Məhkəmə qərarları › İş №2(074)-949/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-949/2025

12.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-949/2025 12.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdeh nümayəndəsi – Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcu 32.834 (otuz iki min səkkiz yüz otuz dörd) manat təşkil edən məbləğin və ödənilmiş dövlət rüsumu olaraq 185,5 (yüz səksən beş manat beş qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşuluqda yaşayıb. 06 iyun 2023-cü il tarixdə Şəbnəm onun yanına gələrək deyib ki, qızıl satmaq istəyir. Əvvəl ondan özü üçün qızıl alıb və ödəməsini də, vaxtında edib. Bu səbəbdən ona güvənib, etibar edib. Bu minvalla 06 iyun 2023-cü ildən başlayaraq, iyun ayından avqust ayına qədər, o, İddiaçı hər ay X1 qızılları alaraq, Cavabdeh verib. Şəbnəm bu qızılları satmaq məqsədi ilə alır, ilkin ödənişi edib və qalan məbləği hər ay vaxtında ödəyib. 30 avqust tarixində Bakı şəhərinə 6 aylıq uşağının müalicəsi üçün gedib. Sentyabr ayının 3-də ona zəng edib, bildirilib ki, qızılların bir hissəsinin pulu hazırdır. O da, Sevilə zəng edib deyib ki, Şəbnəm işləyən aptekə getsin, qızılların bir hissəsinin pulu artıq hazırdır. Nəticədə, Sevil ilə Şəbnəm tanış olublar və bir-birilərinin nömrələrini alıblar. Şəbnəm hansı qızılın lazım olduğunu Sevilə bildirib. Sevil də, aptekə gedib, qızılları Şəbnəmə verib. Yaxud, Şəbnəm gedib Sevilin evindən qızılları götürüb, ilkin ödənişi edib. Ona “WhatsApp” vasitəsilə bildiriblər və o da, öz dəftərində qeyd edib. Lakin, məlum olub ki, Şəbnəm həm onun, həm də Sevilin etibarından sadəcə istifadə edib. Deməli, onlardan götürdüyü qızılları heç bir müştəriyə satmayıb. Özü satıb, pulları xərcləyib. Noyabr ayına qədər Şəbnəmin ödənişlərində heç bir gecikmə olmayıb. O, Bakıda xəstəxanada olarkən Şəbnəm ona zəng vurub deyib ki, ondan təcili 60 qrama yaxın qızıl istəyirlər. Nağd pulunu verib, malı qramı 90-la götürəcəklər. O da, Sevilə zəng vurub bildirib ki, Şəbnəm qızıl istəyir, qramı 90-la. Soruşub ki, 60 qrama yaxın varmı. Malı verib, nağd pulu alarsan. Sevil də, qızılın əlində olduğunu bildirib, 60 qram qızılı aparıb aptekdə Şəbnəmə verib. Lakin Şəbnəm aldadaraq, aparıb qramını yoxlatmaq adı ilə, 1 saata gəlib pulunu götürərsən deyib. Beləliklə, Şəbnəmin yalanları üzə çıxmağa başlayıb. 3-4 gün ərzində Şəbnəm Sevilə yalanlar danışaraq, “İndi verirlər, səhər verirlər” deyib. O arada o, Bakıda həkimdə olduğu üçün, Şəbnəmlə Sevil arasında narazılıqlar başlayıb. O, iki həftədən bir evə baş çəkib, sonra Bakıya qayıdıb. Anası və övladlarından ikisi anasının yanında qaldığına görə gəlib-gedib. O, Şamaxıya gələndə Sevil onlara gələrək, Şəbnəmdən ya pullarını, ya da qızıllarını alıb ona geri qaytarmağını ondan tələb edib. O, Şəbnəmə deyəndə, o yenə onu aldatmağa başlayıb və guya müştəriyə satdığını bildirib. Nə pulu ala bilib, nə də qızılı. Bu vaxt Sevil bildirib ki, malını ona geri verməsələr, onları polisə verəcək. Halbuki, o, həmin qızılın nə şəklini, nə də qızıl olduğunu görməyib. Şəbnəm onlara gələrək ağlayıb və kömək istəyərək deyib ki, onu da aldadıblar. Anası yataq xəstəsi olduğundan, onun öz anasının Şəbnəmə yazığı gəlib. Anası Şəbnəmlə birgə Sevilin evinə gedərək xahiş edib ki, Şəbnəmi polisə verməsinlər, cavan gəlindir. Yenə də, Şəbnəm etibarlarından sui-istifadə edərək, anasından xahiş edib ki, qızılları qoyub, pul götürsün bankdan. Şəbnəm anasına bildirib ki, ona bankdan pul götürsün, o, hər ay onun bank kreditini ödəyəcək. Anası Şəbnəmin göz yaşlarına inanaraq, atasından qalan qızılları, xalasının və bacısının qızıllarını qoyub, Bakıda “TuranBank”-dan xalasının adına 3000 manat pul götürüb. Daha sonra, Şəbnəmin şahidliyi ilə Sevil evə çağrılıb və evdə ona 3000 manat pulu verilib. Sevil pulunu götürüb gedəndə isə artıq polisə müraciət etməyəcəyini bildirib. Şəbnəm qalan qızılların pullarını alıb, hər ay verəcəyini və bankın ödənişlərini də hər ay edəcəyini bildirib və gedib. Lakin, Şəbnəm bankın pulunu yalnız üç ay ödədikdən sonra, qalan ayların ödənişlərini etməyib və buna görə də o, ödəməli olub. 510 manat pul ödədikdən sonra Şəbnəmin atası ona deyib ki, “Ona bir manat da ödəməyəcək.” Beləliklə, Şəbnəm heç nəyi ödəməyib. Yenidən həkimdə olduğu zaman, ona polisdən zəng gəlib ki, Sevil haqqlarında 102-yə müraciət edib. Sevil bilə-bilə ki, qızıllar Şəbnəmdədir, yenə də onu polisə verib. O, polisə çağırılıb, gedib ərizəni təqdim edib və Şəbnəmi də çağırmağa çalışıb. Lakin, Şəbnəm yenə də onun etibarından sui-istifadə edərək yazıb ki, Sevilin qızıllarını başqa adamlara satdığını polisə və məhkəməyə deməsin. Onların pulunu ödəyəcək. O da, Şəbnəmə yenidən inanaraq, Sevilin xaricindəki adamların adlarını çəkməyib. Lakin, Şəbnəm ona pul ödəməyib. Sevil isə Şamaxı Rayon Məhkəməsində ikili oynayaraq, pulu əvvəlcə hər ikisidən, yəni o və Şəbnəmdən tələb etsə də, sonradan həmin pulu ondan tələb edib. Həmin əmlakları Sevil özü şəxsən Şəbnəmə verdiyi halda, iddianı ona qarşı yönəldib. Sevil özü də, çox yaxşı bilib ki, qızıllar və pul Şəbnəmdədir. Bildirir ki, bu işlə bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Yuxarıda qeyd etdiklərini Polis Şöbəsində də, bildirib və cinayət işinin başlanmasının rəddi barədə qərarda bu öz əksini tapmışdır. Həmçinin mesajlı sübutları və səsyazmaları da mövcuddur və bunlar diskdə saxlanılır. Hər bir sübut dediklərini tam təsdiqləyir, bu da hər hansı bir yanlış anlaşılma və ya təhrifin qarşısını alır. xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – Vəkil2 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi – Vəkil1 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-440/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 23414 manat pul və ödənilmiş 160,24 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı X3 verilməsi qət olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1399/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-440/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, cavabdeh İddiaçı 23414 manat pulun alınaraq, iddiaçı X3 verilməsi, 160,24 manat dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı tutularaq, iddiaçı X3 verilməsi, iddia tələbinin dövlət rüsumuna aid digər hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan X2 müraciəti əsasında Şamaxı RPŞ-in TB-də toplanmış HK- 1/1472/2023 nömrəli materialların surətlərindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə izahat verərək, qızıl-zinət əşyalarının alqı-satqısı ilə əlaqədar X3 Cavabdeh ilə birgə 25046 manat məbləğində borcları var, həmin borcun 7382 manat hissəsi İddiaçı, 17664 manat hissəsi isə Cavabdehn aiddir. Həmin materiallarda olan xx.xx.2023-cü il tarixli İzahatdan görünür ki, Cavabdeh izahat verərək, İddiaçı 26750 manat məbləğində qızıl-zinət əşyalarını aldığını, həmin qızıl zinət-əşyalarından 4000 manat borcunun qaldığını, Arzu və Sevilə başqa heç bir borcunun olmadığını bildirmişdir. Həmin materiallarda olan İddiaçı tərəfindən aparılan qızıl-zinət əşyalarının alışı və satışının qeydiyyatı ilə bağlı dəftərin vərəqlərinin bir qisminin surətlərində Cavabdeh İddiaçı vasitəsi ilə X1 alınmış qızıl-zinət əşyaları üzrə ödənişlərin həyata keçirilməsi əks olunmuşdur. Məhkəmə tərəfindən tələb olunan və Şamaxı RPŞ-in TB-də toplanmış HK- 1/1472/2023 nömrəli materiallarında olan İddiaçı tərəfindən aparılan qızıl-zinət əşyalarının alışı və satışının qeydiyyatı ilə bağlı dəftərin əslindən görünür ki, Ülkər, Sevil, “Сивиет”, Günay, Solmaz, Fidan, Vüsalə, Leyla, Samirə (Əzət), Arzu, Cehunə və Sədaqət adlı şəxslərə məxsus 57049 manat dəyərində qızıllar İddiaçı vasitəsi ilə Cavabdeh tərəfindən nisyə götürülmüş və həmin qızıllar üzrə 35650 manat məbləğində ödənişlərin edilməsinin qeydiyyatı aparılmışdır (istinad olunan vərəqlər məhkəmə tərəfindən sarı kağızla işarələnmişdir). İş materiallarına əlavə edilmiş vatsap tətbiqi üzərində aparılmış yazışmaların şəkilləri, disk və yaddaş kartında (fleşkart) olan şəkillər və səs yazılarından tərəflər arasında qızılların alış-verişi və sifarişlərin verilməsi ilə bağlı müzakirələrin aparılması müəyyən olunur. İş materiallanda olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)- 949/2025 nömrəli qərardadından görünür ki, 416973******1640 nömrəli kartın və 523915******1123 nömrəli kartın kimə məxsus olması, xx.xx.2023-cü il tarixdən 06 mart tarixinədək mədaxil və məxaric olunan vəsaitin məbləği və tarixi, eləcədə nağdlaşdırma əməliyyatları zamanı terminaldaki kameralar vasitəsi ilə qeydə alınmış foto və video görüntülərin "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkəmənin məktubuna əlavə olunmuş qərarda təqdim olunan məlumatlar əsasında araşdırma aparılmasının mümkün olmaması, qeyd olunan hesab nömrəsinin bank əməliyyat sistemində aşkar olunmaması qeyd edilmişdir. Əlavə olaraq həmin məktubda göstərilmişdir ki, plastik kartlar üzərindəki 16 rəqəmin tam şəkildə və ya kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair qəbz təqdim olunarsa, yenidən araşdırmanın aparıla bilər. Hazırki mübahisənin düzgün həll edilməsi ilə bağlı məhkəmə ilk öncə tərəflər arasında yaranmış münasibətlərin hüquqi təbiətinin müəyyən edilməsini zəruri hesab edir. İş materiallarında olan sübutlarla və xüsusən də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1399/2024 nömrəli qətnaməsində göstərilən hüquqi mövqe ilə (Səh. 5) müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında qızılların nisyə götürülməsi ilə əlaqədar tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər üzrə tərəflər arasında qızılların nisyə satışı ilə bağlı tapşırıqların (qızılların) verilməsi, tapşırıqların bir hissəsinin icra edilərək, əldə olunmuş pulların cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, bir hissəsinin icra edilməsinə baxmayaraq, əldə edilmiş pulların cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi iş materiallarında olan qızıl əşyalarının alışı və satışının qeydiyyatı ilə bağlı dəftərin əsli və istinad olunan digər sübutlarla təsdiq olunur. Məhkəmə göstərilən dəftəri iş üzrə əhəmiyyət kəsb edən halları təsdiqləyən sübut kimi qəbul etməsini onunla əsaslandırır ki, Şamaxı RPŞ-in TB-də toplanmış HK- 1/1472/2023 nömrəli materiallarında və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(105)-1399/2024 nömrəli qətnaməsində həmin dəftər sübut kimi qəbul edilmiş və hüquqi qiymət verilmiş, eləcədə cavabdehin nümayəndəsi – Vəkil1 tərəfindən həmin dəftərin vərəqlərinin surətləri ödənişlərin edilməsini təsdiq edən ödəniş sənədi kimi (X1 alınmış qızıllarla bağlı) təqdim edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin dəftərin X1 alınmış qızıllarla bağlı məlumatları əks etdirən vərəqlərinin surətləri cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq edən ödəniş sənədi kimi təqdim edildiyindən, iddiaçı tərəfindən isə həmin dəftərə qızılların alışını və satışını (təhvil-təslimini) təsdiqləyən sənəd kimi istinad olunduğundan qeyd olunan dəftər sübut hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər qeyd edilən dəftərə qızılların verilməsi və həmin qızıllar üzrə ödənişlərin edilməsini təsdiq edən dəlil kimi istinad etdiklərindən, işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olduğundan, həmçinin həmin dəftərə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyindən adıçəkilən dəftər sübut kimi qəbul olunmalıdır. Həmin dəftərin sarı kağızla işarələnmiş vərəqlərində cavabdehə verilmiş qızılların adları, çəkiləri və iş üçün əhəmiyyətli olan satış qiyməti göstərilmişdir. Həmçinin həmin vərəqlərdə ödənişlərin tarixləri və məbləğləri də, qeyd edilmişdir. Məhz bu səbəbdən də, məhkəmə iddiaçının nümayəndəsi tərəfindən əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətini təmin etməmişdir. Ekspertizanın təyin edilməsi zərurətini aradan qaldıran digər hal ondan ibarətdir ki, cavabdeh tərəfindən qızılların dəyəri deyil, təhvil verilən qızılların miqdarı mübahisələndirilir. Təhvil verilmiş qızılların miqdarı və dəyəri yuxarıda göstərilən dəftərdə dəqiqliklə göstərilmişdir. Belə olan halda, məhkəmə adıçəkilən dəftəri sübut kimi qəbul etdiyindən həmin dəftərdə əks olunan məlumatları iş üzrə digər sübutlarla əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, istinad olunan dəftərin X1 alınaraq, İddiaçı vasitəsi ilə Cavabdeh verilmiş qızıllar üzrə ümumi qalıq borcu ilə Şamaxı RPŞ-in TB-də toplanmış HK-1/1472/2023 nömrəli materiallarda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarda İddiaçı həmin borcun Cavabdeh aid hissəsi ilə bağlı izahatı müqayisəli şəkildə təthlil edildikdə, bir-birinə kifayət qədər yaxın borc məbləğinin olması müəyyən edilir. Göstərilən dəftərdə X1 alınaraq, İddiaçı vasitəsi ilə Cavabdeh ümumilikdə 34204 manat məbləğində (qızılların satış dəyəri vərəqlərin saö və sol, orta hissələrində qeyd edilmişdir) qızılın verilməsi, həmin qızıllardan 16300 manat məbləğində ödənişin edilməsi, 17904 manat borcun qalması müəyyən edilir. Şamaxı RPŞ-in TB-də toplanmış HK- 1/1472/2023 nömrəli materiallarda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda isə İddiaçı izahatında X1 alınaraq, İddiaçı vasitəsi ilə Cavabdeh verilmiş qızıllar üzrə 17664 manat borcun qaldığını bildirmişdir. İddiaçı Cavabdeh qarşı olan iddia tələbi yalnız X1 alınmış qızıllarla bağlı olmadığından, digər şəxslərdən də, alınan qızıllar üzrə ödənişlərin edilməməsi ilə bağlı olduğundan məhkəmə qeyd olunan dəftər üzrə digər şəxslərdən alınmış qızıllar üzrə yaranmış borcun müəyyən edilməsini zəruri hesab etmişdir. Digər şəxslərdən alınan qızılların alışı və satışı, ödənişlərin edilməsinin qeydiyyatı X1 alınmış qızılların alışı və satışı, ödənişlərin edilməsinin qeydiyyatı ilə eyni forma və məzmunda aparılmışdır. Aparılmış qeydiyyat üzrə Ülkər, “Сивиет”, Günay, Solmaz, Fidan, Vüsalə, Leyla, Samirə (Əzət), Arzu, Cehunə və Sədaqət adlı şəxslərdən ümumilikdə 22845 manat dəyərində qızıllar alınaraq, cavabdehə verilmiş, cavabdeh tərəfindən 19350 manat məbləğində ödəniş edilmiş, nəticədə 3495 manat məbləğindən borc qalmışdır. X4 və adları çəkilən şəxslərə olan ümumi borc 21399 manat təşkil edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-949/2025 nömrəli qərardadı əsasında "xxxx" ASC-dən tələb olunan məlumatlar "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilən səbəblərə görə təqdim edilmədiyindən, həmin məlumatların əldə edilə bilməsi üçün Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Cavabdeh qeyd edilən məlumatların təqdim edilməsi tələb edilsə də, təqdim edilmədiyindən məhkəmə mübahisənin araşdırılmasını iş üzrə mövcud sübutlar əsasında aparılmasını davam etdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından qızılların təhvil verildiyini və verilən qızılların razılaşdırılmış dəyərini, iddiaçı, verilmiş qızıllar üzrə ödənişlərin edilməsini və ödənilmiş pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehə müxtəlif adda, çeşiddə, çəkidə və dəyərdə qızılların verməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş vatsap yazışmaları və qeydiyyat dəftəri ilə təsdiq olunur. Lakin, cavabdeh tərəfindən təhvil alınmış qızıllar üzrə bütün ödənişlərin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən sübutlar yalnız təhvil alınmış qızılların bir qismi üzrə ödənişlərin edilməsini təsdiqləyir. Məhkəmə hesab edir ki, işin araşdırılmış halları cavabdehin iddiaçı ilə arasında formalaşmış münasibətlərlərdən əməl gələn hüquq və vəzifələr üzrə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmədiyinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia ərizəsinin məzmunundan, iddiaçının və onun nümayəndəsinin izahatlarından formalaşmış borcun yalnız X1 alınnan qızıllarla bağlı olmadığı aydın şəkildə başa düşülür. Lakin, cavabdeh tərəf ödənişlərin edilməsini təsdiqləyən sübut kimi yalnız Şamaxı RPŞ-də aparılmış araşdırılma materiallarında olan sənədləri təqdim etməklə, tərəflər arasında qızıllarla bağlı münasibətlərin yalnız X1 alınan qızıllarla bağlı olması görünüşünü yaratmağa çalışmışdır. Bunun səbəbini isə məhkəmə onunla izah edir ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında olan vatsap səs yazışmalarında cavabdehlə iddiaçının Şamaxı rayon Polis Şöbəsində aparılan araşdırma üzrə və X2 iddiası üzrə Şamaxı rayon Məhkəməsinin icraatında olmuş 2(074)-440/2024 saylı iş və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(105)-1399/2024 saylı mülki iş üzrə yalnız X3 olan borcun bildirilməsinə dair iddiaçı ilə cavabdeh arasında razılaşma əldə olunmuşdur. Digər şəxslərdən alınan qızıllarla bağlı iddiaçı tərəfindən həmin razılaşmaya əsasən, polis şöbəsinə və məhkəmələrə heç bir məlumat verilməmişdir. Cavabdeh digər şəxslərdən alınan və cavabdehə təhvil verilən qızıllarla bağlı Şamaxı RPŞ-də və yuxarıda qeyd olunan məhkəmələrdə heç bir araşdırma aparılmamasına və sübutların olmaması ehtimalına güvənərək, digər şəxslərdən alınan qızıllardan yaranan borclardan yayınmağa cəhd etmişdir. Məhkəmə cavabdehin qeyd olunan hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, Cavabdeh 21399 manat pul alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən tələb olunan 185 manat 50 qəpik dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq, 154 manat 20 qəpik hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 21399 manat pul və 154 manat 20 qəpik dövlət rüsumu alınıb, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar