Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-863/2021 18.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsilə X2 üçün 100 manat miqdarında müəyyən olunmuş alimentin artırılaraq hər ay 200 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 25 dekabr 2014-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 05 mart 2015-ci il tarixdə doğulmuş Aytac adlı bir qızı var. 09 mart 2018-ci il tarixdə nikahları pozulub və məhkəmə Rüfətdən hər ay 100 manat məbləğində alimentin alınaraq ona verilməsini qət etmişdir. Cavabdeh hər ay müəyyən olunmuş alimenti ona ödəyir. Lakin hazırki dövrdə bu çox kiçik məbləğdir. Adi vəziyyətdə bu pulla uşaq saxlamaq çətindir. Bu il birinci sinfə gedir. Eyni zamanda kənddə hazırlıq kursu olmadığından müəllim tutmağa məcbur olmuşdur. Hər ayda 20 manat müəllimə verir. Rüfətin günahı ücbatından işdən çıxarılmış və hal hazırda da iş tapa bilmir. Belə ki, məhkəmə Rüfətin uşağıyla ünsiyyətdə olması üçün həftədə bir gün müəyyən edib, Rüfət isə onu hədələyir ki, uşağın o istədiyi qədər yanında qalmasına razılıq verməsə uşağı ondan alacaq. Ona inanıb uşağın günlərlə onların evində qalmasına razılıq verirdi. Hər dəfə də xəstələndirib qaytarırdılar. Hətta uşağa koronaya kimi yoluxdurdular. Həmin vaxt “Ocaq” marketdə işləyirdi. 2 aya kimi uşağın müalicəsinə görə evdə qalmalı olmuşdur. Ondan bir az sonra aparmış, uşağı yenə bir həftə saxlayıb qaytaranda uşaq artıq xəstə olmuş, qızdırması olmuşdur. Şamaxıda bir neçə gün müalicə etdirmiş, qızdırması düşməmişdir. Ağsuya aparmış, orada xəstəxanada qalmalı olmuşdur. Həmin vaxt işə zəng edib xahiş etmişdir ki, 2 həftəlik icazə versinlər, onlar isə ona icazə verməmişlər. Uşağı atıb işə qayıda bilmədiyindən, nəticədə onu işdən çıxarmışlar. Hazırda işsiz qalmışdır, Rüfətsə nə uşağın müalicəsinə, nə də dolanışığa maddi cəhətdən əlavə heç bir kömək göstərmir. Özü də Bakı şəhərində su fikirlərinin quraşdırılması işində işləyir 800 manat maaş alır. Heç olmasa ayda 200 manat aliment verə bilər. O, könüllü olaraq bunu etmək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, cavabdeh Bakı şəhərində işləyir, ayda 800 manat maaş alır. Məhkəmə qətnaməsi ilə tutulmuş 100 manat sabit pul məbləğində aliment uşağın saxlanılması üçün kifayət etmir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, hal-hazırda işləmir. Öhdəliyində başqa övladıda var. Əvvəlki məbləği güclə ödəyir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-326/2018 saylı, 09 mart 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh Quliyeva (Qurbanova) Səbinə Bayram qızı arasında 25 dekabr 2015-ci il tarixdə Şamaxı rayon qeydiyya şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin dekabr ayının 25-də 375 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 05 mart 2015-ci il təvəllüdlü X8 anası X3 yanında qalması, Cavabdeh 09 mart 2018-ci il tarixdən başlayaraq 05 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınıb X4 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ № 525380 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05.03.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarında olan AZ-İ № 287048 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasındakı nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 24.05.2018-cı il tarixdə 43 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Qurbanova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 3 ildən artıq müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna yaxın məbləğdə, yəni hər ay hər uşağa 130 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin maddi imkanının yaxşı olmaması, işləməməsi və ya qazancının az olması onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay hər uşağına görə 130 manat aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, artıq mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə də uşaqların saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı rayon Məhkəməsinin 2(074)-326/2018 saylı, 09 mart 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 05 mart 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 2(074)-326/2018 saylı, 09 mart 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 05 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-863/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-863/2021
18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver