Məhkəmə qərarları › İş №2(075)-1112/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1112/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1112/2020 21.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vərəsəsi Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 3961.23 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 3961.23 manat borc, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik faiz dərəcəsi 26 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən kredit götürən həmin məbləği ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Borclu Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xx xxx 2020-ci il tarixli, 745 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 adına vərəsəlik işi açılmış və vərəsəsi Cavabdeh2 mərhumdan qalan əmlakı qəbul etmişdir. Hazırda Cavabdeh1 İddiaçı ASC-yə ödənilməmiş 3961.23 manat əsas borcu vardır. Cavabdeh2 mərhum Cavabdeh1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında öhdəliklərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 göstərdi ki, mərhum Cavabdeh1 onun qardaşıdır. Həqiqətən də İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən mərhuma 48 ay müddətinə illik faiz dərəcəsi 26 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh1 kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Borclu Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Mərhum Cavabdeh1 adına vərəsəlik işi açılmış və vərəsəsi kimi o, mərhumdan qalan əmlakı qəbul etmişdir. Mərhumun adına avtomobil olmuş, miras əmlak kimi onu qəbul etmiş və 11000 manata satmışdır. Həmin pulun bir hissəsi dəfn və mərasim xərclərinə, digər hissəsi isə mərhumun borclarına sərf edilmişdir. O, borcu ödəməkdən boyun qaçırmır. Əgər qanunda belə bir müddəa nəzərdə tutulubsa yerinə yetirəcəkdir. Lakin məhkəmədən həmin borcu hər ay 50 manat olmaqla hissə-hissə tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan İddiaçı X4 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik faiz dərəcəsi 26 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 4743 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xx xxx 2020-ci il tarixli, 745 saylı məktubudan görünür ki, Cavabdeh1 mirası ilə bağlı vərəsəlik işi açılmış, onun vərəsəsi Cavabdeh2 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 5016-xx.xx.2018-002850 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmişdir. Kredit götürən Cavabdeh1 vəfat etmiş, onun mirası ilə bağlı vərəsəlik işi açılmış və vərəsəsi Cavabdeh2 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh vərəsə olaraq müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 mərhum Cavabdeh1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında öhdəliklərinin icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 1306, 1146, 1255-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh1 vərəsəsi Cavabdeh2 3961.23 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 3961.23 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 vərəsəsi Cavabdeh2 3961.23 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 3961.23 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar