Məhkəmə qərarları › İş №2(074)-901/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-901/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-901/2021 11.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əlbir olub onun etibarından istifadə edərək 102 baş quzunu nisyə sataraq ziyana salmasına görə 102 baş quzunu və ya dəymiş zərər kimi 18360 manat ziyanın və 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun fermer təsarüfatı var və heyvandarlıqla məşğul olaraq iri və xırda buynuzlu heyvan saxlayır. Təsərüfatında olan heyvan qaranı artırmaq məqsədi ilə quzuları satıb əvəzinə qoyun alır. 2016-cı ilin fevral ayında Cavabdeh1 qış otlaq sahəsinə gələrək həmin vaxtı onun fermasında çobançılıq edən Cavabdeh2 dəyərini yaxın vaxtda ödəmək şərti ilə quzu almaq isdəyini bildirmiş və çobandan 102 baş dəyəri 8360 manatlıq quzu almışdır. Lakin Əlkazım pulu vaxtında ödəməmiş, bir neçə dəfəyə 2000 manat pul ödəmişdir. Pulun qalanını isə 2016-cı ildən bəri ödəmir. Əlkazım pulu vaxtında ödəsəydi həmin ili satdığı quzuların yerinə doğar qoyun alaraq xirda buynuzlu heyvanların saylarını artırmaqla qazanc əldə edərdi. Lakin pulu vaxtında ödəməyindən bu faydadan məhrum olmuşdur. 2015-ci ildə Əlkazıma quzunun alqı-satqı qiymətinə baxsaq və bu günki quzunun alış qiyməti 170-220 manat dəyərindədirsə və o, quzunun birini 180 manat dəyərində hesablasa ona ümumilikdə Əlkazım 18360 manat dəyərində ziyan vurmuşdur. Həmçinin sonradan ona məlum olub ki, onun fermer təsərüfatında çoban işləyən Rəşid adlı şəxs Əlkazımın yaxın qohumu olmaqla onunla əlbir olub onu əmin edərək, etibarından istifadə etmiş və pulu yaxın vaxtda ödəməsini bildirməklə 102 baş quzunu nisyə Əlkazıma satmışdır. Rəşid Əlkazıma quzuları satdıqdan sonra onun fermer təsarüfatından da bəhanə gətirərək işdən çıxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1802/2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “nisyə satılmış heyvan qaranın dəyərinin və öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddiası qismən təmin edilərək Cavabdeh1 6360 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından ona 18360 manat ziyanın vurulmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı cavabdehlər tərəfindən ona ümumilikdə 18360 manat məbləğində ziyanın vurulmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar