Məhkəmə qərarları › İş №2(074)-96/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-96/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-96/2025 06.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X3 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 2800,00 manat ziyanın X1 Agentliyindəki Benifisiarın adı 5 saylı X3 Mərkəzi, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu 1 hesaba ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, xx.xx.2023-cü il tarixində Mərkəzin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayısının 23-cü kvartalında qanunsuz yolla 600 baş qoyun sürüsünün meşə ərazisinə daxil olması və sürü tərəfindən 2,0 ha aqrobağın otarılaraq məhv edilməsi nəticəsində X7 2800,00 manat ziyan vurmuşdur. Meşə Fondu sahələrində öz başına malqara otarmasına görə Cavabdeh "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin " 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirdi ki, o, X2 və Cavabdeh 20 ildən yuxarıdır ki, tanıyır. Cavabdeh hazırda onun heyvanlarına çobanlıq edir. Təsərrüfat ona məxsusdur, əgər cərimə olunası şəxs varsa o da odur. Bu iş tam qərəzli işdir. Yalandan deyilib ki, guya 3 hektar qoz bağı var idi. Sumqayıt Apellyasiya Məhkəməsi də təsdiq etdi ki, həmin ərazidə qoz bağı yoxdur. 2016-cı ildə qoz bağı əkilməli idi, amma əkilmədi. Pulu mənimsədilər. 20 ildir ki, təsərrüfat saxlayır, heyvanlar həmişə oradan su içib və içəcək də. Heyvanların su içdiyi yer meşə deyil, pay torpağıdır. Bununla bağlı onda xəritə də var. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Mərkəzin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayının ərazisində öz başına mal-qara otarmışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-151/2024 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 avqust 2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə” haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İdarəsinin 25 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli “inzibati tənbeh vermə” haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-151/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 005733 saylı aktın surətindən görünür ki, Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayına baxış keçirən zaman bir nəfərin 600 baş xırda buynuzlu heyvanları ərazidə otardığı müəyyən edilmiş. Cavabdeh tərtib olunmuş akta imza etməkdən və izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli həcm-qiymət cədvəlindən görünür ki, Cavabdeh tərəfindən meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə 2800 manat ziyan hesablanmışdır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli imtina aktının surətindən görünür ki, Cavabdeh meşə qanunvericiliyini pozduğu barəsində tərtib edilmiş 07 avqust 2023-cü il tarixli 005733 nömrəli akta və ******* nömrəli protokola imza etməkdən və bu haqda izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş maddi ziyana görə 2800,00 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2800,00 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X3 Mərkəzinə (X1 Agentliyindəki Benifisiarın adı 5 saylı X3 Mərkəzi, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu 1) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar