Məhkəmə qərarları › İş №2(074)-97/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-97/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-97/2025 06.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X4 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 1060,00 manat ziyanın X1 Agentliyindəki Benifisiarın adı 5 saylı X4 Mərkəzi, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu 1 hesaba ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, xx.xx.2024-cü il tarixində Mərkəzin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayısında özbaşına 250-300-ə yaxın xırdabuynuzlu heyvan sürüsünün meşə ərazisinə daxil olması və sürü tərəfindən meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin, cücərtilərin otarılaraq məhv edilməsi nəticəsində X9 1060,00 manat ziyan vurmuşdur. Meşə Fondu sahələrində öz başına mal-qara otarmasına görə Cavabdeh "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, heyvanları əslində o, otarır. 30 avqust 2024-cü il tarixdə atası onun yanına qonaq gəlmiş, həmin gün onun işi olduğundan atası heyvanlara nəzarət etmişdir. Atası barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verib bildirdi ki, o, Cavabdeh və X3 20 ildən yuxarıdır ki, tanıyır. X6 hazırda onun heyvanlarına çobanlıq edir. Təsərrüfat ona məxsusdur, əgər cərimə olunası şəxs varsa odur. Bu iş tam qərəzli işdir. Yalandan deyilib ki, guya 3 hektar qoz bağı var idi. Sumqayıt Apellyasiya Məhkəməsi də təsdiq etdi ki, həmin ərazidə qoz bağı yoxdur. 2016-cı ildə qoz bağı əkilməli idi, amma əkilmədi. Pulu mənimsədilər. 20 ildir ki, təsərrüfat saxlayır, heyvanlar həmişə oradan su içib və içəcək də. Heyvanların su içdiyi yer meşə deyil, pay torpağıdır. Bununla bağlı onda xəritə də var. Məhkəmə cavabdehin nümayəndəsi izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Mərkəzin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayının ərazisində öz başına mal-qara otarmışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli, 002743 saylı aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayına baxış keçirən zaman bir nəfərin 250-300 baş xırda buynuzlu heyvanları meşə ərazisində otardığı müəyyən edilmiş, həmin şəxsdən heyvanları meşə ərazisindən çıxarmaq tələb edildikdə isə, o, həmin tələbə məhəl qoymamışdır. Cavabdeh tərtib olunmuş akta imza etməkdən və izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli həcm-qiymət cədvəlindən görünür ki, Cavabdeh Əlibaba oğlu tərəfindən meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə 1060 manat ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş maddi ziyana görə 1060,00 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1060,00 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X4 Mərkəzinə (X1 Agentliyindəki Benifisiarın adı 5 saylı X4 Mərkəzi, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu 1) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar