Məhkəmə qərarları › İş №2(074)-868/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-868/2023

30.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-868/2023 30.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh 15000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonu, Elabad kəndində qeydiyyatda olsa da, 2001-ci ildən Şamaxı şəhərində özünə məxsus evdə yaşayır. 2021-ci ilin mart ayında yaxından tanıdığı Cavabdeh və arvadı maşın almaq istədiklərini bildirib, lakin pulları çatmadığından ondan tezliklə qaytarmaq şərti ilə 15000 manat borc alıblar. Bir neçə ay keçdikdən sonra onların pulu qaytarmadığını görüb onlardan pulunun qaytarılmasını tələb edib. Pulunun gecikdirilməsindən İsmətin atası mərhum Valeh kişi və İsmətin qardaşları xəbərdar olublar. Pulun qaytarılması üçün Şamaxı rayon Polis Şöbəsinə müraciət edib. Lakin oradan İddiaçı bu iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini bildiriblər. O pulunu İsmətdən istəyərkən İsmət iki dəfə öz xətti ilə yazdığı iltizam verərək İddiaçı 15000 manat aldığını və həmin pulu 2023-cü ilin may ayında qaytaracağını bildirmişdir. Lakin bu günə kimi İsmət onun pulunu könüllü qaytarmaq istəmir. Ona görə də Cavabdeh ona borclu olduğu 15000 manat pulun alınması üçün məhkəmə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, o, İsmətə 15000 manat borc pul verəndə İsmət ona 19500 manat pul qaytaracağını bildirmişdir. Bundan başqa İsmət ondan əlavə 1000 manat və 1500 manat da almışdır. Aldığı 2500 manatdan 500 manat qaytarmışdır. Qalanını isə 100 manat, 50 manat qaytarıb, həmçinin həmin pulun əvəzi olaraq Cavabdeh ət götürmüşdür. İsmət ona borclu olduğu 2500 manatı qaytarsa da əvvəlki 15000 manatdan heçnə qaytarmayıb. Ona görə də o, şifahi olaraq Polis Şöbəsinə müraciət edib. Cavabdeh polis şöbəsinə dəvət edilmiş, o, orada İddiaçı borcu olduğunu etiraf etmiş və iddia ərizəsinə əlavə etdiyi şəxsən öz imzası ilə yazıb təsdiq etdiyi iltizamda İddiaçı 15000 manat borcu olduğunu göstərmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onun İddiaçı həqiqətən 15000 manat borcu olmuş, lakin o, həmin puldan 13500 manatını qaytarmışdır. Lakin borcunu qaytarması ilə bağlı Samirədən hər hansı yazılı qəbz almamışdır. İş materiallarında olan iltizamlar onun tərəfindən yazılmışdır. Buna görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, Cavabdeh bildirmişdir ki, Samirə adlı qadından 15000 manat pul götürmüş. Hal-hazırda aralarında pul borcuna görə narazılıq yaranmış, yaxın vaxtlarda ona olan borcunu verəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı olan borcunu 2023-cü ilin may ayından ödəməyə başlayacağına, ayda 2000 manat ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan məktubdan görünür ki, İddiaçı müraciəti əsasında Şamaxı rayon Polis Şöbəsində hər hansı bir material toplanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehə borca pul verməsini Cavabdeh məhkəmə iclasında eləcədə özüü tərəfindən yazılmış iltizamda etiraf etmişdir. Lakin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan borc kimi alınmış pulun 13500 manatını ona qaytarıldığını bildirsə də, cavabdeh tərəf bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfə borcun qaytarılmasına dair sübutlarını təqdim etməsi təklif olunaraq, bununla bağlı məhkəmə hazırlıq iclasları dəfə təxirə salınaraq cavabdeh tərəfə sübutlarını təqdim etməsi üçün şərait yaradılsa da, cavabdeh tərəf borcun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan əvvəlcə 15000 manat daha sonra isə 1000 və 1500 manat olmaqla ümumilikdə 17500 manat pul almış, həmin pulun 2500 manatını qaytarsa da 15000 manatını qaytarmamışdır və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilələr bağlanmış olmasa da, cavabdehin izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehl əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğlərini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pul məbləğlərinin və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 15000 manat məbləğində pul cavabdehrdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 15000 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pul olmaqla ümumilikdə 15135 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar