Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-973/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3211,9 ABŞ dolları əsas borc, 529,2 ABŞ dolları faiz borcu və 160,1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3901,2 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 13.05.2016-cı il tarixli, 2(074)-1214/2016 saylı məhkəmə əmri ilə borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3211.9 ABŞ dolları əsas, 529.2 ABŞ dolları faiz borcu və 160.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 3901.2 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Daha sonra Cavabdeh2 məhkəmə əmrinə etiraz ərizəsi verərək 13.05.2016-cı il tarixli, 2(074)-1214/2016 saylı məhkəmə əmrin ləğv edib iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(074)-973/2021 saylı qərardaddı ilə Şamaxı rayon Məhkəməsinin 13.05.2016-cı il tarixli 2(074)-1214/2016 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 33 faizlə 24 ay müddətində 3820 ABŞ dolları kredit götürmüşdür. Borcunun təminatı olaraq Cavabdeh1 ilə 14 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 31 mart 2016-cı ilədək Cavabdeh2 banka 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3211,9 ABŞ dolları əsas borc, 529,2 ABŞ dolları faiz borcu və 160,1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3901,2 ABŞ dolları borcu vardır. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və iddiaçı isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməsələr də, iddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 14.01.2015-ci il tarixli ********* saylı kredit xətti müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 33 faizlə 24 ay müddətində 3820 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 14.01.2015-ci il tarixli 340007861/ZM saylı saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 14.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüş və zamin olmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 27.12.2017-ci il tarixli 2- 1(103)3194/17 saylı qərarının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan 14.01.2015-ci il tarixli kreditin verilməsi barədə qəbzdən görünür ki, Cavabdeh2 "xxxx" ASC-dən 3820 ABŞ dolları məbləğində krediti qəbul etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 14.01.2015-ci il tarixli kredit razılaşması üzrə ləğv prosesində olan "xxxx" ASC-yə 31.03.2016-cı il tarixə 3211,9 ABŞ dolları əsas, 529,2 ABŞ dolları faiz və 160,1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3901,2 ABŞ dolları borcu vardır. İş materiallarında olan xəbardarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit xətti və bunun əsasında kredit müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 160,1 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 3211,9 ABŞ dolları əsas, 529,2 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 3761,1 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh2 və Cavabdeh1 3211,9 ABŞ dolları əsas, 529,2 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 3761,1 ABŞ dolları borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-973/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-973/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver