Məhkəmə qərarları › İş №2(074)-907/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-907/2025

16.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-907/2025 16.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi - vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 55000 manat pulun və ödənilmiş 271 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Pəncəlizadə X1 və Cavabdeh2 64000 manat pulun və ödədiyi 371 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər 2023 və 2024-cü illərin əvvəlində ondan müxtəlif çeşidli 55000 manat dəyərində qızıl-zinət əşyalarını satmaq niyəti ilə, qısa vaxt ərzində ödəmək şərtilə, nisyə almışlar, lakin pulu mənimsəmiş, ona ödəməmişlər. Hər dəfə müxtəlif bəhanələr gətirərək yayınırlar. 2024-cü ilin əvvəllərində xahiş edərək bildirdilər ki, xx.xx.2025-ci il tarixdə borclarını ödəməyə başlayacaqlar və hətta Şəbnəm ona yazılı qəbzdə vermişdir. Ona görə də, 4000 manatını qəbzdə göstərməmişdir. Beləliklə, faktiki olaraq pulunu mənimsəmişlər. Pulun ödənilməsinə dair onların ünvanına xəbərdarlıq məktubu da göndərmişdir. Lakin cavabdehlər onun pulunu qaytarmamışdır. İddiaçı iddia tələbinin artırılması barədə ərizəsində göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 55.000 manat pulun və ödənilmiş 271 manat dövlət rüsumunun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddia tələbini artırır. Belə ki, artıq 3 aya yaxındır ki, iddia ərizəsi məhkəmənin icraatındadır. Bu müddət ərzində cavabdehlər tərəfindən iddiada tələb etdiyi məbləğdən hər hansı bir ödəniş etməmişlər. Bu isə onun artıq maddi vəziyyətini daha da, çətinləşdirmişdir. Cavabdehlərdən tələb etdiyi 55.000 manat pulun ona geri qaytarılmaması, həmin pulun hansısa bir sahədə sərmayaya qoysaydı, hazırda yetəri qədər fayda olaraq qazanc əldə edərdi. Lakin, hazırda isə tələb etdiyi pulun geri qaytarılmaması nəticəsində belə bir fayda olaraq qazanc əldən çıxmşdır. Bu səbəbdən də, əldən çıxmış faydanı nəzərə alaraq, iddia tələbinin həcmini 9.000 manat məbləğində artıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 64.000 manat pulun və ödənilmiş 371 manat dövlət rüsumunun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılması zərurəti yaranmışdır. Bundan əlavə, məhkəmə hazırlıq iclaslarının birində iclasda olan cavabdehlərdən Cavabdeh2 iddianı etiraf etmiş və göstərmişdir ki, tələb olunan məbləğlər onun tərəfindən geri qaytarılıbdır. Lakin, onun tərəfindən bu pulların geri qaytarılması barədə hər hansı bir tutarlı sübut təqdim edə bilməmişdir. Eyni zamanda da, qeyd etmişdir ki, o digər Cavabdeh1 ilə hər hansı bir əlaqəsi yoxdur. Bu ağ yalandır. Cavabdeh1 onun arvadı olmaqla yanaşı, birgə olaraq özlərinə vəkil tutmuş və bir mövqedən çıxış edirlər. Bir halı da məhkəmənin nəzərinə çatdırır ki, digər Cavabdeh1 barəsində eyni onun vəziyyətinə düşən digər iddiaçıların iddiaları olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi - vəkil Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdehlər iddiaçıdan həqiqətən də, qızıl-zinət əşyaları almış, lakin onların dəyərini artıqlaması ilə ödəmişdirlər. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş iltizamda qeyd olunur ki, onun 51000 manat İddiaçı borcu var, həyat yoldaşı Cavabdeh2 ilə birlikdə 51000 manatlıq qızıl almışlar, xx.xx.2024-cü il tarixə həmin məbləğdə borcları var, həmin borcu hissə-hissə ödəyəcəklər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı və cavabdehlər öz aralarında qarşılıqlı razılğa gələrək, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Lakin, cavabdehlər aldıqları malların pulunu tam qaytarmamış və hazırda iddiaçıya 51000 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlərə aralarındakı razılığa əsasən 51000 manat məbləğində qızıl satmış, lakin cavabdehlər pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehlərdə saxlanılan əmlakını tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı əldən çıxmış fayda kimi cavabdehlərdən əlavə olaraq pul tələb etsə də, həmin hissədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 51000 manat məbləğində pul və ödənilmiş 243 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 51000 manat məbləğində pul və ödənilmiş 243 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar