Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-979/2025 14.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin avqust ayında bir yerdə işləməyi ilə əlaqədar tanış olub. Bir müddət sonra ona külli miqdarda borcunun olduğunu bildirib və ondan borc pul verməyini xahiş edib. O, cavabdehin səmimiliyinə inanaraq 2022-ci ilin avqust ayında 20.000 (iyirmi min) manat məbləğində ona borc pul verib. Cavabdeh almış olduğu pulu 30 avqust 2023-cu il tarixə kimi qaytarmağa söz verib. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşüb. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, cavabdeh ilə birlikdə 14 il birlikdə işləyib. Borcu avqust 2022-ci ildə verib. Cavabdeh 1 il müddətinə pulu qaytarmalı idi. Cavabdeh külli miqdarda ziyana düşüb. Cavabdehlə münasibətləri yaxşı olduğundan ona inanaraq pulu ona əlbəəl vermiş, heç bir rəsmiləşdirmə tələb etməmişdir. Cavabdeh hər dəfəsində borcunu qaytaracağına söz verdiyindən məhkəməyə indi müraciət etmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, o, İddiaçı və Cavabdehlə bir yerdə işləmişlər. Onların münasibətləri yaxşı olmuşdur. 2022-ci ildə cavabdeh iddiaçıdan 20000 manat borc istəmişdir. Buna görə də İddiaçı 2022ci ilin avqust ayında öz evinin yanında cavabdehə 20000 manat borc vermişdir. Eşitdiyinə görə cavabdeh həmin pulu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, göstərilən xüsusatlarda cinayət hadisəsi və inzibati xəta tərkibi müəyyən edilmədiyindən, həmçinin qeyd edilən məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edə, habelə mülki hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırılması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından Cavabdeh 20 000 manat pulun borc verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı Cavabdeh ona ümumilikdə 20 000 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 150 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-979/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-979/2025
14.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver