Məhkəmə qərarları › İş №2(075)-1291/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1291/2021

16.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1291/2021 16.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Əvvəl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdehlər Cavabdeh4 Əvvəl qızı və Cavabdeh2 tərəfindən bağlanmış qapının açılması və həmin ünvanda müvafiq sənədləşmələrinin (ölçmə işlərinin) aparılması üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarına yarana biləcək maneəçiliyin törədilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Əvvəl qızına qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən bağlanmış çöl-həyət və ev qapılarının açılması, mərhum atası X2 miras qalmış fərdi yaşayış evləri üzərində ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin nümayəndələri tərəfindən müayinə-ölçü işlərinin aparılmasına yaradılan maneələrin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun bibiləri, Cavabdeh2 onun əmisi və Cavabdeh4 onun mərhum əmisinin həyat yoldaşıdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərindən ikisi atası X4 məxsus olmaqla, onun mülkiyyətində olmuşdur. Buna dair texniki pasportlar verilmişdir. Anası və atası 2008-ci ildə boşanmışlar. Atası 01 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. O, atasının yeganə birinci növbə vərəsəsidir. Yetkinlik yaşına çatdıqdan sonra atasından qalmış mirasın onun tərəfindən vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, ərizəsi təmin edilmişdir. Bundan sonra atasından miras qalmış əmlakın ölçülərək müvafiq hüquqmüəyyənedici sənədlərin alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarədən ona 10 iyun 2021-ci il tarixdə ərizəsinin icrasından imtina edilərək bildirilmişdir ki, həmin əmlakda ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə maneə yaradılmış, əmlakın ölçülməsinə şərait yaradılmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, atasından miras qalmış evlərin açarları Cavabdeh2 və Cavabdeh4 Əvvəl qızındadır. Lakin onlar mütəxəssislər gələrkən qapını açmamış, Cavabdeh2 “ancaq mən öldükdən sonra bu evə gələ bilərsiniz” demişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun mərhum qardaşı Tacəddin Süleymanovun oğludur. İddiaçının anası bir göz evə gəlin düşmüşdür. Sonradan qardaşı ilə münasibətləri tutmadığından boşanmışlar. Mahiyyəti üzrə bildirdi ki, mübahisəli əmlak mərhum atalarından qalmışdır. Həmin əmlakda bütün bacı və qardaşların payı vardır. İddiaçı polis və mütəxəssislə sözügedən əmlaka gəlmiş, atasından qalma mirasa yiyələnmək istədiyini bildirmişdir. O, iddiaçıya bildirmişdir ki, gedib ağsaqqal birini gətirsin, oturub danışsınlar. Anası gəlin düşən bir göz otaq qiymətləndirilsin və onun pulu nə qədərdirsə ödəsin. Lakin iddiaçı bununla razılaşmamış, bütün evləri adına keçirmək istəmişdir. Ona görə də əmlaka heç bir mütəxəssisin daxil olmasına icazə verməmişdir. Belə ki, o, hələ gənc yaşlarından işləməyə başlamış, min bir əziyyətdə ev düzüb-qoşmuşdur. Hazırda iddiaçı heç bir haqqı olmadan sözügedən əmlaka yiyələnmək istəyir. Məhkəmədən xahiş edir ki, əmlak qiymətləndirilsin. Onun indiyə kimi apardığı təmir-tikinti işlərinin dəyərini iddiaçı ödəyə bilirsə ödəsin, yaxud iddiaçının anası gəlin düşən otağın dəyərini o ödəsin. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli, **********61 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda 5 fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evləri X5, X8, X5, X10 və X7 məxsusdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 7810 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 məxsusdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 9191 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 məxsusdur. İşdə olan Şəki şəhər VVADQ şöbəsi tərəfindən 17 may 2002-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2002-ci il təvəllüdlü İddiaçı atası X5, anası isə X1r. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 08 fevral 2013-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 01 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə İddiaçı ünvanlanmış 10 iyun 2021-ci il tarixli, **********49 nömrəli bildirişdən görünür ki, təqdim olunan sənədlərə əsasən əmlak üzərində müayinə-ölçü işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamış və torpaq sahəsi üzərində vərəsələr arasında mübahisə olduğu məlum olmuşdur. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində icrası mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 7810 və 9191 inventar nömrəli fərdi yaşayış evləri X3 tam mülkiyyətindədir. X5 01 yanvar 2013-cü il tarixdə vəfat etmiş, Şəki regional "ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən onun yeganə vərəsəsi İddiaçı vərəsəlik işi açılmışdır. İddiaçı atasından qalmış miras əmlakların daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin səlahiyyətli şəxsləri torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə çıxarışın tərtib edilməsi üçün həmin əmlaklara naturada baxış keçirilməsi və müayinə-ölçü işlərinin aparılması üçün həmin əraziyə getsələr də, həmin əmlakın qapısı cavabdehlər tərəfindən açılmamış, müayinə-ölçü işlərinin aparılması mümkün olmamış, cavabdehlər tərəfindən süni maneələr yaradılmışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh2 isə iddianı qəbul etmir. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu»nun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü təqdim edilməlidir. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı mərhum X3 yeganə birinci növbə vərəsəsidir. Həmçinin, iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evləri üzərində mirası qəbul etməsi müəyyən edilmişdir. Odur ki, iddiaçının əmlakdan istifadə etməsinə maneəçilik törədilməsi yolverilməzdir. Bu səbəbdən də iddiaçı fərdi yaşayış evlərinin qapılarının açılmaqla, həmin əmlaklar üzərində ölçmə işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan olunmasını tələb etməkdə haqlıdırlar. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən bağlanmış çöl-həyət, ev qapıları açılmalı, mərhum X2 miras qalmış fərdi yaşayış evləri üzərində ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin nümayəndələri tərəfindən müayinə-ölçü işlərinin aparılmasına yaradılan maneələr cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qadağan edilməlidir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında Cavabdeh4 və Cavabdeh2 tərəfindən bağlanmış çöl-həyət, ev qapıları açılsın və mərhum X2 miras qalmış fərdi yaşayış evləri üzərində ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin nümayəndələri tərəfindən müayinə-ölçü işlərinin aparılmasına yaradılan maneələr Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar