Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1181/2020 06.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızına qarşı «evdən yaşamaq hüququnun tanınması və evə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mərhum atası X4 adına olan yaşayış evinin bir otağında iki uşağı ilə birlikdə özünün, digər otağında isə 85 yaşlı anası İddiaçı2 yaşamaq hüququnun tanınması, həmçinin mərhum atası X4 adına verilmiş pay torpaqlarından və fındıq bağından onların istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən X2ndan qalmış miras evdə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdırlar ki, İddiaçı1 xx xxxx 1974-cü il tarixdə Şəki rayonu İkinci Biləcik kəndində anadan olmuşdur. Digər İddiaçı2 xx xxxxxx 1935-ci il tarixdə anadan olmuşdur. Mərhum X1 Qəniyrə Ata qızının əri, İddiaçı1 atasıdır. O, xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. X8 ilə İddiaçı2 köhnə qayda ilə kəbin kəsdirərək 1961-ci ildə ailə qurmuşlar. Lakin rəsmi nikahları olmamışdır. X7, X6, Əhmədova Möhübbət Oruc qızı, Cavabdeh1 və İddiaçı1 adlı uşaqları dünyaya gəlmişdir. Onların hər biri ailə quraraq müxtəlif ünvanlarda yaşamışlar. İddiaçı1 xx xxxxxx 2003-cü il tarixdə Şəki rayonu Baltalı kənd sakini X19 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx xxxxxxxx 2001-ci il tarixdə X14 və xx xxxxxxxx 2003-cü il tarixdə X17 adlı uşaqları dünyaya gəlmişdir. Lakin münasibətləri uyğun gəlmədiyinə görə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. X12 adına heç bir əmlak olmadığından İddiaçı1 qarşı heç bir tələb irəli sürə bilməmişdir. Uzun illər Şəki şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Artıq dördüncü ildir ki, anası İddiaçı2 da onunla birlikdə yaşayır. Ona görə ki, qardaşı və hazırkı iş üzrə cavabdehlər onlara öz doğma evlərinə ayaq basmağa belə imkan vermirlər. Dəfələrlə onları yaxşılıqla başa salmağa çalışmışsalar da faydası olmamışdır. Bundan sonra notarial əməliyyat aparılması üçün lazım olan 1 saylı formanı almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı X27 ərizə ilə müraciət etmişdir. Bu məqsədə ayrılan mütəxəssislə birlikdə ölçü işlərini yerinə yetirmək üçün sözügedən evə gəlmişlər. Lakin hazırkı iş üzrə cavabdehlər dava-dalaş törətmiş, onlara ölçü işləri aparmağa qoymamışlar. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbi qanunsuz və əsassızdır və buna görə də rədd edilməlidir. Belə ki, İddiaçı1 2000-ci il tarixində nikaha daxil olmuş, mübahisə predmeti olan və Şəki rayonu İkinci Biləcik kəndində yerləşən fərdi yaşayış evindən getmişdir. Nikahlarından 2001 və 2003-cü il təvəllüdlü Zümrüd və Nurlan adlı övladları doğulmuşdur. İddiaçı artıq 20 ildir ki, mübahisə predmeti olan mənzildə yaşamır. Cavabdeh İddiaçı1 heç kim məcburi evdən çıxarmamış, onun evdən köçüb getməsinin səbəbi nikaha daxil olmasıdır. Bundan başqa mübahisə predmeti olan, vaxtilə bir mərtəbədən ibarət olan fərdi yaşayış evi yaşayış yeri üçün tam yararsız olduğundan, İddiaçı2 mənzildə yaşamaq istəmədiyindən və qızının yanında qalıb ona dəstək olmaq istədiyindən İddiaçı1 anası İddiaçı2 özü ilə aparmışdır. Hətta dəfələrlə anasının onunla qalması, ona dəstək və təsəlli olması üçün minnət-xahiş etmiş, anası da bununla razılaşaraq İddiaçı1 yanına köçmüşdür. Lakin evdən məcburi çıxarılmamaları, öz istəkləri ilə mənzildən çıxıb getmələrinə baxmayaraq onlara qarşı iddia ilə məhkəməyə müraciət etmiş və hal-hazırda yaşayış üçün tam yararsız olan, döşəməsiz, əşyasız yaşayış sahəsinə köçürülmələrini tələb edirlər. Halbuki həmin mənzildə nəinki şərait, hətta evin heç döşəməsi belə yoxdur. Anası mənzildən çıxıb getdikdən sonra o, köhnə tikilinin üstündən yeni yaşayış sahəsi inşa etdirmişdir. Bacısı İddiaçı1 və anası İddiaçı2 bu köhnə evdə yaşayan zaman heç bir əlavə tikili olmamış, fərdi yaşayış evi ancaq köhnə tikilidən ibarət olmuşdur. Əlavə tikili yoldaşının qızıl-ziynət əşyaları, mal-qara satılaraq əldə edilən şəxsi vəsaiti hesabına inşa edilmişdir. İddiaçı1 2000-ci ilədək, yəni X19 ilə nikaha daxil olanadək köhnə tikilidə yaşamışdır. Hal-hazırda 20 ildir ki, o, mübahisəli mənzildə yaşamır. O, öz istəyi ilə mənzildən köçmüş, həyat yoldaşı ilə yaşamış, yaşadığı evdə övladları dünyaya gəlmişdir. Digər İddiaçı2 isə mənzildə yaşamaq istəmədiyindən qızının yanında qalıb ona dəstək olması məqsədilə İddiaçı1 yaşadığı evə köçmüşdür. İddiaçıların heç biri yaşayış yerindən məhrum edilməmişdir. İddiaçı1 20 il ərzində mənzildə yaşayış hüququnun bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş və bununla da mənzilə heç bir hüququnun olmadığını hərəkətləri ilə nümayiş etdirmişdir. Digər İddiaçı2 isə 4 il ərzində məhkəməyə müraciət etməmişdir. Odur ki, iddia tələbinə baxılan zaman iddia müddətinin də tətbiq edilməsi zəruridir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh İbrahimxəlilova (Babayeva) Ruhiyə Baba qızı Cavabdeh1 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, **********68 saylı məktubdan görünür ki, X4 adına Şəki rayonu İkinci Biləcik kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.8148 ha əkin torpaq sahəsi X8 və ailə üzvlərinin adına Xidmətin 12 saylı X25 qeydiyyata alınmışdır. Şəki rayon X11 xx xxxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu İkinci Biləcik kəndində 0.0494 ha, 0.0566 ha, 0.3969 ha həyətyanı torpaq sahələrinə Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən paylı mülkiyyətdə (4 nəfər ailə üzvü olmaqla) X4 adına torpaq sahəsinin plan və ölçü sənədləri tərtib edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 343 inventar nömrəli, 1987-ci il tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, İİ Biləcik dəndində yerləşən fərdi yaşayış evi X5 məxsusdur. İşdə olan Şəki şəhər İHB-nin Biləcik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxx 2006cı il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər İHB-nin Biləcik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair xx xxxxxx 2017-ci il tarixli, 825 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2006-cı il tarixdə vəfat etmiş X4 vərəsələri bunlardır: arvadı – İddiaçı2, oğlu – X18, qızı – X6, qızı – Əhmədova Möhübbət Oruc qızı, oğlu – Cavabdeh1, qızı – İddiaçı1. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mübahisəli fərdi yaşayış evi X2na məxsusdur. X8 İddiaçı2 ilə ailə qurmuş, onların birgə nikahlarından X18, X6, Əhmədova Möhübbət Oruc qızı, Cavabdeh1, İddiaçı1 adlı övladları olmuşdur. Mübahisə predmeti olan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən fərdi yaşayış evi 1987-ci il tarixdə X4 adına qeydiyyata alınmaqla hazırda onun mülkiyyətindədir. Lakin cavabdehlər iddiaçıların qeyd olunan ünvanda yaşamasına maneələr yaradılır. Bu səbəbdən də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehlər isə məhkəmə iclasında iştirak edərək iddianı qəbul etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X22 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X22 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə İddiaçı2 münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, yaşayış sahəsindən istifadə ilə bağlı mübahisəli hüquq münasibəti 1961-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxx 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixdən əvvəl yarandığından həmin münasibətlərə həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi İddiaçı2 evin mülkiyyətçisi X8 ilə birlikdə həmin evdə 40 ilə yaxın bir müddət yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmişdir. Buna görə də İddiaçı2 evin ailə üzvü hesab edilməlidir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan evə köçən zaman başqa qeyd-şərt göstərməmiş, evin mülkiyyətçisi ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Buna görə də İddiaçı2 həmin evdən öz iradəsinin ziddinə olaraq cavabdehlər tərəfindən çıxarıla bilməz. Bu əsasla məhkəmə hesab edir ki, İddiaçı2 evdən istifadə hüququnun tanınması, onun həmin evə köçürülməsi tələbləri əsaslıdır və təmin edilməlidir. Məhkəmə İddiaçı1 münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx xxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. Qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər. Ə.Ə.Axverdiyevin şikayəti üzrə X22 Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. Bu baxımdan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mübahisəli fərdi yaşayış evi hazırda tam mülkiyyət hüququ üzrə X2nun adına olsa da İddiaçı1 vərəsə kimi həmin fərdi yaşayış evindən gələcəkdə “gözlənilən” mülkiyyət hüququ vardır. Beləliklə, İddiaçı1 “mülkiyyət hüququ gözlənilən” şəxs olmaqla o, həmin fərdi yaşayış evindən qanunsuz olaraq çıxarıla bilməz. Azərbaycan Respublikasının xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa sazişi olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi İddiaçı1 1974-cü ildə mübahisəli evdə doğulmuş, ailə quranadək həmin evdə yaşamış, mülkiyyətçi və onun ailə üzvləri ilə birlikdə ümumi təsərrüfat aparmış, kirayəçinin ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olmuşdur. Bu baxımdan İddiaçı1 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə vərəsə kimi “gözlənilən” mülkiyyət hüququ olsa da, qeyd edilən fərdi yaşayış evindən istifadə etməsinə dair “mülkiyyət hüququ gözlənilən” şəxslə heç bir notarial razılaşması olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən X2ndan miras qalmış fərdi yaşayış evindən istifadə hüququ tanınmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar iddia ərizəsinin qaldırılması ilə bağlı ödədikləri dövlət rüsumunu tələb etmədiklərindən 10 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən X2ndan miras qalmış fərdi yaşayış evindən istifadə hüququ tanınsın. İddiaçı1 və İddiaçı2 Şəki rayonu İkinci Biləcik kəndində yerləşən X2ndan miras qalmış fərdi yaşayış evinə köçürülsünlər. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1181/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1181/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver