Məhkəmə qərarları › İş №2(074)-934/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-934/2022

04.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-934/2022 04.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nisyə satılmış əşyanın pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8500 manat pulun və ödədiyi 105 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi çoxdan tanıyır. Maşın alveri ilə məşğul olurdu. xx.xx.2015-ci ildə Cavabdeh ona təklif etmişdir ki, maşınını mənə sat, hissə-hissə hər ay 1000 manat verəcək. Hətta həmin avtomobilə 27000-28000 manat verəcəyini bildirdi. O, isə avtomobilin qiymətini bilib, deyib ki, 23000 manata kifayətdir. Pulunu 23 aya verib qurtarmalı idi. Raqib ondan baş etibarnamə alaraq maşını satdı. Neçəyə satdığı da onun üçün maraqlı deyildi çünki o, onunla 23000 manata danışmışdır. Raqib 11 ay 1000 manatdan ödəmiş, sonra isə tanışı Məhəmməd adlı şəxsin xahişi ilə 7 ay da 500 manatdan ödəmişdir. Axırıncı 500 manat ona 05 noyabr 2016-cı ildə ödənilmişdir. Yəni, cəmisi ona 14500 manat pul ödəmişdir. Ondan sonra o pulunun qalanını istəyəndə hər dəfə and aman edirdi ki, atasının pensiya kartı ilə dolanır, pulunun da çoxusu faizdədir qaytarmırlar. Qaytarılan kimi pulunu ödəyəcək. Artıq son ödənişdən 6 ilə yaxın bir müddət keçir. O, görür ki, Raqib qalan 8500 manatını qaytarmaq istəmir. Axırıncı dəfə bu ilin aprel ayının 23-də ondan qalan pulunu tələb etmiş, ona pulu verməyəcəyini demişdir. Polisə verəcəyini deyib. Dedi ki, hara verirsən ver, axıra qədər gedək. O, ona pul vermiyəcək. O, da məcbur olub Raqibdən polisə şikayət etmişdir. Orada da o onun maşınını aldığını, hər ay 1000 manat mənə pul verməklə 23500 manat pul verməli olduğunu (lakin onların razılaşmalarına görə 23000 manat idi), həmin puldan 14500 manatını ödədiyini, qalan pulu isə vətəndaşlar ona pul ödəmədiyindən ödəyə bilməyəcəyini guya onunla razılaşdığını bildirmişdir. Lakin onun qalan 85000 manatı ona qaytarmayacağı ilə bağlı Raqiblə aralarında heç bir razılaşma olmamışdır. Polis şöbəsində izahat verərkən o, onun dediklərini ümumiyyətlə başa düşə bilməmişdir. Onun pulunu neyləyib, kimə verib, ondan nə qədər qazanc götürür. İndi vətəndaşlar onun pulunu qaytarmır, o da onun pulunu vermək istəmir. O, başa düşə bilmir, onun pulunun başqalarına nə aidiyyatı var, ona olan borcunu başqa şəxslərə verdiyi pula niyə bağlayır. O özü üçün nə qaydada biznes düzəldib, bunun ona heç bir aidiyyatı yoxdur. Onunla hissəhissə ödənilməklə 23000 manata razılaşmışlar. Onun pulu ödənilməlidir. Raqib isə hazırda onun pulunu ödəməkdən imtina edir. Odur ki,məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, avtomobili 23000 manata danışıblar, 14500 manat iddiaçıya ödəyibdir. Maşının qiyməti əslində 10500 manat olmuş, o, isə 14500 manat ödəmişdir. O, maşını alarkən Raminə bildirmişdir ki, əgər işləri yaxşı gedərsə 23000 manat ödəyəcək. Lakin bu danışıqları ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, onun 2015-ci ilə kimi iki ədəd Kamaz markalı yük avtomobili və bir ədəd niva markalı avtomobili olmuşdur. O, həmin avtomobillər ilə işləyərək daş satmışdır. 2015-ci il tarixində Məhəmməd adlı şəxs daş bazarına gələrək daş almaq istəyən zaman onlar söhbət etməyə başlamış, söhbət əsnasında o, ona bildirmişdir ki, kamazları satıb gəlib onun yerində onunla birlikdə oturub faiz müqabilində vətəndaşlara pul verib pul qazansın. O, da onunla razılaşmış və iki ədəd kamazını və bir ədəd niva markalı avtomobillərini satmış və onun yanına gələrək onun ofisində oturub vətəndaşlara faiz müqabilində pul verməyə başlamışdır. Həmçinin bundan əlavə o, vətəndaşlardan avtomobillərini alaraq satıb həmin pulu faiz müqabilində başqa-başqa şəxslərə vermişdir. O, avtomobil sahiblərinə isə hər ay pul ödəmişdir. Ramin adlı şəxsin Volksvagen Touareg markalı avtomobili olduğundan o, onların yanına gələrək bildirmişdir ki, öz şəxsi avtomobilini onlara versin, onlarda satıb onun müqabilində hər ay ona 1000(min ) AZN pul versin. O, onun avtomobilinə baxış keçirtmiş və həmin avtomobili 23500(iyirmi üç min beş yüz) manata almağa razılaşmışdır. O, ona etibarnamə əsasında avtomobili vermiş və o, həmin avtomobili 10500 manata sataraq əldə etdiyi pulu dövriyyəyə buraxıb başqa-başqa şəxslərə 15 faiz müqabilində pul vermişdir. O, hər ay Ramin adlı şəxsə 1000 AZN olmaqla ümumilikdə 14500 manat pul vermişdir. Lakin faiz müqabilində pul verdikləri vətəndaşlar onların pullarını ödəmədiklərindən o, bundan sonra Ramin adlı şəxsə pul verə bilməmişdir. O, isə ona zəng edib pulunu istədikdə o, ona bildirmişdir ki, “sənin avtomobilinin dəyəri 10500 manat olduğu təqdirdə mən sənə 14500 manat pul vermişəm.” Onların arasında hər hansısa bir razılıq olmamışdır. O, həmin pulu dövriyyəyə buraxmaq istədiyi üçün razılaşmışdır ki avtomobili 10500 manata sataraq pulu dövriyyəyə buraxsın. Həmin puldan ayda ona 1500 manat pul qazandırmış və həmin qazandığı pulun 1000 manatını hər ay ona vermişdir. Onun məqsədi həmin pulu ödəmək olmuşdur. Lakin dövriyyədə olan pulu vətəndaşlar ödəmədiklərindən o, da onun pulunu ödəyə bilməmişdir. Ramin, ona söyləmişdir ki, “əgər aramızda gələcəkdə narazılıq olmasa avtomobili sənə verim”. Bundan əlavə olaraq o, ona söyləmişdir ki, “əgər işim dağılmasa və əlimdə olan pulu axıra qədər dövriyyə etdirə bilsəm sənin pulunu verəcəyəm. Əgər həmin pulu dövriyyə etdirə bilməsəm pulunu verə bilməyəcəyəm” O, da onunla bu barədə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçıdan 23000 manat dəyərində avtomobil almış, həmin avtomobilə görə cavabdeh iddiaçıya 14500 manat pulu hissə-hissə ödəmiş 8500 manat isə ödənilməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş 8500 manat pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 105 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 8500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 105 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 105 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar