Məhkəmə qərarları › İş №2(075)-1042/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1042/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1042/2021 17.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 2015-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh tutulan aliment miqdarının artırılaraq hər ay 175 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 02 iyun 2021-ci il tarixdə ərizə göndərərək üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 oktyabr 2014-cü il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 20 oktyabr 2015-ci il tarixdə X3 adlı övladları olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(076)-1689/2017 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan anadan olan Hikmət onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(075)-1937/2019 saylı qətnaməsi ilə cavabdehdən hər ay 130 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşağın tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, İddiaçı ilə birgə nikahlarından 20 oktyabr 2015-ci il tarixdə Hikmət adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan X3 iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)- 1937/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 manat məbləğində aliment təyin edilmişdir. Həmçinin, maaşdan əlavə uşağa bacardığı qədər köməklik edir. Özü yenidən nikaha daxil olmuşdur. Əməliyyat olunmalı olsa da, imkanı çox aşağı olduğundan müalicə və əməliyyat oluna bilmir. Himayəsində yaşlı və xəstə anası var. Özü hərbçidir. Hazırda Kəlbəcərdə xidmət edir. Hazırkı alimenti ödəməkdə belə çətinlik çəkir. Bütün bunları nəzərə alaraq məhkəmədən alimentin artırılmamasını xahiş edir. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 20 oktyabr 2015-ci il tarixdə Hikmət adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)- 1937/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X2 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1937/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 20 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1937/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 20 oktyabr 2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-1937/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 20 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-1937/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar