Məhkəmə qərarları › İş №2(075)-1256/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1256/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1256/2020 11.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh1 vəkili X2 oğlunun iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrinə 748.89 manat məbləğində kredit borcu, 57.17 manat məbləğində faiz borcu və 5106 manat cərimə olmaqla, ümumilikdə 5912.06 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi Emin Əliyev məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1251.11 manat ödəniş etmiş və onun iddiaçıya 748.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx xxxx 2020-ci il tarixə 1614 gün üçün hesablanmış faiz borcu 57.17 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün cərimə ödəməlidir. xx xxxx 2020-ci il tarixə 1614 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 5106 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2009-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili X1 göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsinə əsasən sonuncuya aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2009-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 həmin kreditin bir hissəsini ödəmişdir. İddiaçı QSC Cavabdeh1 ilə arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqavilənin müddətinin bitməsindən 7 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 2000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və Cavabdeh1 bank qarşısında xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2009-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək iddianı müdafiə etmiş, Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv vəqərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, müqavilə öhdəliyi ilə bağlı yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə tərəflər arasında bağlanmış sığorta aktında başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi mövcud olmuş, beləliklə də onlar arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin müddəti xx xxxxxx 2010-cu il tarixdə bitmişdir. Lakin iddiaçı müqavilə öhdəliyi üzrə üç illik tələb etmə müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, bu öhdəliklər üzrə icra müddəti bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Lakin iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini bildiyi halda xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətin ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə tərəfin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı məhkəmədə iştirak etməməklə bunu sübut edə bilməmiş, cavabdeh tərəfindən borcun ödənilmədiyini bildiyi halda məhkəməyə iddia ərizəsi ilə yalnız xx xxxxxx 2020-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2 («Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır»), 375.2-ci («Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır») maddələrini rəhbər tutmaqla bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin oluna bilməz. X3 Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrinə 748.89 manat məbləğində kredit borcu, 57.17 manat məbləğində faiz borcu və 5106 manat cərimə olmaqla, ümumilikdə 5912.06 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar