Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-877/2021 11.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı8 Cavabdeh qarşı “yaşayış evlərinə gedən yoldan maneəsiz istifadə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Quşçu kəndində yerləşən yaşadıqları evlərə gediş-gəliş yolundan maneəsiz istifadə edə bilmələrinə dair qətnamə qət edilməsini xahiş etmişlər. İddia əeizəsi onunla əsaslandırmışdır ki, iddiaçılar Şamaxı rayon Quşçu kəndində yaşayırlar. Cavabdeh da Şamaxı rayon, Quşçu kəndində yaşayır. Bir neçə ay bundan əvvəl Cavabdeh onlara geden eni təxminən 7 (yeddi) metr olan yolu setka və digər müxtəlif əşyalarla hasarlayıb kəsmişdir. Həmin yol onların yaşadıqları evlərə gələn maşın və piyada yoludur. Hal-hazırda yaşadıqları ünvana nəqliyyat vasitəsilə gəliş-gedişə, hətta mal-qaranı örüşə aparıb-gətirməyə yol yoxdur. Faktın əyani görsənməsi üçün 3 ədəd fotoşəkil ərizəyə əlavə olunur. Yol müxtəlif əşyalar və setka və digər dəmir birləşmələr ilə hörgü şəklində kəsilmişdir. Cavabdeh dəfələrlə deyiblər ki, belə hərəkətlərə son qoysun, çünki bu dövlətin onlara qoyduğu gediş-gəliş yoludur, el yoludur. Yolu kəsmək olmaz. Lakin o, dəfələrlə ona edilən müraciətlərə məhəl qoymamış və onlara bildirmişdir ki, onun kefi belə istəyir kimi xoşagəlməz sözləri dəfələrlə onlara demişdir. Buna görə onlar əvvəlcə Şamaxı rayon Quşçu kənd icra nümayəndəsinə və kəndin bələdiyyəsinə müraciətlər etmişlər. Oradan onlara şifahi qaydada bildiriblər ki, Şamaxı rayon Polis Şöbəsinə müraciət etməlidirlər. Onlarda rəsmi ərizə ilə Şamaxı Polis şöbəsinə müraciət etmişlər, müraciətlərinə görə onlardan izahatlar alınıb, lakin heç bir tədbir görülməmişdir. Belə ki, Şamaxı rayon Polis Şöbəsindən onlara şifahi qaydada bildiriblər ki, bu iş məhkəmənin səlahiyyətinə aiddir və bu səbəbdən məhkəməyə müraciət etməklərini tövsiyyə ediblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, yol onun tərəfindən bağlanmayıb. Bu barədə kənd bələdiyyəsinin aktını məhkəməyə də təqdim edib. Onun özünün 0,41 hektar torpağı var. İddiaçılarla onun bir neçə məhkəmə mübahisəsi olduğundan ona qarşı belə əsassız iddia qaldırılıb. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak təmin etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-499A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini Cavabdeh Hacməmməd oğlu, X3, X1, X4, X2 və X5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,41 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 31 avqust 2021-ci il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X8, Quşçu bələdiyyəsinin sədri X6, Şamaxı rayon Quşçu kəndi üzrə sahə müvəkilli X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, şikayət olunan əraziyə baxış zamanı küçə yolunun açıq olduğu və heç bir setka ilə tutulmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından Şamaxı rayonu Quşçu kəndində yerləşən yaşadıqları evlərə gediş-gəliş yolunun cavabdeh tərəfindən kəsilməsini sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür. Lakin, iddiaçılar belə sübutları məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, iddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı8 Cavabdeh qarşı “yaşayış evlərinə gedən yoldan maneəsiz istifadə” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı8 Cavabdeh qarşı “yaşayış evlərinə gedən yoldan maneəsiz istifadə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-877/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-877/2021
11.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver