Məhkəmə qərarları › İş №2(074)-998/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-998/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-998/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 26 dekabr 2019-cu il tarixli LOKB1-6642-2372 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada kreditor "xxxx" BOKT MMCnin xeyrinə 6 234,60 manat əsas borc, 13,32 manat cari faiz borcu olmaqla, cəmi 6 247,92 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında 26 dekabr 2019-cu il tarixli LOKB1-6642-2372 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 6.489,22 (altı min dörd yüz səksən doqquz) manat məbləğində güzəştli kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 26 dekabr 2019-cu il tarixli LOKB1-6642- 2372+LOKB1-6649 saylı zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 (on iki) ay ərzində hər ay 6,00 (altı) manat, növbəti 48 (qırx səkkiz) ay ərzində isə hər ay 138,00 (bir yüz otuz səkkiz) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. İddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməməsələr də, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 dekabr 2019-cu il tarixli, LOKB1-6642-2372 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla 6.489,22 (altı min dörd yüz səksən doqquz) manat məbləğində güzəştli kredit verilmişdir. İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli LOKB1-6642-2372+LOKB1-6649 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 26 dekabr 2019-cu il tarixli, LOKB1- 6642-2372 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini yerinə yetirmədiyi hallarda kreditor qarşısında borclu ilə birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 dekabr 2019-cu il tarixli, LOKB1-6642-2372 saylı kredit müqaviləsi üzrə 13.08.2021-ci il tarixədək "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 6 234,60 manat əsas, 13,32 manat cari faiz, cəmi 6 247,92 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələri üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə əsaslanaraq cavabdehə verdiyi krediti və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 26.12.2019-cu il tarixli, LOKB1-6642-2372 saylı kredit müqaviləsi üzrə 6234,60 manat əsas borc, 13,32 manat faiz borcu olmaqla, cəmi 6247,92 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən və beləliklə cavabdehin krediti vaxtında ödəməməsi iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli LOKB1-6642-2372 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 26 dekabr 2019-cu il tarixli LOKB1-6642-2372 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə yaranmış 6234,60 manat əsas borc, 13,32 manat cari faiz borcu olmaqla, cəmi 6247,92 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar