Məhkəmə qərarları › İş №2(075)-1312/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1312/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1312/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, cavabdeh X5 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X7, X2, X1 və Nadirova (Ağaverdiyeva) Yeganə Hüseynağa qızına qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 173.06 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iş üzrə Cavabdeh vəfat etdiyi müəyyən edilmiş, onun vərəsələri X7, X2, X1 və Nadirova (Ağaverdiyeva) Yeganə Hüseynağa qızı cavabdeh qismində cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi X6 məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 007A000004629 saylı kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1326.94 ABŞ dolları ödəniş etmiş və onun iddiaçıya 173.06 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh X7 göstərdi ki, Cavabdeh onun əridir və o, xx xxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 007A000004629 saylı kredit müqaviləsinə əsasən sonuncuya aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin krediti sağlığında ödəmişdir. İddiaçı QSC Cavabdeh ilə arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilənin müddətinin bitməsindən 12 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Digər cavabdehlər X2, X1 və Nadirova (Ağaverdiyeva) Yeganə Hüseynağa qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 007A000004629 saylı kredit müqaviləsinə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 1500 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan Şəki şəhər İHB-nin Turan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nin Turan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 554 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, mərhum Cavabdeh xx xxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. Onun aşağıdakı vərəsələri vardır: arvadı – X7, oğlu – X2, oğlu – X1 və Nadirova (Ağaverdiyeva) Yeganə Hüseynağa qızı. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 007A000004629 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İşə məhkəmədə baxılarkən Cavabdeh vəfat etdiyi müəyyən edilmiş, onun vərəsələri cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh X7 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv vəqərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, müqavilə öhdəliyi ilə bağlı yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə tərəflər arasında bağlanmış sığorta aktında başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Belə ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi mövcud olmuş, beləliklə də onlar arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin müddəti xx xxxxxx 2008-ci il tarixdə bitmişdir. Lakin iddiaçı müqavilə öhdəliyi üzrə üç illik tələb etmə müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, bu öhdəliklər üzrə icra müddəti bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Lakin iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini bildiyi halda xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətin ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə tərəfin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı məhkəmədə iştirak etməməklə bunu sübut edə bilməmiş, cavabdeh tərəfindən borcun ödənilmədiyini bildiyi halda məhkəməyə iddia ərizəsi ilə yalnız xx xxxxxx 2020-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2 («Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır»), 375.2-ci («Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır») maddələrini rəhbər tutmaqla bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin oluna bilməz. X8 Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindənvə cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciəttəqdimetdiyindəniddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin “Cavabdeh xeyrinə 173.06 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması” barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar