Məhkəmə qərarları › İş №2(075)-1303/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1303/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1303/2021 29.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 270 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı məhkəməyə 28 iyul 2021-ci il tarixdə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28 mart 2011-ci il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X6 adlı övladları olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(075)-3787/2018 saylı qətnaməsi ilə 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, həqiqətən də iddiaçı Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı ilə birgə nikahlarından 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının himayəsinə verilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin iddiaçıya verilməsi qət edilmişdir. Birgə nikahdan doğulmuş uşaqlar 26 iyul 2018ci il tarixdən 16 avqust 2019-cu ilədək onun yanında qalmış, həmin müddət ərzində iddiaçı uşaqları ilə maraqlanmamışdır. İddiaçı 2019-cu ilin avqustunda uşaqları xəbərii olmadan aparmış, məqsədi uşaqlar hesabına qazanc əldə etmək və aliment iddiaları ilə ona problem yaratmaq olmuşdur. Özü heç yerdə işləmir və işsiz kimi qeydiyyatdadır. Əlavə iş yeri və gəliri yoxdur. Bundan başqa yenidən nikaha daxil olmuşdur və həmin nikahdan da iki uşağı var. Həmçinin, Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(075)- 3787/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimenti belə borc-xərclə ödəyir. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Lakin keçən müddət ərzində maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızı ilə Cavabdeh birgə nikahlarından 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X5 və X1 tələbatlarının ödənilməsinin mümkünsüz olması, uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının arasında 28 mart 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 anaları Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızına verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 ataları Cavabdeh, anaları isə Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızıdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində 12 saylı Ərazi Məşğullu Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 18 aprel 2020-ci ildən işaxtaran kimi qeydiyyatdadır və onunla aktiv əmək müqaviləsi mövcud deyildir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, 24 oktyabr 2019-cu il təvəllüdlü X3 və 26 fevral 2021-ci il təvəllüdlü X4 ataları Cavabdeh, anası isə X2r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 171 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh iddianı qəbul etməyərək maddi vəziyyətində dəyişiklik olmadığını qeyd etsə də, məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin təyin edilməsindən 3 ilə yaxın müddət keçmişdir. Bundan başqa 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilsə də, məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı mülki dövriyyə şəraitində 200 manatla uşağın çox cüzi tələblarının ödənilməsi mümkündür. Həmçinin, cavabdeh yenidən nikaha daxil olmuşdur və bu nikahdan da iki uşağı var. Göründüyü kimi Cavabdeh maliyyə vəziyyəti ailə saxlamaq üçün lazımi səviyyədədir və onun məhkəmə iclasında dedikləri iddianın rəddinə yönəlməklə ağlabatan hesab edilmir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Belə ki, cavabdehin daimi iş yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 2(075)-3787/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 may 2012-ci il təvəllüdlü X5 və 22 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat aliment tutularaq Novruzova (Əlimərdanova) Jalə Şahmərdan qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar