Məhkəmə qərarları › İş №2(075)-1358/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1358/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1358/2021 20.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4379.51 manat əsas və 292.12 manat faiz borcu olmaqla, cəmi 4671.63 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Camalov Surxay Camaləddin oğlu arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 100000 manat məbləğində 120 ay müddətinə, 30.12.2029-cu il tarixinədək əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 30 dekabr 2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 24% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə boreverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. "xxxx" KB ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu krediti borcluya vermişdir. X4 Camaləddin oğlu 21 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdiyindən bank hazırda ona zamin duran şəxs Cavabdeh qarşı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır. Lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş, kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Hazırda borclunun 03 iyun 2021-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4379.51 manat əsas və 292.12 manat faiz olmaqla, cəmi 4671.63 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, mərhum Camalov Surxay Camaləddin oğlu onun tanışıdır. Camalov Surxay Camaləddin oğlu "xxxx" KB ASC-dən 30 dekabr 2019-cu il tarixdə kredit götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmin tarixdə "xxxx" KB ASC ilə onun arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən o, Surxay Camalovun bank qarşısında sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Zaminliklə bağlı öhdəliklərini başa düşür. Lakin borcu ödəməyə maddi imkanı yoxdur. Belə ki, özü 236 manat maaş alır və başqa gəlir yeri yoxdur. Ailədə ondan başqa işləyən yoxdur. Bütün bunların nəzərə alınaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Camalov Surxay Camaləddin oğlu arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 1475micSHEK/19-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, Camalov Surxay Camaləddin oğluna 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti ayrılmışdır. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Camalov Surxay Camaləddin oğlu arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 1475micSHEK/19 saylı əlavə kredit müqaviləsindən görünür ki, Camalov Surxay Camaləddin oğluna 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Camalov Surxay Camaləddin oğlu götürdüyü 5000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 1475micSHEK/19 zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh Camalov Surxay Camaləddin oğlunun bank qarşısında 30 dekabr 2019-cu il tarixli, 1475micSHEK/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, Camalov Surxay Camaləddin oğlu 21 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Camalov Surxay Camaləddin oğlu arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 1475micSHEK/19 saylı kredit müqaviləsinə əsasən cavabdeh Camalov Surxay Camaləddin oğluna kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 30 dekabr 2019-cu il tarixdə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqavilinə əsasən zamin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit götürən Camalov Surxay Camaləddin oğlu 21 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə baxmayaraq cavabdeh zamin olaraq müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayanMəhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 1475micSHEK/19 zaminlik müqaviləsinin 7.1-ci bəndindən görünür ki, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik tam şəkildə yerinə yetirilənə qədər qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh zaminliyi ilə Camalov Surxay Camaləddin oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə, Cavabdeh kreditor qarşısında həmin şəxsin öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsinə baxmayaraq bank qarşısında öhdəliklərinin icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4379.51 manat əsas və 292.12 manat faiz borcu olmaqla, cəmi 4671.63 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4379.51 manat əsas, 292.12 manat faiz borcu olmaqla, cəmi 4671.63 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar