Məhkəmə qərarları › İş №2(074)-899/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-899/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-899/2021 18.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı ASC-nin cavabdeh X2 oğluna qarşı “borc tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 oğlundan 29 mart 2014-cü il tarixli, SMTQD-0206 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 1105,15 manat, faiz borcuna görə 106,44 manat, cərimə borcuna görə 190,23 manat, cəmi 1401,82 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şamaxı” filialı ilə X2 oğlu arasında bağlanmış 29 mart 2014-cü il tarixli, SMTQD-0206 saylı Baş kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla, 12 ay müddətinə 1430 manat məbləğində cavabdehə kredit verilmişdir. 29 mart 2014-cü il tarixli, SMTQD-0206 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan X2 oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 29 mart 2014-cü il tarixli, SMTQD-0206 saylı Baş kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 29-dan gec olmayaraq ayda 138,64 manat ödəməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. 22.04.2015-ci il tarixli, RB-02/PK- 2919 saylı maliyyə arayışına əsasən borclu X2 oğlunun 29 mart 2014-cü il tarixli, SMTQD-0206 saylı Baş kredit müqaviləsi üzrə 16.04.2015-ci il tarixə olan pul borcunun məbləği əsas borca görə 1105,15 manat, faiz borcuna görə 106,44 manat, cərimə borcuna görə 190,23 manat, borcun cəmi məbləği 1401,82 manat təşkil edir. Şamaxı rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli qərardadı ilə cavabdeh vəfat etdiyindən onun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək Şamaxı rayon dövlət notariat kontorunda X2 oğlunun vərəsəlik işi açıldığını, Cavabdeh1, Cavabdeh2 Rəfail oğlu və Cavabdeh3 Rəfail qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, mülki işin dayandırılmasına səbəb olmuş halın aradan qalxmasına görə mülki işin icraatının təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnərək məhkəmə baxışına təyin edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməməiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.03.2014-cü il tarixli SMTQD-0206 saylı kredit müqaviləsindən görünür ki, X2 oğlu İddiaçı ASC-dən 12 ay müddətinə illik 29% dərəcəsi olmaqla, 1430 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan AZ-İ № 678172 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 oğlu 12.07.2014-cü ildə “kəskin ağciyər çatışmamazlığı” nəticəsində Şamaxı rayonu, Sabir qəsəbəsində ölmüşdür. İş materiallarında olan 19.02.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.07.2014-cü ildə ölmüş X2 oğlunun vərəsəsi Cavabdeh1, Cavabdeh2 Rəfail oğlu və Cavabdeh3 Rəfail qızıdır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən yerləşən ümumi sahəsi 8.9 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. İş materiallarında olan 22.04.2015-ci il tarixli RB02/PK-2919 saylı maliyyə arayışından görünür ki, X2 oğlunun 29.04.2014-cü il tarixli SMTQD-0206 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 16.04.2015-ci il tarixə 1401,82 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə X2 oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini X2 oğluna vermiş, lakin X2 oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. X2 oğlu 12.07.2014-cü il tarixdə ölmüşdür. X2 oğlu öldükdən sonra onun arvadı, oğlu və qızı – hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəfail oğlu və Cavabdeh3 Rəfail qızı miras qoyanın vərəsələri kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum X2 oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı – ünvan 1 ünvanında yerləşən yerləşən ümumi sahəsi 8.9 kv/m olan qeyri-yaşayış sahəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakların dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (1401,82 manat) yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum X2 oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – Cavabdeh1, Cavabdeh2 Rəfail oğlu və Cavabdeh3 Rəfail qızından tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 190,23 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, X1 və Cavabdeh3 Rəfail qızından 1105,15 manat əsas borc, 106,44 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 1231,59 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar