/PK-5962 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 30.06.2021-ci il tarixə İddiaçı ASC-yə 18.10.2019-cu il tarixli SMNPU-0242_KMP saylı kredit müqaviləsi üzrə 2153,69 manat, faiz borcuna görə 21,46 manat, dəbbə borcuna görə 0 manat, cəmi 2175,15 manat borcu vardır. İş materiallarında olan 15.04.2021-ci il tarixli 12-02/088 saylı bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28.04.2021-ci il tarixli № 12-02/100 saylı bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 06.07.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.10.2019-cu il tarixli SMNPU-0242-KMP saylı kredit müqaviləsi üzrə 2153,69 manat əsas borc, 21,46 manat faiz borcu olmaqla, cəmi 2175,15 manat pul tutulub İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.10.2019-cu il tarixli SMNPU-0242-KMP saylı kredit müqaviləsi üzrə 2153,69 manat əsas, 21,46 manat faiz borcu olmaqla, cəmi 2175,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-859/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-859/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver