Məhkəmə qərarları › İş №2(074)-944/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-944/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-944/2021 27.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Rafiq qızı və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsızlığı və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Rafiq qızı və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsızlığı və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən 2002-ci il tarixdə Cavabdeh2 Rafiq qızının adına verilmiş JN-289F saylı 41011018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsızlığı və atası X10 ilə Cavabdeh2 Rafiq qızı arasında Şamaxı rayonu Nağaraxana (keçmiş Kirovka) kəndində 0.28 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin 29 may 1997-ci il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X10 12 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. Ondan Şamaxı rayonu Nağaraxana kəndində ev və torpaq sahəsi qalmışdır. Atasının varisi olduğu üçün, həmin ev və həyətyanı torpaq sahəsini vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyərkən, ona həmin torpaq sahəsinin əvvəlki sahibi Cavabdeh2 Rafiq qızının adına qeydiyyata alındığı bildirilmişdir. Atası 19 may 1997-ci il tarixdə Şamaxı rayonu Nağaraxana kəndində 0.28 ha torpaq sahəsini Cavabdeh2 Rafiq qızından alqı-satqı müqaviləsi yolu ilə almış, lakin 29 may 1998-ci il tarixdə islahat keçirilən zaman düzgün siyahı verilməmiş, 2002-ci il tarixdə DTXK-nin mütəxəssisləri tərəfindən yerlərdə ölçü işləri aparılaraq, şəhadətnamələr tərtib edilərkən torpaq sahəsinin atası X6 istifadəsində olduğu nəzərdən qaçırılaraq torpağı əvvəlki istifadəçisi Cavabdeh2 Rafiq qızının adına qeydə alınmışdır. Hazırda DTXK-nin hüquqi varisinin DƏDRX olduğunu nəzərə alaraq hesab edir ki, bu səhv daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqanın səhvidir. Bu məsələyə iki mövqedən yanaşmaq mümkündür və hər iki halda Şəhadətnamə atasının adına verilməli idi. Birinci halda atası ilə Cavabdeh2 Rafiq qızı arasında 29 may 1997-ci il tarixdə evin alqı satqı müqaviləsi bağlanılan zaman həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyəti hesab olunurdu və bu mənada torpağın da evlə birlikdə satıla bilməsi tam qanunauyğun idi. İkinci halda həmin vaxt hələ rəsmi olaraq mülkiyyət hüququ ilə Nigarın adına qeydə alınmamışdır, belə olan halda da alqı satqı olan zaman torpaq sahəsi də yeni sahibin istifadəsinə keçirdi və yeni sahib də əvvəlki sahibin bütün hüquqlarına malik olurdu. "Torpaq islahatı haqqında qanunun 12-ci maddəsinin tələbinə görə həmin qanun qüvvəyə mindiyi günə kimi vətəndaşların qanuni istifadələrində olan torpaq sahələri onların mülkiyyətinə verilirdi. Torpaq sahəsi olmadan heç kəs palçıq və taxtadan tikilmiş iki otaqlı evə pul verməz, hansı ki, alınandan sonra həmin palçıq ev sökülüb yenisi ilə əvəz olunur. Torpaq olmadan belə evlərin bir manat da olsun qiyməti yoxdur, heç kəs belə evə pul verməz. Əslində verilən pul torpağa görə verilir. Bunu torpağı, evi satan da yaxşı bilir. Bu şəhadətnamənin Cavabdeh2 Rafiq qızının adına verilməsində günah yerli icra orqanlarında və DTXK-nin mütəxəssislərindədir. Onlar yerdə baxış keçirən zaman bunu dəqiqləşdirməli idi. Hələ 1997-ci ildə alınan evin həyətyanı torpaq sahəsini başqa şəxsin adına qeydə almamalı idi. Bu şəhadətnamə verildiyi vaxtdan etibarsız hesab olunmalıdır. Evlə birlikdə torpaq sahəsini də alması barədə müqavilə bağlanmış hesab olunmalıdır. 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olmuş Mülki Məcəlləyə görə və yeni Mülki Məcəllənin 24.06.2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinə gorə tərəflərdən biri öhdəliyə əsasən üzərinə düşən vəzifəni tam və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa məhkəmə həmin əqdi bağlanmış hesab edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, həmin torpaq sahəsini üzərində yerləşən evlə birlikdə iddiaçının atası 19 may 1997-ci il tarixdə almış, həmin tarixdən iddiaçının atasının, daha sonra isə iddiaçının istifadəsində olmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 Rafiq qızı və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin mümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 may 1997-ci il tarixli müqavilənin surətindən görünür ki, X2 rayonu Kirovka kəndində 2800 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan evi 19 may 1997-ci ildə Cavabdeh2 ******* manata almışdır. İş materiallarında olan JN-289F saylı 41011018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon AİK-nın 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh2 Rafiq qızına 0,27 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri № 39 saylı dövlət notariat Kontorunun dövlət notariusundan alınan 06 noyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-sinin surətindən görünür ki, 12 yanvar 2005-ci ildə ölmüş X6 vərəsəsi ünvan 1 ünvanında yaşayan İddiaçı miras əmlakından tam irs almalıdır. Verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 19 may 2011-ci il tarixdə 01 nömrəli kitabında 199 səhifədə 794 reyestr nömrəsi ilə qeydə alınmış 171 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Azərbaycan Respublikası Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən yardıçı sahəsi 12,6 kv.m, yaşayış sahəsi 22, 4 kv.m, ümumi sahəsi 45 kv.m olan 2(iki) yaşayış otaqlı evdən ibarətdir. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 30 iyul 2021-ci il tarixli **********57 saylı məktubdan görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Cavabdeh2 Rafiq qızı adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-289F saylı 41011018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Evin yerləşdiyi 0,28 ha torpaq sahəsi başqa şəxsin mülkiyyətində olduğu üçün, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Baçısının Nağaraxana kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26.08.2021-ci il tarixli № 122 saylı arayışından görünür ki, onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,28 ha torpaq sahəsi 1997-2005ci illərdə atası X7 istifadəsində olmuş, hazırda isə oğlu İddiaçı istifadəsindədir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı atası mərhum X10 19 may 1997-ci il tarixdə Şamaxı rayonu Nağaraxana kəndi (keçmiş Kirovka kəndi) ərazisində 0.28 ha həyətyanı torpaq sahəsində yerləşən evi alqısatqı müqaviləsi əsasında əldə etmişdir. Lakin Cavabdeh2 Rafiq qızının həmin torpaq sahəsinə hər hansı bir subyektiv hüququ olmadığı halda ləğv edilmiş DTXK-nın Şamaxı rayon Şöbəsi tərəfindən Cavabdeh2 adına JN-289F saylı 41011018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Halbuki, həmin 0.28 ha torpaq sahəsi fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olmaqla 1997-ci ildən iddiaçının atasının, 2005-ci ildən sonra isə iddiaçının faktiki istifadəsində olmuşdur. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, İddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti 1997-ci il tarixdə yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, X1 rayonu, Kirovka (indiki Nağaraxana) kəndində 0.28 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini 29 may 1997-ci iİ tarixdə iddiaçının atası X9 faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, JN-289F saylı 41011018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız sayılmalı, Şamaxı rayonu Nağaraxana kəndində 0.28 ha həyətyanı torpaq sahəsinə dair X10 ilə Cavabdeh2 arasında 29 may 1997-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən 2002-ci il tarixdə Cavabdeh2 adına verilmiş JN-289F saylı 41011018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə etibarsız hesab edilsin. Şamaxı rayonu Nağaraxana kəndi (keçmiş Kirovka kəndi) ərazisində 0.28 ha həyətyanı torpaq sahəsinə dair X10 ilə Cavabdeh2 Rafiq qızı arasında 29 may 1997-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar